ARTUR RƏSİ-ZADƏNİN ƏVƏZOLUNMAZLIĞININ SİRRİ -  “Onu nominal baş nazir olmaq qane edir"

Qubad İbadoğlu: “İndiki situasiyada da onun danışmaması daha sərfəli görünür”

Ölkədə bu boyda hadisələr baş verib, amma Artur Rəsi-Zadə susur. Baş nazirin sirri nədir ki, danışmır, dinmir, amma yenə də ölkənin ikinci adamı postunu tutur? A.Rəsi-Zadənin öz mövqeyini qoruyub-saxlamasının səbəbi nədir?

Ölkəmizdə baş verən kəskin devalvasiya, neft gəlirlərinin ciddi şəkildə azalması, bahalıq, narazı elektoratın gündən-günə artması fonunda hamı çevik hökumət qurmaqdan danışır. Baş nazir isə prezidentin müşavirələrində görünür, susur və gedir...

Sanki bu ölkədə baş verənlərin Nazirlər Kabinetinə rəhbərlik edən şəxsə aidiyyəti yoxdur. Bəzi iqtisadçı deputatlar da vaxtaşırı öz müsahibələrində baş nazirin qəbulunda olduqlarını, vəziyyətlə bağlı ciddi müzakirələr apardıqlarını, səsləndirdikləri təkliflərə A.Rəsi-Zadənin həssaslıq nümayiş etdirdiyini vurğulayıblar. Ancaq qəribəsi odur ki, konstitusiya ilə ölkənin ikinci adamı olan baş nazir nədənsə, ictimaiyyət arasında görünməməyə üstünlük verir. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Hadi Rəcəbli də dolayısı ilə hökumət başçısına “ilişib”. “Pensiya yaşı çatıb gününü keçirən məmurlara ”xüdahafiz" deməliyik" deyib. A.Rəsi-Zadənin isə təqaüd yaşından 15 ildən çox keçib. Düzdür, Nazirlər Kabinetindən bildirirlər ki, Artur müəllim hər gün səhər saat 9-a qalmış işə gəlir və iş gününün sonunadək çalışır.

A.Rəsi-Zadənin bu yaşda da postunda saxlanılmasının sirri maraq doğurur. Hətta son vaxtlar islahatların köhnə komanda ilə aparılmasının qeyri-mümkünlüyünün davamlı şəkildə vurğulandığı şəraitdə baş nazirin daha gənc kadrla əvəzlənməməsi müəmmalı görünür.

İqtisadçı alim Qubad İbadoğlu “Yeni Müsavat”a bildirib ki, Azərbaycanda hazırkı siyasi sistemin xarakterinə görə baş nazir nominal persona olmalıdır: “Çünki əslində hakimiyyətin mövcud strukturunda icra hakimiyyətinə prezident rəhbərlik edir. İcra hakimiyyətinin fəaliyyəti də Prezident Administrasiyasından idarə olunur. Nazirlər Kabineti sovet dövründə olduğu kimi, daha çox təsərrüfat işləri ilə məşğuldur. Odur ki, onların nə dövlət siyasətinin müəyyənləşdirilməsində, nə də icrasında əhəmiyyətli rolu yoxdur. Hesab edirəm ki, bu, əsas önəmli amildir”.

Q.İbadoğlu bildirir ki, ikinci amil baş nazirin özünün xarakteri ilə bağlıdır: “Onu nominal baş nazir olmaq qane edir. Çünki danışmaq və bəyanat vermək qabiliyyəti aşağıdır. Baş nazirin ən məşhur çıxışlarından olan ”təzə xiyar bahadır, camaat getsin ucuz turşu xiyar alsın" sözləri olub. Yəni indiki situasiyada da onun danışmaması daha sərfəli görünür". (Musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar