Dözərmisən

Nureddin1-240x3001-240x300-240x300

Nurəddin İSMAYIL

-------------------------

Ürəyimin dərdi böyük,

Söylə gülüm, dözərmisən,

Bir ocaqda yanan közük,

Köz dağına dözərmisən.

Hicran dərdi ağır olsa,

Bağça bağda nərgiz solsa,

Kədər, qüssə bizə qalsa,

Bu möhnətə dözərmisən.

Eşq oduna düşdük əzəl,

Əvvəli qəm, sonu gözəl,

Məni mənsiz edən gözəl,

Mən dözənə, dözərmisən,

Bu dünyanın var kələyi,

Var boranı, var küləyi,

Səni sevən bir ürəyi,

İncidib də, dözərmisən.

Könlüm edər ahü-fəqan,

Baxar sənə heyran-heyran,

Mənsiz keçsə sənə dövran,

Mənsizliyə dözərmisən.

 BƏLKƏ KÖNLÜM...

Ömrü verdin bada getdi,

Yanıb döndün külə,külə,

Can bəslədin, o da getdi,

Bəlkə könlüm gülə, gülə.

Dedim durub yazı yazım,

Gözəldəki nazı yazım,

Mizrab vurmur, sazı yazım,

Bəlkə könlüm gülə, gülə.

Zili gəzən, bəmdən olar,

Şehli çiçək nəmdən olar,

Sevinc varsa, qəmdən olar,

Bəlkə könlüm gülə, gülə.

Gözdən axan yaşın olsun,

Baş qoymağa daşın olsun,

Dost sənin sirdaşın olsun,

Bəlkə könlün gülə, gülə.

Gəzdiyin nazdır, işvədir,

Boynu bükük bənövşədir,

Söz səni yaman kövşədir,

Bəlkə könlün gülə, gülə.

Yaş axıb yanağa gələr,

Sevən kəs qınağa gələr,

İpdir, doğanağa gələr,

Bəlkə könlüm gülə, gülə.

30 yanvar 2016

GÖZLƏ GƏLƏR

Eşq dərdinin yox çarəsi,

Bir bəladır, gözlə gələr,

Tutar səni sel-yağışa,

Lal sükutlu sözlə gələr.

Səni səndən alıb gedər,

Eşq oduna salıb gedər,

Ruhuna sarılıb, gedər,

Ay çöhrəli üzlə gələr.

Zünnar bağladar belinə,

Sözün düşər el dilinə,

Yanıb döndüyün külünə,

Sinəndəki közlə gələr.

Haraylayar neylə səni,

Məst eyləyər meylə səni,

Allah bilər, neylər səni,

Buraxdığın izlə gələr.

Dəli-dəli danışdığın,

Oda közə qarışdığın,

Taleyinlə barışdığın,

Gülər üzlün, gözlə, gələr.

26 yanvar 2016

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar