"ARTUR MÜƏLLİM POSTUNU TƏHVİL VERMƏK İSTƏYİR, AMMA.." - Vahid Əhmədovla müsahibə

“Hacıbala Abutalıbov özünü çox ağıllı hesab edir, elə də başa düşür ki, ömrü boyu Bakının meri olmalıdır”

"Niyə Özəlləşdirmə Komitəsi, Kərəm Həsənov maraqlanmır ki, nə üçün o zavodlar işləmir, o zavodları alanlar kimdir, kim alıb qapısına qıfıl vurub?"

Hökumət Evinin qarşısından başlayan, dənizkənarı boyunca davam edən söhbətimizdə bir sıra maraqlı məqamlar da xatırlandı, istiqlalımızın qazanılmasından, indi ralli yarışmasına görə çəpərlənən Azadlıq meydanındakı izdihamlı günlərdən də bəhs etdik. Ancaq bu gün ölkə əhalisini narahat edən çox ciddi məsələlər var deyə, söhbətin bu hissəsini gələcəyə saxladıq. Beləliklə, "Yeni Müsavat"ın Milli Məclisin istiqlalçı deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovla müsahibəni təqdim edirik:

- Vahid bəy, 10 min dollaradək bank kreditlərinin köhnə məzənnə ilə hesablanmasını təklif etmişdiniz. Maliyyə naziri Samir Şərifovunsa son sözü belə oldu ki, bank xeyriyyə cəmiyyəti deyil. Bu arqumentlə razılaşırsınız?

-Ümumiyyətlə, bu açıqlamalar bir-birini təkzib edir. Qeyd edir ki, banklar xeyriyyə cəmiyyəti deyil. Amma digər tərəfdən də deyir ki, banklar vaxtilə 30-35 faizlik kredit verməklə çox böyük gəlirlər əldə edib və bankla müştəri arasında bu məsələlər öz həllini tapsın. Ümumi götürəndə söhbət ondan getmir ki, cənab maliyyə naziri nə deyir, bu, onun fikridir. Mənim də millət vəkili olaraq şəxsi fikirlərim, təkliflərim var. Hansı ki, bunlar müəyyən qədər razılaşdırılmışdı.

- Mərkəzi Bankla?

- Bəli. Özü də bu təklif bizdən gəlməmişdi, Mərkəzi Bankdan gəlmişdi, biz də dəstəkləmişdik. Yəni 10 min dollara qədər olan kreditlər köhnə məzənnə ilə ödəniləcək. Mərkəzi Bankın ehtiyatı da var, manatın devalvasiyasından müəyyən qədər vəsait əldə  edib.

- Nə qədərdir bu ehtiyatın həcmi?

-7-8 milyarda yaxın vəsait var. İndi bundan 250 - 300 milyon manat ayırıb vermək olar. Deyirlər yox, biz dollar kreditlərini nəzərə alsaq, digər krediti olan insanlar deyəcəklər bizə də güzəştə gedin. Amma bunlar fərqli adamlardır. 10 min dollara qədər olan kreditlər faktiki istehlak kreditləridir, hansı ki, çox yüksək faizlərlə verilib və insanların gündəlik tələbatının ödənilməsi üçün istifadə olunub.

-Elə isə Samir Şərifovla Elman Rüstəmov arasında bu məsələ ilə bağlı  fikirayrılığının yaranmasına səbəb nədir?

- Elman Rüstəmov da deyir ki, bu kreditlərin  köhnə məzənnə ilə ödənilməməsi məsələsi ümumi, razılaşdırılmış bir fikirdir. Amma mən öz fikrimdə qalıram və hesab edirəm ki, dövlət başçısı, cənab İlham Əliyev bütün çıxışlarında və gördüyü işlərdə əhalinin sosial müdafiəsinə çox böyük diqqət yetirir. Bu məsələ də birbaşa sosial müdafiə məsələsi olduğu üçün yəqin ki, prezident öz münasibətini bildirəcək. Son söz prezidentindir, humanist bir insandır, vəziyyəti çox yaxşı bilir. Mən fikir verirəm, son vaxtlar iqtisadi islahatların bütün koordinasiyasını cənab prezident aparır.

- Bu, düzgündürmü? Bəs, hökumət, Nazirlər Kabineti?

- Dünyada neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi, milli valyutanın devalvasiyası ilə əlaqədar olaraq prezidentin bu işə qarışmasını normal hesab edirəm. Əlbəttə, normal hökumət olarsa, çevik bir hökumət fəaliyyət göstərərsə, prezident yalnız xüsusi strateji əhəmiyyət kəsb edən məsələlərdə müdaxilə edərdi. Amma görünür ki, indiki şərait prezidentin müdaxiləsini zəruri edir.

- Onda belə deyək, hökumət niyə xalqa, lap elə dövlət başçısına kömək etmir, önə çıxmır?

- “Kömək etmir” demək olmaz, hökumət az-çox çalışır. Önə çıxmır deyəndə, cənab prezident öz sinəsini verib qabağa, bu işləri aparır və öhdəsindən də çox məharətlə gəlir. Xüsusilə ilk devalvasiyadan sonra mən baxmışam, verilən qərarlar, fərmanlar, parlamentin fövqəladə iclasında 7 qanuna dəyişiklik edilməsi, 1 əlavə qanunun qəbulu cənab prezidentin təşəbbüsü nəticəsində olub. Əlbəttə, hökumət üzvləri də müəyyən təkliflərlə çıxış edib. Belə məqamda əlbəttə müəyyən koordinasiyaya ehtiyac var. Təbii ki, bu koordinasiyanı hökumət aparmalıdır. Yalnız çətin anlarda dövlət başçısı müdaxilə etməlidir. Prezidentin onsuz da işləri həddən artıqdır, onun qarşısında digər ciddi məsələlər, xarici siyasət məsələləri, Dağlıq Qarabağ problemi var.

- Belə hesab olunur ki, hökumət Azərbaycanda ciddi iqtisadi böhranın olmayacağı barədə ilbəil verdiyi hesabatlarla dövlət başçısını da inandırıb. Əgər vaxtında addımlar atılsaydı, vəziyyət başqa cür olardı. Elə isə bugünkü durumda hökumət öz günahını yumaq üçün nə etməlidir?

- Mən və həmkarlarım dəfələrlə Milli Məclisdə demişik ki, ölkədə postneft dövrünə hazırlaşmaq lazımdır. Yəni sabah neftin qiyməti, hasilatı aşağı düşəndə dövlətin büdcəsi, əhalimiz ciddi çətinliklərlə üz-üzə gəlməsin. Çox təəssüf ki, biz çətinliklərlə üz-üzə gəldik, neftin qiyməti bir il ərzində 4 dəfə aşağı düşdü. Bu, gözlənilən deyildi. Cənab prezidentin dediyi kimi, bu,  sırf siyasi məsələdir, nə qədər davam edəcək, heç kəs bilmir. Bu, bizimçün gözlənilməz olsa da, böyük imkanlarımız var idi. Mənə qəribə gəlir, 2004-2006-cı ildə “Regionların iqtisadi inkişafı proqramı” ilə əlaqədar “Gülüstan” sarayında böyük bir yığıncaqda prezident çıxış etdi və hökumətə tövsiyə elədi ki, iki məsələ ilə - ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi və qeyri-neft sektorunun inkişafı ilə ciddi məşğul olun. 10 il bundan qabaq Azərbaycan hökuməti özünə dərs götürməli, bu sahələri inkişaf etdirmək üçün addımlar atmalı idi. Müəyyən işlər görüldü, qeyri-neft sektorunda 12 faiz inkişaf oldu, amma bu, ölkəyə yüksək gəlirlər gətirmədi, ixrac yönümlü məhsulları artırmadı. Xaricdən daxil olan valyutada qeyri-neft sektorunun payı həddən artıq azdır, hardasa 6-7 faizdir. Yəni bu məsələlərlə çox ciddi məşğul olmaq lazımdır. Ona görə də cənab prezident məcbur oldu ki, faktiki olaraq bu missiyanı öz üzərinə götürsün.

- Parlamentin yaz sessiyası başlayır. Siz deyən kimi, çevik, islahatlara hazır bir hökumətin formalaşdırılması barədə məsələ qaldırılacaqmı?

- İndiki şəraitdən çıxmaq, sosial-iqtisadi problemləri həll etmək üçün, əlbəttə ki, çevik hökumətə ehtiyac var. Düzdür, bəzi kadrlar əvəzlənib, amma bu islahatları tez bir zamanda tamamlamaq lazımdır. Çevik bir hökumət qurmaq lazımdır ki, qanunların qəbulunda, qərarların verilməsində çeviklik hiss olunsun, buna ciddi ehtiyac var.

- Hətta həmkarınız Hadi Rəcəbli təqaüd yaşı çatanları yola salmağa çağırdı. Deputat Fəzail İbrahimli nazirləri kəskin tənqid etdi, həmçinin digər həmkarınız Zahid Oruc dəfələrlə məmurları sərt tənqidi ilə diqqət çəkib. Bütün bunlar hətta parlamentin hökumətdən narazı olduğu qənaətini yaradır...

- Çox deyilir ki, pensiya yaşına çatanlar getsin. Amma elə insanlar var ki, pensiya yaşına çatıb, amma dövlətimiz üçün cavanlardan daha çox çalışır. Bütün dövlətlər islahatları aparmaq üçün ekspert dəvət edəndə daha çox təcrübəli şəxsləri, texnokratları dəvət edirlər. Azərbaycanda həm instisuonal, həm iqtisadi islahatlara gedilməsinə böyük ehtiyac var.

- Görünən budur ki, hökumət bu gün əhaliyə konkret nəsə təklif etməyə tələsmir, sanki nəyisə gözləyir...

- İkinci devalvasiyadan sonra İqtisadiyyat Nazirliyi çox ciddi təkliflər irəli sürüb. Mənim şəxsən iqtisadiyyat naziri ilə görüşüm olub, nə işlər görüləcək, onlarla tanışam. Cənab nazir Milli Məclisin fövqəladə iclasında çıxış etdi, dedi ki, biz 1,5 milyard manatlıq 150 layihə həyata keçirtməliyik və bu layihə də bütün rayonları əhatə edəcək, təqribən 20 minə yaxın iş yeri deməkdir. Yəni belə tədbirlər var. Mən Şahin Mustafayevlə görüşəndə də dedim ki, çalışmaq lazımdır bütün rayonları əhatə eləsin və iki ildən sonra deyək ki, Azərbaycanda qeyri-neft sektoru yüksək səviyyədədir, neft oldu-olmadı ixracımız da var, idxalımız da.

- Bəs, bu işlər indiyə qədər, neft pullarının axdığı dövrdə niyə görülmürdü, kim idi mane olan?

- İndiyə qədər arxayınçılıq var idi. Arxayın idilər ki, neft elə həmişə olacaq, Azərbaycana pullar gələcək və bunu istədikləri kimi xərcləyəcəklər. Bu gün ən ciddi məsələ qeyri-neft sektorunun - kənd təsərrüfatı, sənaye, turizmin inkişafıdır. Kənd təsərrüfatında imkanlarımız çox böyükdür, işlək əhalinin 38-40 faizi kənd təsərrüfatı ilə məşğuldur. Burada emal sahələri, İmişlidəki kimi, iri fermer təsərrüfatları yaratmaq lazımdır.

- Siz həmişə kəndlilərin Quba almasını sata bilməməsindən şikayətlənmisiniz, hökumətə də sözünüzü demisiniz...    

- İndi də deyirəm. Qubada sovet dövründə 3 konserv zavodu olub. Bu gün onların biri işləyir, digər ikisi alınıb, ağzına qıfıl vurulub, cənab prezident dediyi kimi, qalıb orda. Niyə Özəlləşdirmə Komitəsi, Kərəm Həsənov maraqlanmır ki, nə üçün o zavodlar işləmir, o zavodları alanlar kimdir, kim alıb qapısına qıfıl vurub? Hər dəfə büdcə müzakirələri və hökumətin hesabatında mən və cənab Yevda Abramov bu məsələni qaldırmışıq. Amma məsələ öz həllini tapmayıb. İndi cənab prezident ikinci özəlləşdirməyə gedilməsinə göstəriş verib. Özəlləşdirəndə müəssisənin hesabatını da aparmaq lazımdır ki, necə özəlləşib ki, işləmir?

- Əkilməyən pay torpaqlarının geri alınması barədə qanuna əlavə edildi. Bəlkə işləməyən müəssisələr də yenidən özəlləşdirməyə açıq elan olunsun? 

- Tamamilə doğrudur. Qubada üç konserv zavodu işləsəydi, heç bir problemimiz olmazdı, özümüzü də təmin edərdik, hətta məhsulumuzu xaricə də çıxara bilərdik. İndi cənab prezident sərəncam və göstərişlərini verdi, görək, onun icrası necə həyata keçiriləcək. İcranın üzərində nəzarət mexanizmi qurulmalıdır ki, məsələlər öz həllini tapsın.

- Bakı meri Hacıbala Abutalıbov deyir ki, əgər məndən ağıllı kadr olsa, məmnuniyyətlə postu təhvil verməyə hazıram. Doğrudanmı ölkədə bu dərəcədə kadr problemi var?

- Görürəm ki, Hacıbala Abutalıbov özünü çox ağıllı hesab edir. Həm də elə hesab edir ki, Azərbaycanın iqtisadiyyatını, təsərrüfatını bilən insanlar yoxdur. Elə də başa düşür ki, ömrü boyu Bakının meri olmalıdır və onu kimsə əvəz edə bilməz. Əvəzolunmaz şəxs yoxdur, bunu cənab İlham Əliyev bəzi nazirləri vəzifəsindən götürməklə bir daha sübut etdi. Kimsə düşünməsin ki, nazir təyin ediblərsə, ömrü boyu işləyəcək. Elə şey yoxdur. Ona görə də Abutalıbov tamamilə səhv fikirdədir. Vəzifəli şəxsin belə fikir söyləməsi düzgün deyil.

- Hökumət hər il 2-3 dəfə Milli Məclisə gəlirdi, müzakirələr olurdu, büdcə və ya hesabatlar yüksək səs çoxluğu ilə qəbul edilirdi, məsələ bitirdi. Bu mənada ölkədəki vəziyyətə görə parlamentin məsuliyyəti nə qədərdir?

- Mən artıq 11-ci ildir İqtisadi siyasət komitəsinin üzvüyəm, həmişə də öz fikirlərimi açıq, demokratik şəkildə bildirmişəm. Hökuməti də, istənilən naziri də tənqid etmişəm. Azərbaycanın müstəqilliyinə səs verən bir adamam, mənim üçün Azərbaycanın müstəqilliyindən önəmli heç nə yoxdur. Heç vaxt qəbul edə bilmərəm ki, müstəqilliyimizə nəsə bir xələl gəlsin. Bu illərdə təkliflərimizin qəbul olunanı da, olunmayanı da olub. Açığı, komitə iclasları həmişə çox gərgin keçir, nəinki plenar iclaslar. Mən, Əli Məsimli, digər həmkarlarımız öz fikrimizi deyirik. Hətta bizə iradlar da tuturlar ki, çox sərt danışırdınız. Sərt danışmırıq, olanı deyirik. Əgər biz gedən prosesdə istədiyimizə nail ola bilməmişiksə, postneft dövrünə yaxşı çıxmamışıqsa, əlbəttə, parlamentin də günahı var. Amma belə bir vaxtda istefa məsələsini qoymaq, mitinqlər təşkil etməyi qəbul etmirəm. İndiki zamanda daha çox birləşmək lazımdır ki, insanlar bir yerdə olsun, bir-birinə kömək etsin. Bu gün hətta hökumətin iqtisadi komandasında da fikir ayrılıqları var. Məsələn, maliyyə naziri bir fikri deyir, Mərkəzi Bank rəhbərliyi isə onunla razılaşmır, başqasını deyir.

- Artur müəllimsə heç nə demir...  

- Mən Artur Rasi-Zadə ilə bir yerdə işləmişəm, savadlı mühəndis, təvazökar insandır, işini bilən adamdır, ona böyük hörmətim var. Tez-tez telefonla danışıram. Açığını deyim, vəziyyətlə bağlı o da narahatdır.

- Bəs, postunu təhvil vermək barədə düşünürmü? 

- Cənab prezident məsləhət bilsə, təhvil verəcək, postundan ikiəlli yapışmayıb ki. Bəlkə də Artur müəllim postunu təhvil vermək istəyir, amma icazə vermirlər.

- Demək olarmı ki, bu gün ölkə çarəsiz duruma düşüb?

- Yox, belə demək doğru olmaz. 1992-93-cü illərdə, mən baş nazirin 1-ci müavini olanda bizim vəziyyətimiz bundan yüz dəfə ağır idi. Heç taxıl almağa pulumuz yox idi, nə BTC vardı, nə Bakı-Qars dəmir yolu. Amma ona-buna yalvarmaqla taxıl alırdıq. Amma o vəziyyətdən çıxdıq və müstəqilliyimizi itirmədik. İlham Əliyevin atdığı addımlar riskli, ağır da olsa, çox müsbət addımlardır. Amma dediyim kimi, çevik hökumət olmalıdır. Hökumət gecə-gündüz işləməlidir, onunçün şənbə-bazar olmamalıdır...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar