İBN SİNA - AĞLIN VƏ RUHUN YÜKSƏK MƏNƏVİYYAT SİMVOLU

62İlyas İsmayılov,

Ədalət Partiyasının sədri,

hüquq elmləri doktoru

                                “Bütün böyük zəkaların son qisməti yalqızlıqdı"

                                                                      Artur Şopenhauer

Tarix də fəlsəfədir. Lakin bu fəlsəfə obyektiv varlığı fəlsəfi kateqoriyalar və qanunların köməyilə deyil, tarixi nümunələrin - hadisələrin, faktların, şəxsiyyətlərin vasitəsilə dərk etməyi öyrədir. Latınlar demişkən,“tək-tək adamlar ağılla düzü əyridən, xeyiri şərdən ayırd edə bilərlər, əksəriyyət isə daha çox başqalarının taleyindən öyrənər”. Bu mənada, tarixdə özlərini meteor kimi yandıraraq bəşəriyyətin yolunu işıqlandıran insanlar az deyildir. Lakin elə şəxsiyyətlər də var ki, günəşin öz orbitindən həyatverici şüalarını təbiətə bəxş etdiyi kimi, onlar da ağıla əsaslanan ümumi bəşəri sivilizasiya orbitində, əbədi dövri hərəkətdə olaraq insanığa nur saçırlar. Onları bu hərəkət orbitlərindən çıxarmaq, bəşəriyyətin inkişafına təsir qüvvələrini azaltmaq cəhdi qeyri-mümkündür. Bu şəxsiyyətlərin əbədi varlığının mahiyyəti də məhz budur. Belə insanların şəxsiyyət və fəaliyyətlərinin yüksək keyfiyyətlərini adekvat əks etdirən ifadələr, sözlər tapmaq olduqca çətindir. Bunları, adətən, "böyük", "görkəmli", "dahi alim", "filosof", "dövlət xadimi", "müdrik insan" adlandırırlar.

ibn-sina.jpg

Əbu Əli Hüseyn-İbn Abdulla-İbn Əli-İbn Həsən-İbn Sina

Haqqında söhbət açacağımız insanı da bu epitetlərlə yanaşı, həm də xeyirxahlığın, şərəf və ləyaqətin özü və bu mənada təkcə mənsub olduğu xalq və yaşayıb fəaliyyət göstərdiyi dövr üçün deyil, habelə bütün bəşəriyyət üçün ağlın və ruhun yüksək mənəviyyat simvolu adlandırsaq, həqiqətə yaxınlaşmış olarıq. Belə yüksək qiymətə layiq olan insan - Avropada “Avisenna” kimi məşhur olan, müasirlərinin və sonrakı tədqiqatçıların təsdiqinə görə, həqiqətə namusla qulluq etmək rəmzi, sifətində daim azadlıq duvağı və ilahi saflığı nur saçan Əbu Əli Hüseyn-İbn Abdulla-İbn Əli-İbn Həsən-İbn Sinadır. Lakin o, elmin bütün sahələrində ağlasığmaz kəşflər etsə də, öz davranışında çəxsi ləyaqət hissini daim yüksək tutsa da, dövrünün məşhur hökmdarı Mahmud Qəznəvi tərəfindən təqib olunur, ölüm təhlükəsi altında qaçıb didərgin düşür, fəlsəfi görüşləri və fəaliyyəti İslam doqmalarına sığışmadığından, eyni zamanda dindarların maraqlarına uyğun gəlmədiyindən əsərləri müsəlmanlar tərəfindən yandırılırdı. Belə hesab edilirdi ki, sağlamlıq, xəstəlik, ölüm Allahın, necə deyərlər, gizli silahlarıdır, Allah da onların vasitəsilə gözə görünmədən dünyanı tarazlayır, düzəldir; kimin sağlam olması, nə vaxt xəstələnməsi və ölməsi də Allahın əvvəlcədən müəyyən etdiyi alın yazısıdır. İbn Sina isə bunu inkar edərək, ağıl əsasında insanları müalicə edir, bununla da “Allahın işinə qarışır”.

Bütün bu zorakılıqlarda güdülən məqsəd təkcə bir fərdin - İbn Sinanın məhv edilməsi deyildi, əsas etibarilə və başlıca olaraq cəmiyyətdə qorxu xofunun yaradılması idi. Belə hesab edilirdi ki, “qorxu xalqı otaran ən etibarlı çobandır”.

Xalqın ölümcül xəstəliyə - cəhalət epidemiyasına tutulması İbn Sinanı dəhşətə gətirirdi. Doğrudan da, əgər xalq düşünmürsə, yuxarıdan təqdim olunan “həqiqət”lərə kortəbii olaraq inanırsa, göstərişləri müticəsinə yerinə yetirirsə, onda o ölüdür. Axı, insan ancaq düşüncəsi, fikri, təfəkkürü ilə, həyata ağlın gözlərilə baxdığı, necə deyərlər, ağılla dostluq etdiyi zaman gözəldir. Məhz ona görə İbn Sina hesab edirdi ki, insanın nəinki bədənini, ilk növbədə şüurunu, zehnini müalicə etmək lazımdır ki, o, dünyaya qulaqları ilə deyil, ağlın gözlərilə baxa bilsin.

İbn Sinanın bədbəxtliyi təkcə kitablarının yandırılmasında və ölənə qədər düşmənləri tərəfindən müəyyən edilmiş yolda sərsəri həyat keçirməsində, cəlayi-vətən olmasında deyildi. Tarixdə özünə daha yüksək yer tutmamasında onun “günahı” Şərqdə doğulması və müsəlman olmasıydı (Bəzi müəlliflər - BrokqauzEfron onun milliyyətcə ərəb, L.Q. Saldadze və başqaları türk olduğunda israr edirlər - İ.İ.).

İbn Sina cəmi 57 il yaşasa da, tibbdə, fizikada, kimyada, riyaziyyatda, bitkilər və heyvanlar aləminə dair  elmlərdə, astronomiyada, mexanikada, musiqidə, habelə dilçilikdə yaşadığı dövrün çərçivəsinə sığışmayan dahiyanə kəşflər etmişdi. Üstəlik, həm də böyük filosof və şair idi. O, xristian olsaydı, sözsüz ki, dünyada ağıla, təfəkkürə yeganə səcdə mənbəyi olardı.

Xristian aləminə mənsub bəzi alimlər fərdi qaydada İbn Sinanı "dahi", "peyğəmbər", "insanların birinci ağlı" saysalar da, müsəlman olduğuna görə dünyada ona qısqanclıqla yanaşılır, hətta onun bütün yaradıcılığına kölgə salmaq kimi vicdansızlığa da yol verilir. 1922-ci ildə Londonda yazırdılar ki, guya, İbn Sinanın “Kanon” kitabının orta əsrlər tibbinə təsiri olduqca mənfidir. Belə ki, o, həkimləri inandırmağa çalışırdı ki, sillogizmlərdən istifadə etmək (dərk olunmayanı dərk olunmuşlar vasitəsilə dərk etmək) xəstəni birbaşa müşahidə etməkdən yaxşıdır. 1947-ci ildə Amerika alimi T.Miller yazırdı ki, guya, İbn Sina tibbi təcrübəyə heç bir töhfə verməyib. Hətta Hegel də, həqiqətin əleyhinə gedərək, onu “başqasının kitabından köçürən”, “Aristotelin şərhçisi” adlandırmışdı.

1972-ci ildə Londonda çap olunan “Tibbin və cərrahlığın  görkəmli xadimləri” sorğu-arayış kitabçasında Hippokratdan tutmuş iki yüzəcən alimin adı çəkilsə də, İbn Sinaya yer tapılmayıb. Sovet ensiklopedik lüğətində (Moskva,1984-cü il) o, ancaq alim, filosof, müxtəlif hökmdarların yanında vəzir, həkim kimi təqdim olunur. Brokqauz və Efronun ensiklopedik lüğətində isə onun tibbi yaradıcılığı müəyyən mənada orijinallıqdan məhrum edilir, qeyd olunur ki, guya, o, “Kanon” kitabında Qalenin sistemi ilə ümumi oxşar cəhətləri olan tibbi sistem yaratmışdır. Əslində isə “Kanon”un birinci cildində İbn Sina anatomiyanı adı yuxarıda qeyd olunan məşhur yunan alimi Qalendən də üstün, daha dəqiq və tam şərh edir. Şübhəsiz, Qalenin anatomiyası dahiyanə bir kəşf idi və Avropa bundan 1500 il istifadə etmişdir. İbn Sina isə hələ 25 yaşında gözün əzələlərini kəşf edir, gözün tor qişasının həlledici rolunu, gözdə buynuz təbəqənin yeddi növ xəstəliyini təsvir edir, Platon, Aristotel və Qalenin nəzəriyyələrini başdan-başa qaralayaraq, özünün mükəmməl görmə nəzəriyyəsini yaradır. Qalendən fərqli olaraq, kataraktın götürülməsi əməliyyatını, gözün müvafiq olaraq üç maye ilə xarakterizə olunan üç qişasını (birinci qişa - qar (büllur), ikinci - ərimiş şüşə (şüşəvari cisim), üçüncü - yumurta ağı (ön kamerada olan su)) təsvir etmişdi. Mütəxəssislərin haqlı olaraq qeyd etdiklərinə görə, müasir elmdə gözün anatomiyasında istifadə olunan terminlər - gözün əsəbləri, qişa, göz bəbəyi, damarlı qişa, rütubət, şüşəvari vücud, buynuz təbəqəsi - məhz İbn Sinaya məxsusdur.

Tədqiqatçıların yazdıqları kimi, İbn Sina tibb tarixində ilk dəfə olaraq, meningitin (beyin qişalarının iltihabı) dəqiq klassik təsvirini  vermişdir. Amerika nevropatoloqu Kempstonun etirafına görə, indiki zamanda belə, bu təsvirə heç bir əlvə etmək olmaz.

İbn Sina tibb tarixində ilk dəfə olaraq,  plevritin (ağ ciyər pərdəsinin iltihabı), sətəlcəmin, astmanın (təngnəfəslik) tam və dəqiq təsvirini vermiş, vərəmin yoluxucu xəstəlik olduğunu göstərmişdir. Mütəxəssislərin təsdiqinə görə, o, XI əsrdə vərəm xəstəliyini elə dəqiq təsvir etmişdi ki, XX əsrdə belə tibbdə tətbiq olunan rentgen şüaları ona heç bir dəyişiklik edə bilmir.

İbn Sina tibb tarixində ilk dəfə olaraq, bronxial astmanın törəməsində əsəb sisteminin rolunu göstərir. İbn Sinaya görə, bu xəstəlik onurğa beyni və baş beyin əsəblərinin zədə alması nəticəsində baş verir.

İbn Sina tibb tarixində ilk dəfə olaraq, XIX əsrə qədər Avropada ən müəmmalı xəstəlik sayılan quduzluğun əlamətlərini, səbəblərini və müalicəsini təsvir etmişdi. Ancaq 1804-cü ildə Sinko xəstənin ağız suyunun yoluxucu olduğunu eksperimental təsdiq edir. İbn Sina mikroskopun və laboratoriyaların hələ olmadığı XI əsrdə göstərirdi ki, xəstə xəstəliyin şiddətli olduğu zaman kimisə dişləyərsə, onda o da xəstələnər. Onun içdiyi su, yediyi yeməyin qalıqları onları istifadə edənləri də xəstələndirər. O göstərdi ki, quduz itin qara ciyərindən hazırlanmış içki quduzluqdan xilas olmağın ən etibarlı əlacıdır. Ancaq bir necə yüz ildən sonra onun bu fikri peyvənd şəklində öz təsdiqini tapdı.

İbn Sina tibb tarixində ilk dəfə olaraq, XI əsrdə diabet-şəkər xəstəliyi problemini gündəliyə gətirir, xəstənin sidiyində şəkərin olduğunu qeyd edir. Avropada ancaq XVII əsrdə T.Uillis bu fikrə gəlir. İbn Sinanın diabet klinikasına verdiyi xarakteristikaya müasir həkimlər heç bir əlavə edə bilmirlər.

İbn Sina tibb tarixində ilk dəfə olaraq, ürək xəstəliyini, onun digər orqanların xəstəlikləri ilə əlaqəsini göstərir. Bu fikrə müasir tibb elmi ancaq XX əsrdə gəlib çıxır.

İbn Sina tibb tarixində ilk dəfə olaraq, taun xəstəliyinin yoluxucu olduğunu və siçovulun bu xəstəliyin törəməsində rolunu göstərir. Avropa bu fikrə ancaq 1894-cü ildə İersen vasitəsi ilə gəlir.

İbn Sina tibb tarixində ilk dəfə olaraq, sifilisin müalicəsində civəni tətbiq edir, “Sibir xorası”nın təsvirini verir, onun digər xəstəliklərdən fərqləndirici əlamətlərini göstərir. Bu fikrə Avropa ancaq XVIII əsrdə Maren vasitəsi ilə gəlir.

İbn Sina cərrah kimi də nadir bir insan idi. Onun tərəfindən qorxulu şişlərin götürülməsi elə müasir cərrahın təcrübəsi üçün də nümunə ola bilər. Selikli qişada əmələ gələn boz rəngli şişləri o, ilk dəfə olaraq, qorxulu şişlərə aid etmiş, məsləhət görmüşdür ki, onların müalicəsində son dərəcədə ehtiyatlı olsunlar. Bu şişləri nə kəsmək, nə də qaşıyıb silmək olmaz. O, məhz dünyada ilk dəfə olaraq, qaraciyərin xərçənginin iki mərhələsini – erkən növü və serrozu dəqiq fərqləndirmişdir.

Müasirlərinin və tədqiqatçılarının təsdiqinə görə, İbn Sina həm də təngnəfəslik zamanı tənəffüs borusunun yarılması və sonradan yaraların uclarında olan dərilərin tikilməsində mümkün qədər zərərsiz üsulun müəllifidir. Bu sahədə onun məsləhət gördüyü üsul indi də tətbiq olunur. Belə texniki dəqiqlik İbn Sinaya qədər heç kim tərəfindən irəli sürülməmişdir.

İbn Sinanın yaradıcılığını öyrənən tədqiqatçıların rəyincə, o, göz cərrahlığı sahəsində də insanlığa dərin nəzəri bilik və çox böyük təcrübə bəxş etmişdir. Onun tövsiyələri sonradan akademik V.Filatovun “Odessa məktəbi” tərəfindən öyrənilib və tətbiq edilmişdir. İbn Sinanın kəllə sümüklərinin, çənənin, körpücük sümüyünün, sinə-bel sümüklərinin, qabırğaların, onurğa, çiyin, bazu önü, bilək, barmaq, çanaq, omba, baldır, pəncə sümüklərinin yerinə salınma üsulları bu gün də tətbiq olunur və əsas etibarilə, onun üsulu olduğu da etiraf edilir. O, burxulmanın mexanizmini tapıb və bu məsələyə münasibəti bu gün də aktualdır.

İbn Sina həm də bir xəstəliklə digər xəstəliyin müalicə olunmasını, başqa sözlə, qıcıqlandırıcı terapiya prinsipini irəli sürmüşdür. Məhz İbn Sinanın bu fikrini əsaslandırdığına görə, Y.Vaqner-Yaurek 1927-ci ildə Nobel mükafatı almışdır. Bu və ya digər fizioloji funksiyaların və psixoloji proseslərin səbəbi olan beyinin ayrı-ayrı sahələrinin lokallaşması fikri də İbn Sinaya məxsusdur. Sonradan bu fikir eksperimental və kliniki təsdiqini taparaq, neyrocərrahiyyənin, nevrologiya, psixologiya və psixiatriya kimi elmlərin əsasını təşkil etdi...

Bizim məqsədimiz heç də İbn Sinanın bütün sayısız-hesabsız kəşflərini sadalamaq deyil. Biz oxucuların diqqətini konkret faktlara cəlb edərək, onun haqqını dananların qərəzli olduqlarını, haqqa deyil, yalana xidmət etdiklərini göstərməklə yanaşı, həm də və əsas etibarilə həmvətənlərimizi bu əvəzsiz və müqayisəolunmaz nəhəngin, məhz bəşəriyyətin birinci ağlının həyatından və yaradıcılığından öyrənməyə çağırmaq niyyətini güdürük.

İbn Sinanın öz həyatında və fəaliyyətində rəhbər tutduğu, bəşəriyyətə məsləhət gördüyü mənəvi dəyər –həqiqətə, ədalətə qulluq etmək, yalanı, zorakılığı insan münasibətlərindən silib atmaqdır. O, hər bir formada zorakılığı, Siseron demişkən, “vəhşiliyin qanunu”, yalanı isə “insan münasibətlərinə çirkinlik, hörmətsizlik gətirən hal” kimi rədd edirdi. Yalan, əgər fərd tərəfindən edilirsə - başqa fərdlərə, yox, əgər dövlət tərəfindən buna yol verilirsə - yumşaq desək, xalqa qarşı hörmətsizlikdir.

Doğrudan da stabil iqtisadi inkişaf və mənəvi dirçəliş o cəmiyyətdə daha uğurla baş verər ki, orada insan münasibətlərində, xüsusilə də hakimiyyət və vətəndaş arasında yaranan böhrana, müxtəlif formalarda ifadə olunan zorakılıqlara deyil, məhz həqiqətə, ədalətə üstünlük verilsin. Heç də təsadüfi deyil ki, Asiya xalqlarının dünya haqqında ilk təsəvvürlərini əks etdirən “Avesta”da deyilir ki, yalan danışan atla çapıb gedə bilməz. Odur ki, ədalətli adam heç vaxt yalan danışmaz, riyakarlığa, fırıldağa yol verməz, həmişə doğruçu olar. Çünki ədalətlilik insana əsil ucalıq gətirən ilahi keyfiyyətdir. Bu keyfiyyət də təkcə hakimiyyət nümayəndələrinə (əlbəttə, ədalətlilik onların, necə deyərlər, yaraşığıdır) deyil, sadə insanlara da xas olmalıdır, onların digərləri ilə - qohumları, dostları, habelə düşmənləri ilə münasibətlərində belə, öz təsdiqini tapmalıdır. Ədalətli insanlar cəsarətli, igid adamlarla bərabər cəmiyyətdə hörmətli tutular, lakin onlardan fərqli olaraq, həm də sevilər, hamı onlara inanar, etibar edər; qoçaq, cəsarətli adamlardan isə bəzən qorxar, çəkinərlər; ağıllı, ehtiyatlı adamlara isə heç də həmişə etibar etməzlər. Bundan başqa, hesab edərlər ki, bu insanlar məhz təbiətin onlara bəxş etdiyi keyfiyyətləri ilə fərqlənirlər. Ədalətli adamlarda isə iradə çox güclü olar. Onlar təbiətcə mülayim, xarakter etibarilə vicdanlı olarlar, ictimai fəaliyyətlərində nə xalqın rəğbətini qazanmağa, nə də şöhrətə can atmazlar, ancaq mətanət, ədalət nümayiş etdirərlər, xalqımızın “bir saatlıq ədalət, yüz illik ibadətə bərabərdir” həqiqətinə qulluq edərlər.

İbn Sina kimi bir aləmlə (Bəlx şəhərində doğulmuş atası Abdulla, Buxara ətrafındakı Əfşanə kəndində dünyaya gəlmiş anası Sitarə, - İbn Sinanın gözəl tədqiqatçısı L.Q. Saldadzenin çox sərrastlıqla qeyd etdiyi kimi, - rastlaşırlar və bu iki insan bütöv bir aləmi – İbn Sinanı yaradırlar) tanışlıq başqa bir qanunun əsrlər keçsə də bu gün də çox aktual olduğunu dilə gətirir. Vaxtilə xalqımızın dini doqma kimi gözlədiyi bu qanun həyatda ikinci varlıq sayılan dostluqdur.

Bütün insanların birliyi, vahidliyi filosof kimi İbn Sinanın əsas müddəası idi. O, yunan Hippokrat, Qalen, Aristotel, romalı Sels, hindistanlı Çaraka, çinli Xua To, türk Fərabi və başqaları ilə mənəvi dost-qardaş kimi qiyabi olaraq danışır, onların elmlərinə yiyələnərək, daha da inkişaf etdirir. İbn Sina Hippokratdan cərrahlığı, ümumi diaqnostikanı, yaraların, xüsusən də dərin irinli yaraların müalicəsini, xarici mühitin insanın formalaşmasında rolunu, təbiət və insanın vəhdətini, ən başlıcası isə, insansevərliyi öyrənir. Nəticədə “Hippokratı çox sevirəm, ancaq hər şeyi yenidən yoxlamaq lazımdır” qənaətinə gəlir. Qalendən anatomiyanı öyrənir, ömrü boyu kitabını özü ilə gəzdirir. Fransanın milli kitabxanasında bu gün də saxlanılan bu kitabın üzərinə öz əlilə “Bu kitab özünü həkim hesab edən yazıq İbn Hüseyn-İbn Abdulla-İbn Sinanın kitabıdır” yazır. Aristoteldən məntiqi, Fərabidən universal elm olan metafizikanı öyrənir. Çarkadan iltihabın klassik təsvirini, onun qanqrenaya (bədən toxumalarının çürüməsi) keçməsini, bu baxımdan cərrahi əməliyyatdan qabaq alətlərin gül yağında qaynadılmasını, sidik kisəsindən daşları çıxarmaq üçün onların xırdalanmasını, əl-ayaqların kəsilməsini, düz bağırsağın yarılması və dağlanmasını öyrənir... Selsin tibbi biliklərin ensiklopediyası sayılan səkkiz kitabını oxuyaraq, ondan cərrahlığı, xüsusilə də qarın boşluğunun kəsilməsini, kəllə sümüyünün deşilməsi əməliyyatını və s. öyrənir. Xua To və Çin tibb elminin digər nümayəndələrindən, müasir terminlərlə desək, narkozun tətbiqi ilə cərrahi əməliyyatların edilməsini, nəbz haqqında təlimi, iynə ilə müalicəni öyrənir. Yəhudi Masixi, elminə və sədaqətinə heyran olduğu ən böyük dostu idi. Məhz Masixi onu tibb elminin gözqamaşdırıcı günəşi saydığı Hippokratla tanış edir, İbn Sinanı öyrədir ki, tibbə hər bir konkret hala uyğun ümumi resept kimi deyil, məhz elm kimi yanaşsın, hərtərəfli və dərin bilik əldə etməklə yanaşı, həm də insansevər olsun. O, “həkim üçün düşmən yoxdur” deyərdi. Masixi bütün mühazirələrini Hippokratın bu sözləriylə başlayırdı: "Ancaq tibb elminə yiyələnən həkim deyil, əsl həkim - insansevər olar”.

Masixi İbn Sinaya tövsiyə edir ki, həkimlik sənətinə aid bütün bilikləri birləşdirən bir sistem yaratsın. Bu təklifdən sonra 15 il ərzində (1005-1020-ci illər) həkimlik fəaliyyətinə həsr etdiyi “Kanon”un birinci cildini yazır (“Kanon” müasir nəşrdə 6 kitabdan, 200 çap vərəqindən, böyük formatda 5000 səhifədən ibarətdir). İbn Sinanın tədqiqatçılarının haqlı olaraq qeyd etdikləri kimi, “Kanon” tibb elminin ən duru, ən şəffaf həyatverici suyudur. XVIII əsrədək bütün Avropa 600 il ərzində bu dirilik suyundan içmişdir. Şübhəsiz, yuxarıda ötəri qeyd edildiyi kimi, min illərlə həkimlik elmi sahəsində təcrübə və bilik mövcud idi. Məhz İbn Sina bu təcrübəni öyrəndi, bilikləri mistikadan təmizlədi, öz təcrübəsində ümumnəzəri məsələləri təsdiqlədi, öz biliyi ilə olmuşları təkmilləşdirdi və mahiyyət etibarilə yeni mükəmməl bir sistem yaratdı.

İbn Sinanın həyat və fəaliyyətindən bu gün də öyrənilməsi çox aktual olan digər bir nəticə də budur: səbrli olarsansa, əzab-əziyyət ləzzətə, zövq və nəşəyə çevrilər; bəla insana ona görə verilir ki, o, daha da yüksəyə ucalsın; öz uğursuzluqlarında kimlərisə ittiham etmək düzgün yol deyil, öz həyatını təhlil etsən, daha yaxşı olar.

İbn Sina ayrı-ayrı hökmdarların vəziri kimi (1019-cu ildə Həmədan hökmdarı Şəms-əd-Dövlə ona “Səltənətin şərəfi” titulunu vermişdi - İ.İ.)  dövlət-hüquq problemlərinə  də toxunur, xüsusilə qanunvericilik hakimiyyətinin, ədalətli qanunların rolunu yüksək qiymətləndirirdi. Onun bu sahədəki fikirlərini tezis şəklində belə ifadə etmək olar:

- Hər hansı bir din yaradan insan hələ peyğəmbər deyildir; peyğəmbər insanların yaxşı yaşaması üçün qanun yaradandır;

- İnsan ancaq öz gücünə arxalanaraq tək yaşaya bilməz. İnsanların yaxşı yaşamaları  üçün birgə çalışmaları və ədalətli normaları gözləmək lazımdır;

- İnsan cəmiyyətində xeyirxah işlər görmək üçün, gələcəyi görmək qabiliyyətinə malik olan yaxşı qanunverici gərəkdir. Qanunları hazırlayarkən, qanunverici xalqın mənəvi xüsusiyyətlərini və onu ədalətə sövq edən adət-ənənələrini nəzərə almalıdır. Çünki ədalət hər bir davranışın yaraşığıdır;

- Xalqın adından çıxış edən hökmdar isə ilk növbədə öz nöqsanlarını, çatışmazlıqlarını görüb, onları aradan qaldırmalı, ancaq bundan sonra başqalarında yaxşı keyfiyyətlər tərbiyə etməyə mənəvi haqqı ola bilər və s.

Yuxarıda qeyd olunduğu kimi, haqqa, ədalətə və dostluğa dini doqma kimi sitayiş etmək xalqımızın həyat qanunu idi.

...Bəlkə, əsrlər boyu hücumlara, təqiblərə məruz qalan, bütövlükdə məhv olma təhlükəsi ilə mütəmadi olaraq üzləşən xalqımızı ədalətə, haqqa söykənmək, dostluğa sədaqət qoruyub saxlamışdı?

...Bəlkə, indiki acınacaqlı vəziyyətimizə də səbəb bu qanunları pozaraq Vətəni, xalqı unudub, şəxsi, eqoist və rəzil maraqlar naminə yalana, böhtana, riyakarlığa, xəyanətə rəvac verməyimizdir?

...Bəlkə də!!! 

(Strateq.az)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar