ABŞ depressiyadan necə çıxdı?

Etibar-E-300x300Etibar ƏLİYEV

--------------------

Ötən əsrin əvvəllərində ABŞ-da baş vermiş “Böyük depressiya”nın nəticələri hələ də araşdırılır. Maraqlıdır, ölkəni bürümüş iqtisadi böhran hələ də öz adı ilə çağırılmır, “depressiya” adlandırılır. 5 min bankın çökməsi, onlarda yatan əmanətlərin batması və işsizlərin sayının 16 milyonu ötməsi böhranın gətirdiyi əsas bəlalar sayılır. Bütün bunlar əhalinin psixoloji durumuna ağır zərbə vurduğundan bu dövr “Böyük depressiya” adlandırılır.

Amerikalılar hansısa ərzaq məhsulunu əldə etmək üçün uzun növbələrə dayanırdılar. Kişilər kütləvi şəkildə ailələrini tərk edir, çadırlarda yaşayır, səfil həyat tərzi keçirirdilər. Çoxları elə başa düşürdü ki, qarşıdan gələn II Dünya müharibəsi böhranı daha da dərinləşdirəcək.

Lakin hər şey tərsinə oldu. Amerikalılar II Dünya müharibəsi illərində depressiyadan çıxdılar. 1939-cu ildə ABŞ-ın ümumi daxili məhsulu (ÜDM) 88,6 milyard dollar idisə, 5 il sonra ÜDM-in həcmi 135 milyarda çatdı. Bu arada 12 milyon nəfər orduda xidmətə cəlb olundu. Başqa sözlə, 30 milyon adam özünə məşğulluq tapdı. İndi bəlli olur ki, ABŞ “Böyük depressiya”dan müharibənin hesabına çıxıbmış. Depressiya vəziyyətinə düşən insanların orduya cəlb olunması işsizliyin yarıbayarı azalmasına səbəb olub.

Bununla yanaşı, “Böyük depressiya” illəri ABŞ-da komediyanın və musiqinin çiçəkləndiyi illər sayılır. Böyük ustalığa malik komiklər camaatı güldürmək üçün saatlarla radioda çıxışlar edirmiş. Müğənnilər səhərdən axşama kimi oxuyurmuş. Axı ölkə depressiya vəziyyətində idi. Beləliklə, 80 ildən çox vaxt ötməsinə baxmayaraq, depressiyadan çıxmağın əsas səbəbləri indi tapılıb: müharibə və əyləncə.

Vaxtilə ağır böhrandan sadə üsullar vasitəsilə çıxan ABŞ indi dünyanı bürüyən böhranı idarə edir. Təcrübəsi var. İndiki böhran dalğasında artıq depressiyanın adı çəkilmir. Bunu, sadəcə, iqtisadi böhran adlandırırlar. İnsanların psixoloji durumu artıq maraq kəsb etmir. Ya da belə çıxır ki, böhran insanları hələ depressiya vəziyyətinə salmayıb.

Bir çox ölkələrdə böhranın gündəlik təsiri öyrənilir və əhaliyə izahatlar verilir. İş yerlərinin itirilməsi və insanların güzəranının dəyişməsi haqqında dəqiq statistika tərtib edilməlidir. Çünki bu insan taleyidir.

Ötən əsrin əvvəllərində ABŞ-da baş verənlərin bir qədər oxşarı bizdə var. Komiklər və artistlər televiziya məkanını işğal ediblər. Onların sayı getdikcə artır. ABŞ-dan fərqli olaraq bunlar bizi böhran xatirinə güldürüb, əyləndirə bilmirlər, daha da əsəbləşdirirlər.

Amerikasayağı iş yerləri

Corc Buş iqtisadiyyat üzrə şəxsi müşavirinin 2004-cü ilin fevralında ona təklif etdiyi proqnozdan rəsmən imtina etmişdi. Həmin proqnoza görə, elə həmin ildə ölkədə 2 milyon 600 min iş yerləri açılmalı imiş. “Vaşinqton post” yazırdı: “2002-ci ildə onun administrasiyası belə bir proqnoz vermişdi ki, 2000-ci ilə nisbətən 2003-cü ildə 3,4 milyon yeni əlavə iş yerləri açılacaq. Bununla yanaşı, həm də büdcə kəsirinin 2004-cü ildə 14 milyard dollar olması proqnozlaşdırılmışdı. Nəticə tamam fərqli olmuşdu. Həmin dövrdə 1,7 milyon iş yerləri itirilmiş, 2004-cü ilin büdcə kəsiri 521 milyarda çatmışdı”.

İqtisadçılar nəinki yeni iş yerlərinin açılmasında, həm də büdcə kəsirlərinin proqnozlaşdırılmasında ciddi səhvlərə yol vermişdilər. Baxmayaraq ki, iqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının 90 faizi ABŞ alimləridir. Amerika kimi ölkədə belə şeyləri sığortalamaq bir qədər asandır. Çünki bu ölkənin dünyada qarışmadığı elə bir iş yoxdur: müharibə edir, yardımlar göstərir, terrorizmə qarşı mübarizə aparır, nefti idarə edir və s. Prezidentin işi isə ona görə yüngüldür ki, təklifləri iqtisadçılardan alır. Dar məqamda onları qınamağa haqqı da olur.

İndi biz düşmüşük iqtisadiyyat üzrə Nobel mükafatı laureatı olmayan Elman Rüstəmovun üstünə ki, niyə manat belə oldu, yaxud dollarla götürülən kreditlərin aqibəti necə olacaq?

Elman Rüstəmovun yerinə olsam, hamının acığına Ziyad Səmədzadə kimi Çin iqtisadiyyatından kitab yazaram.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar