DEPUTAT MİLYONLUQ EVİNDƏN DANIŞDI - "Nə vaxtdan qəbahət sayılır..."- Yenilənib

“Elmira Axundova özünün deputat maaşı, oğlunun 486 manatlıq əməkhaqqısı ilə kvadrat metri 4000 manatdan evi necə alıb?”

Deputat Elmira Axundovanın qocaman jurnalist Feyruz Həşimov arasında məhkəmə çəkişməsi apellyasiya instansiyasında davam edir. Fevralın 3-də Bakı Apellyasiya Məhkəməsində bu iş üzrə keçirilən məhkəmə prosesində 78 yaşlı Feyruz Həşimov və onun nümayəndəsi deputatın əmlakı, həmçinin oğlu Həbib Axundovun əməlləri barədə bir sıra ciddi faktlar ortaya qoyub.

Feyruz Həşimovun nümayəndəsi Tahir Əlirzayev məhkəməyə Elmira Axundova və oğlunun çox baha qiymətə yeni mənzil alması barədə sənəd təqdim edib. “Abşeron” Mənzil-Tikinti Kooperativinin möhürlü, imzalı arayışından görünür ki, Elmira Axundova və oğlu Həbib Axundov bir müddət əvvəl şəhərin mərkəzində, çox bahalı “Port Baku Residense”də iki mənzil alıb, özü də avtomobil üçün dayanacaqları ilə birlikdə.

“Elmira Axundova deputatdır, oğlu da Dövlət Gömrük Komitəsinin növbətçi hissəsində işləyir. Maaşı da cəmi 486 manatdı. Nə özünün, nə də oğlunun kommersiya ilə məşğul olmaq hüququ var. Qanun bunu onların hər ikisinə qadağan edir. Bu adamlar hansı pulla kvadrat metri 4000 manatdan milyon yarıma ev alıblar? Feyruz Həşimov isə pensiya ilə heç özünə dərman ala bilmir…”, – deyə Tahir Əlirzayev bildirib.

Qeyd edək ki, Elmira Axundova Feyruz Həşimovu 2015-ci ilin mayında “Gündəlik Bakı” qəzetində dərc olunan yazılara görə məhkəməyə verib. Deputat həmin məqalələrdə özü və oğlu barədə fikirlərlə şərəf və ləyaqətinin təhqir olunduğunu, ona böhtan atıldığını iddia edərək, məhkəmədə ona qarşı 100 min manatlıq iddia qaldırıb. Deputat həmin yazılara görə təkzib verilməsi, üzr istənilməsi və 100 min manat da kompensasiya tələb edir. Xətai Rayon məhkəməsi deputatın iddiasını təmin edib, lakin təzminat məbləği 100 min yox, 5000 müəyyənləşdirilib. Deputat da bundan narazı qalaraq, apellyasiya şikayəti verib.

Eyni zamanda, cavabdeh Feyruz Həşimov da apellyasiya şikayəti verib.(Azadliq.info)

***

Deputat Elmira Axundova ona məxsus olduğu iddia edilən milyon yarımlıq mənzillə bağlı mətbuatda yayılmış məlumatlara münasibət bildirib. “Qafqazinfo”nun sorğusuna cavab olaraq millət vəkili bildirib ki, sözügedən mənzillər 5 ildir ki, onların mülkiyyətindədir, qiyməti də yazılanlardan qat-qat ucuzdur:

“Nə vaxtdan mənzil sahibi olmaq qəbahət sayılır? Məgər mənim çoxillik fəaliyyətim və xidmətlərim qarşısında mənə yaxşı mənzil bağışlana bilməzdimi? Bir də ki, mənim Feyruz Həşimovla olan məhkəmə prosesim şərəf və ləyaqətlə bağlıdır, mülkiyyətlə yox. Sadəcə olaraq qarşı tərəf məhkəmədə yenə uduzduğuna görə belə qanunsuz əməllərə əl atır. Onlardan fərqli olaraq mən qanuni yollara üstünlük verirəm və hüquqlarımı məhkəmədə uğurla müdafiə edirəm. KİV-lərə isə məsləhətim budur ki, boş yerdə ucuz sensasiya axtarmayın, ciddi problemlərlə məşğul olsunlar”.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar