RUSİYA-ÇİN İTTİFAQI – ABŞ bu yaxınlaşmadan qorxmalıdırmı?

Çin və Rusiya təhlükəsizlik, iqtisadi və diplomatik sferada ikitərəfli əlaqələri genişləndirərək, Asiya–Sakit okean regionundakı təhlükəli vəziyyəti bir qədər də mürəkkəbləşdirirlər.

Bir çox anlitiklər güclənən bu cür qarşılıqlı əməkdaşlığın dünyada hökm sürən mövcud Qərb nizam qaydalarını pozmaq və ABŞ-ın regiondakı strateji təsir imkanlarını azaltmaq məqsədi daşıdığını söyləyirlər. Lakin vəziyyəti belə qiymətləndirənlərin əsas arqumentləri Pekin ilə Moskva arasındakı qarşılıqlı maddi bağlılıq amilinə söykənir. Ona görə də, onlar tərəflər arasındakı münasibətlərə təsir göstərən tarixi normativləri əhəmiyyətə almırlar.

Əslində Rusiya-Çin oxunun Qərbə qarşı düşmən və ya aqressiv çalarlarda təqdim olunması, iki ölkə arasındakı tarixi və ideoloji əlaqayə bağlıdır ki, bunun da əsas səbəbi Rusiya və Çindəki avtoritar dövlət idarəetmə metodundan irəli gəlir. Bu cür sərt idarəetmə stili bəzi analitiklərə Rusiya və Çinin Qərbə qarşı müştərək inamsızlığı kimi görünür. Həmin analitiklərin pessimist qiymətləndirmələrinə əsasən, guya öz milli maraqlarını qorumaq üçün Rusiya və Çin güc tətbiqinə hazırlaşaraq, mövcud dünya qaydalarına meydan oxumağa çalışırlar.

Rusiyanın Ukraynada, Çinin isə Çənubi-Çin dənizindəki fəaliyyətləri, hər iki dövlətin köhnə ərazi iddialarını hərbi metodlarla reallaşdırmaq istəyində olmasını göstərir. Bu nöqteyi-nəzərə görə, Çin və Rusiya öz aralarında yarış keçirərək, Latın Amerikasının anti-demokratik və anti-ABŞ rejimlərini silahlandırırlar. Heç şübhə yoxdur ki, Rusiya və Çin öz hərbi gəmilərinin keçidini təşkil edəcək Nikaraquadakı transokean kanalının tikintisinə kömək edirlər. Hər iki ölkə ABŞ-ın Suriya və İrandakı düşmənlərini dəstəkləyir.

Rusiya və Çin BMT-nin Təhlükəsizlik Şurasında veto hüququndan yararlanaraq, diplomatik sferada daha çox ümumi maraq nümayiş etdirirlər. Son 10 il ərzində Çin həmin hüquqdan altı dəfə istifadə edib ki, bunu da onlar Moskva ilə birlikdə həyata keçiriblər. Veto hüququndan bu cür istifadə olunması, Amerikanın Yaxın Şərqdəki hərbi müdaxiləsinin tempini ləngitməyə yardım edir və belə vasitələrdən istifadə, Qərbin liderliyinə qarşı çıxmaq kimi dəyərləndirilir.

İqtisadi sferada Çin və Rusiya ”Asiya İnfrastruktur İnvestisiya Bankı” və BRİKS–in “İnkişaf Bankı” kimi yeni kommersiya institutlarının yaradılmasında əməkdaşlıq edirlər. Digər yandan isə hər iki dövlət, Çin tərəfindən yaradılmış “İpək yolu iqtisadi zolağı” və Rusiyanın yaratdığı “Avrasiya İqtisadi ittifaqı”nın formalaşması məsələsində ümumi mövqelərdən çıxış etməyi planlaşdırıblar.

2011-ci ildə Çin Rusiyanın ən böyük ticarət tərəfdaşı oldu və təkcə son 12 ayda Çinin bu ölkəyə qoyduğu sərmayə 80% artdı. Ümumi yekunda isə ikitərəfli illik ticarət həcmi 100 milyard dollara qədər yüksəldi. Ən yaddaqalan nailiyyət isə 400 milyard dollar həcmindəki neft-qaz kəmərinin tikintisi ilə bağlı müqavilədir. Bu müqaviləyə əsasən Sibirin Çayandinsk neft-qaz kondensatı yatağı Çinlə birləşdiriləcək. Bələ bir şəraitdə tamamilə mümkündür ki, Çin Cənubi–Çin dənizinin gələcəkdə blokadaya alınması təqdirində baş verəcək neqativ hallara qarşı “nəqliyyat təminatı” əldə etmək istəyir.

Rusiya və Çin həmçinin son 40 il ərzində “qış yuxusu” vəziyyətində olmuş təhlükəsizlik sferasındakı əməkdaşlığı da inkişaf etdirirlər. Hazırda Çin Rusiya hərbi texnikası və silahının alınması istiqamətində iri miqyaslı proqram həyata keçirir. Əməkdaşlıq həmçinin müştərək hərbi təlimlər şəklində də aparılır. Çox yaxın zamanlarda bu cür hərbi təlimlərdən biri Yapon dənizində baş tutdu. Həmin təlimlər vaxtı 22 gəmi, 20 təyyarə və vertolyot, 40 zirehli maşın və 500 dəniz piyadası iştirak edirdi.

- Rəsmi alyansın yaradılması şansı çox azdır

Bütün bunlarla yanaşı Pekin ilə Moskva arasındakı münasibət çoxsaylı çətinliklərlə qarşılaşır ki, bu da rəsmi alyansın yaranmasını əngəlləyir. Bu əngəllərdən biri rusiyalılar arasında Çinin hələ də onların təhlükəsizliyi üçün təhdid olması ilə bağlı yaranmış köklü düşüncədir.

Belə bir nöqteyi-nəzər tarixi inamsızlıqdan qaynaqlanır. Lakin Rusiya, artan Çin miqrasiyası və həmçinin də iki ölkə arasında uzun məsafəli ümumi sərhədlə əlaqədar, özünün ərazi bütövlüyü məsələsinə müəyyən bir təşvişlə yanaşır.

Öz növbəsində isə bir çox analitiklər bildirirlər ki, Çin lap öncədən Rusiyanı effektsiz biznes tərəfdaşı kimi görür. Bu mənada Çin hesab edir ki, Rusiyanın kommersiya qanunları onun maraqları üçün əlverişli deyil və ona görə də, əsaslı və iri miqyaslı iqtisadi əməkdaşlığa mane olur.

Əgər məsələni daha dərindən və əhatəli analiz etsək, onda görərik ki, Rusiya Çin ilə uzunmüddətli oyuna şübhə ilə yanaşır. Moskva Çinin real olaraq Qərbə düşmən kimi yanaşmasına da şübhə ilə baxır. Çinin Qərbə qarşı münasibətdə güzəştə yol verməsi, onun Rusiya ilə gələcək yaxınlaşmasını və eləcə də, onun Amerikaya bərabər qlobal liderə çevrilməsini əngəlləyəcək.

Rusiya prezidenti heç zaman Şərqi Asiya sammitində iştirak etməyib, Avropanın tətbiq etdiyi iqtisadi sanksiyalara qədər isə prioritet kimi Avropa ilə əməkdaşlığı ön planda tutaraq, Asiyanı ikinci yerə qoyurdu. Belə bir ikibaşlı düşüncə tərzi ondan xəbər verir ki, gələcəkdə Rusiya prezidenti Qərblə münasibəti düzəldəcək və onda Rusiya-Çin oxuna ehtiyac qalmayacaq.

Əslində çətin vəziyyətə düşmüş Rusiyanın neft sahəsi, Qərblə münasibətdə Moskvanı geri addım atmağa məcbur edə bilər. Bu gün Rusiyanın neft hasilatı artmaqdadır və gündəlik 10,8 milyon barel təşkil edir. Proqnozlara əsasən növbəti 20 il ərzində bu hasilat özünün pik həddinə çatacaq. Dünyada “yaşıl” gələcəyə doğru səylər gücləndirilir, Çin isə özünün şist neft yataqlarının işlənməsinə başlaya bilər ki, bu da neftin əhəmiyyətini və dəyərini aşağı salacaq. Ümumi yekunda isə belə bir halın yaranması iqtisadi həyatda qalmaq uğrunda çarpışan Rusiyanın kömək üçün Qərbə müraciət etməsi ilə nəticələnəcək.

Əgər vəziyyətə bu rakursdan baxsaq, onda perspektiv plan baxımından Çin ilə Rusiya arasında çox az ortaq marağın olduğu ortaya çıxar. Onlar arasındakı münasibət, öz fərdi məqsədlərinə çatmağa cəhd üzərində qurulur. Ona görə də, ABŞ üçün həm Çin, həm də Rusiya ilə dialoqun inkişaf etdirilməsi yaxşıdır. Bir çox təxirəsalınmaz dünya problemlərinin həlli üçün Birləşmiş Ştatların bu ölkələrə ehtiyacı var. Nüvə silahının yayılmaması, vurulmuş “MH 17” təyyarəsi hadisəsi və Yaxın Şərqdəki böhranlar kimi əsas beynəlxalq təşəbbüslərdəki uğurlarda Rusiya və Çinin əməkdaşlığı tələb olunur. Dünyadakı istənilən parçalanma, yalnız bu mühüm problemlərin həllini çətinləşdirir.

(The National İnterest)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar