MTN “BANK OF BAKU"NUN RƏHBƏRİNİ HƏBS EDİB? - (Yenilənir)

 “Bank of Baku”nun Müşahidə Şurasının sədri Elçin İsayev həbs olunub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, iki gün əvvəl Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Məlumata görə, Elçin İsayev çirkli pulların yuyulmasında və İrandakı şərikləri ilə qanundankənar əlaqələrdə şübhəli bilinir. Ehtimal olunur ki, bu həbs Azərbaycan dövlətinin son günlər ekstremist dindarlara qarşı həyata keçirdiyi sərt tədbirlər çərçivəsində həyata keçirilib.

Qeyd edək ki, bugünlərdə “Bank of Baku”nun adı Türkiyədə bir müddət əvvəl həbs olunan və bu günlərdə azadlığa buraxılan Rza Zərrabla da əməkdaşlıqda hallanıb.

Hələ ki, sözügedən həbslə bağlı heç bir rəsmi məlumat açıqlanmayıb.

***

Musavat.com-un əməkdaşı bank sektoru ilə yanaşı, həkimlik fəaliyyəti ilə də məşğul olan və hazırda 5 saylı xəstəxananın qastrskopiya şöbəsinin müdiri olan Elçin İsayevlə əlaqə yaradaraq öyrənib ki, hazırda o, işinin başındadır. E.İsayev barəsində yayılmış məlumatdan xəbərsiz olduğunu bildirib və qeyd edib ki, o, indi "Bank of Baku"nun Gəncə filialında təmsil olunur.

E.İsayev Türkiyədə bir müddət əvvəl həbs olunan və ötən həftə azadlığa buraxılan Rza Zərrabla əməkdaşlığı olması barədə də iddiaları təkzib edib.

***

Bu dəqiqələrdə özünü “Bank of Baku”nun rəhbəri Elçin İsayev kimi təqdim edən şəxs "Qafqazinfo" ilə əlaqə saxlayaraq bildirib ki, barəsində yazdığımız xəbərdə yanlışlıq var. Belə ki, həmin şəxs bankda xüsusi xidmət orqanları tərəfindən əməliyyat keçirildiyini təsdiqləsə də, həbs olunanların kimliyini açıqlamayıb:

"Bizim dəvətimizlə burada əməliyyat keçirilib, lakin mən bununla bağlı ətraflı məlumat verə bilməyəcəyəm. Bir daha deyirəm ki, mən Elçin İsayevəm, həbs olunmamışam, özüm də işdəyəm. Digər şəxslərlə bağlı sonra danışarıq".

***

“Həbs olunmağımla bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil”. Bunu APA-ya açıqlamasında “Bank of Baku”nun Müşahidə Şurasının sədri Elçin İsayev bildirib.

E. İsayev bu gün mediada həbs olunması ilə bağlı xəbərlər yayılandan sonra agentliklə əlaqə saxlayıb və hazırda iş başında olduğunu deyib: “Bəzi media orqanlarında mənim həbs edilməyimlə bağlı yalan informasiyalar yayılıb. Qəti şəkildə bildirirəm ki, bu məlumatlar həqiqətə uyğun deyil, mən iş başındayam”.

APA-nın əldə etdiyi məlumata görə isə hüquq-mühafizə orqanları bu günlərdə “Bank of Baku”da əməliyyat keçirib. Lakin əməliyyat bankın rəhbərliyinin müraciəti əsasında aparılıb.

Məlumata görə, “Bank of Baku”nun rəhbərliyi bankın sisteminə kənar müdaxilənin olmasından şübhələnərək, məsələnin hüquq-mühafizə orqanları tərəfindən araşdırılması üçün ərizə ilə müraciət edib. Keçilmiş əməliyyat nəticəsində bankın sisteminə müdaxilə faktı təsdiqini tapıb. Hazırda bu istiqamətində araşdırmalar davam etdirilir.

Məlumata görə, hələlik məsuliyyətə cəlb olunan yoxdur.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar