Tütünün satınalma qiyməti artırılacaq

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda dövlət başçısının ənənəvi sahələrin, o cümlədən tütünçülüyün inkişaf etdirilməsi barədə verdiyi tapşırığa uyğun olaraq, iqtisadiyyat naziri Şahin Mustafayev və kənd təsərrüfatı naziri Heydər Əsədov tütün istehsalı və emalı müəssisələrinin nümayəndələri ilə görüşüblər.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının sədri Məmməd Musayevin də iştirak etdiyi görüşdə tütün istehsalı və emalı müəssisələrinin nümayəndələri ilə tütünçülüyün inkişafı məsələləri müzakirə edilib.

Tütün istehsalı və emalı müəssisələrinin nümayəndələri toxumun idxaldan azad edilməsi, tütünçülük sahəsinə daha çox güzəştli kreditlərin ayrılması, tütün istehsalının subsidiyalaşdırılması barədə təkliflərini bildirib və bu təkliflər müzakirə olunub.

Görüşdə vurğulanıb ki, bu sahəyə marağın daha da artırılması məqsədilə stimulaşdırma tədbirləri həyata keçiriləcək, fermerlərə güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılacaq. Görülən işlər nəticəsində tütün əkini sahələri genişləndiriləcək. Belə ki, 2016-cı ildə ötən illə müqayisədə 2 dəfədən çox - 3 min hektar sahədə tütün əkiləcək.

Bütün bunlar isə bu sahədə məşğulluq səviyyəsini əhəmiyyətli dərəcədə yüksəldəcək, tütünçülük sahəsində çalışanların sayı ötən illə müqayisədə 2 dəfə artmaqla 8 min nəfərə çatacaq.

Həyata keçirilən tədbirlər fermerlərdən yaş tütünün alış qiymətinin ciddi şəkildə artırılmasına imkan yaradacaq. Görüşdə tütün istehsalı və emalı müəssisələrinin nümayəndələri satınalma qiymətinin 2016-cı ildə əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə artırılmaqla birinci növ yaş tütünün bir kiloqramının 25 qəpiyə (2015-ci ildə 1 kq üçün 16 qəpik), ikinci növ yaş tütünün bir kiloqramının isə 15 qəpiyə (2015-ci ildə 1 kq üçün 8 qəpik) qəbul ediləcəyini bildiriblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar