"Əvəz Ələkbərovun təyinatını düzgün hesab edirəm" - Təhsil eksperti

etibar-eliyev Xəbər verildiyi kimi, sabiq maliyyə naziri Əvəz Ələkbərova yeni vəzifə verilib. O, Azərbaycan Dövlət İqtisad Universitetində kafedra müdiri vəzifəsinə təyin edilib.

Bununla bağlı Ə.Ələkbərov mətbuata açıqlamasında bildirib ki, Təhsil Nazirliyi və universitet rəhbərliyi tərəfindən bu işə dəvət olunub: “3 kafedra- maliyyə, vergi və vergiqoyma, bank işi kafedraları birləşdirilərək, Maliyyə və maliyyə institutları kafedrası yaradılıb. Mən də bu təklifi qəbul etdim. Kafedrada 11 elmlər doktoru və 33 elmlər namizədi fəaliyyət göstərir. 60-dan çox əməkdaşımız var. Nümunəvi bir kafedra yaratmaq, tanınmış universitetlərlə, eyni adlı kafedralarla əməkdaşlıq etmək, universitetimizin imicini artırmaq, bakalavr və magistrlərə müasir səviyyədə təhsilin keyfiyyətini artırmaq, professor-müəllim heyətinin səviyyəsini yüksəltmək, universitetin ictimai-siyasi həyatında aktiv iştirak etmək istəyirik”.

Qeyd edək ki, Ə.Ələkbərova İqtisad Universitetində vəzifə verilməsi birmənalı qarşılanmayıb. Bəzi mətbu orqanlarda Ə.Ələkbərovun kafedra müdiri təyin edilməsinin universitetdə ciddi narazılıq doğurduğuna dair iddialar irəli sürülüb. Eyni zamanda bu təyinatla bağlı əmrin qanunazidd verildiyi, hətta Ə.Ələkbərovun doktorluq dissertasiyasının plagiat olduğu iddia edilib. Bununla bağlı təhsil eksperti,  fəlsəfə doktoru, İqtisad Universitetində imtahanların gedişini izləmək üçün yaradılan Monitorinq Qrupunun üzvü Etibar Əliyevin münasibətini öyrəndik.

- Etibar müəllim İqtisad Universitetinin rektoru professor Ədalət Muradovun əmri ilə keçmiş maliyyə naziri Əvəz Ələkbərov maliyyə və maliyyə institutları kafedrasına müdir təyin olunub. Məlumata görə bu təyinat narazılıqlara səbəb olub. Tanınmış təhsil eksperti kimi bu məsələyə münasibətinizi bilmək istərdik.

-İqtisad Universitetində mütərəqqi islahatlara başlanılıb. Göründüyü kimi islahatlar həm təhsil, həm də elmi istiqamətlərdə aparılır və bunlar gənclərin təhsillə yanaşı, elmə cəlb olunmasına şərait yaradır. Bununla yanaşı orada çalışan alimlərin təkmilləşməsi üçün böyük işlər görülür. Mən universitetdə kafedraların birləşdirilməsinin tərəfdarıyam. Bu addım rasional idarəetmə üçün olduqca əlverişlidir və bu, dünyanın aparıcı ali məktəblərində sınaqdan keçmiş üsuldur. O ki, qaldı Əvəz Ələkbərovun təyinatına, mən onun birləşmiş kafedralara müdir təyinatını düzgün hesab edirəm. Əvəz Ələkbərov müxtəlif vəzifələrdə çalışmış alimlərimizdən biridir. Və işin praktik tərəfini daha yaxşı bilir. Dünyanın tanınmış universitetlərində buna bənzər təyinatlar çox olur. İqtisad Universitetinin keçmiş rektoru bu ali məktəbdə böyük qruplaşmalar formalaşdırmışdı. Universitetdə normal təhsil mühitinin yaradılması üçün qrup mənafeyini qoruyan adamlar vəzifələrdə irəli çəkilə bilməzlər. Hətta bu amil təhtəlşüurda mövcud olsa belə, bu nə vaxtsa özünü göstəcək.

- Əvəz Ələkbərovun doktorluq dissertasiyanın plagiat olması da yazılır...

-Mətbuatdan oxudum ki, Əvəz Ələkbərov 2008-ci ildə iqtisadiyyat sahəsində doktorluq dissertasiyası müdafiə edib. Bunun üstündən 8 il vaxt keçib. İndiyə qədər bunu ortaya niyə qoymurdular? Bu fakt onu göstərir ki, ona qarşı qərəzlidirlər. Əvəz müəllim çox asanlıqla bu ittihamı irəli sürənlərə qarşı analoji addım ata bilər. Mən inanmıram ki, ona qarşı ittiham irəli sürənlərin elmi işləri normal səviyyədə olsun. Çünki hər şey gözümüzün qarşısında baş verir. Bu adamlar nədən Şəmsəddin Hacıyevin vaxtında İqtisad Universitetində baş alıb gedən korrupsiyadan, müdafiə olunan işlərin böyük əksəriyyətinin yararsız olmasından danışmırlar?

Mən bəzi qərəzli mətbuat orqanlarına üzümü tutub demək istəyirəm ki, nədən indiyə qədər bu ali məktəbdə aparılan islahatların heç olmasa bircəciyi barədə yazmayıblar? Heç olmasa yaxın ətraflarında olan tələbələrə suallar ünvanlasınlar. Vəzifələrini itirmiş və islahatlara düşmən kəsilən adamların qayğısına qalmaq obyektivlik əlaməti deyil. Buna mətbuat cameəsində reketçilik deyirlər.

V.Nəsibov

AzPolitika.info

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar