30-a yaxın məcburi köçkün etiraz aksiyası keçirib

Sentyabrın 19-da Xətai rayonu, Cavanşir küçəsi 36 ünvanında - Z. Tağıyev adına Tikiş Kombinatının qəzalı yataqxanasında yaşayan 30-a yaxın məcburi köçkün etiraz aksiyası keçirib. Onlar yataqxanadan köçürülmə ilə bağlı onlara kompensasiya verilməməsinə etiraz ediblər.

Etirazçılar Xətai rayon icra hakimiyyətində və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olublar. Komitədə onları məskunlaşma, miqrasiya, məşğulluq və status şöbəsinin müdiri Sənan Hüseynov qəbul edib.

Onlara bildirilib ki, indiyə qədər məcburi köçkünlərə kompensasiya verilməsi təcrübəsi olmayıb. Məcburi köçkün ailələri üçün ayrı bina tikilməsi nəzərdə tutulubmuş. Ancaq qəzalı yataqxanada yaşayan məcburi köçkünlərə kompensasiya verilməsi üçün Maliyyə Nazirliyinə, Nazirlər Kabinetinə müraciət olunub. Ya bu gün, ya da sabah Nazirlər Kabineti hər bir ailəyə 45 min manat kompensasiya verilməsi ilə bağlı sərəncam verəcək. 5 gün müddətində həmin vəsait sakinlərə çatdırılacaq.

May ayında Fövqəladə Hallar Nazirliyi Z. Tağıyev adına Tikiş Kombinatının yataqxanasının qəzalı olması haqda rəy verib. FHN bildirib ki, sakinlər oradan köçürülməlidir. İndiyə qədər yataqxanada yaşayan 200-dən çox yerli sakin köçürülüb və onlara 45 min manat kompensasiya verilib. 85 məcburi köçkün ailəsi hələ də orada yaşayır. (azadliq.org)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar