"Pərviz Həşimli çıxışında işgəncəyə məruz qaldığını bildirdi"

Martın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlinin işi üzrə proses keçirilib.

Vəkil Bəhruz Bayramovun “Media forum”a verdiyi məlumata görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə üç vəsatət qaldırıblar: “Pərviz Həşimli barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə, Bakı İstintaq Təcridxanasına köçürülməsi və istintaq orqanının dəyişdirilməsi ilə bağlı vəsatətlər verdik. Təəssüf ki, məhkəmə vəsatətləri rədd etdi. Məhkəmə tərkibinə etiraz verdik. Bu etirazımız da qəbul olunmadı.

Pərviz Həşimli çıxışında işgəncəyə məruz qaldığını bildirdi. Təkidlə tələb etdi ki, MTN-in istintaq təcridxanasından Bakı İstintaq Təcridxanasına köçürülsün.

Pərviz Həşimli ilə birlikdə həbs edilən Təvəkkül Qurbanova dövlət hesabına vəkil təyin edildi”.

Məhkəmə prosesi martın 7-də davam edəcək.

Pərviz Həşimli ötən il sentyabrın 17-də digər Azərbaycan vətəndaşı Təvəkkül Qurbanovla birgə tutulub. Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi onları qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, satma kimi əməlləri təkrar törətməkdə və qaçaqmalçılıqda günahkar bilir. Hər iki şəxs MTN-in istintaq təcridxanasında saxlanır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar