Gerizəkalılığın girovluğunda olanlar...   

Məmmədxan ƏZİZXANLI, hüquqşünas

Fəlsəfə elmləri doktoru, professor Əbülhəsən Abbasovun  “Azpolitika.info”nın 29.01.2016-cı il tarixli saytında “Bəşəriyyət qlobal kapitalizmin girovluğunda” adlı, “çox budaqları silkələmiş” yazısını oxuduqda ilk çulğanmam (təəssüratım), mövzunun həcmi və ağırlığı oldu... Yazıda, mənim razılaşmadığım fikirlərə cavab haqqım olsa da... Düzü, bir müddət gözlədim ki, müəllifin özünün də yazısında vurğuladığı kimi ”... bizim siyasətçilər bu cür məsələlərlə...” məşğul olsunlar, necə deyərlər, cəmiyyətimizin   125 düyməli “ağır topları”ından heç olmasa üçü, beşi (çox olsa, aləm qarışar, dünya dağılarmış) dillənsin, xalqın, həllini gözləyən taleyüklü problemlərinə münasibət bildirsinlər, fikir dartışması getsin, sonucda, ümumi, faydalı bir fikir formalaşsın ki, görək nəyi, necə etməliyik. Lakin, bəzi qısa rəyləri nəzərə almasaq, kimsədən səs çıxmadı, üzüldüm. Belə çıxır ki, biz doğrudan da öz taleyinə biganələrik, “İş görəcək yerdə, söz əzbərlərik”, (Nəhəng fikir adamı,M.Ə.Sabir),  amorf bir cəmiyyətdə yaşayırıq, axı belə olmamalıydı?... Nə isə, “peşəkar siyasətçilərə” görk olsun deyə, mən adi bir vətəndaş kimi dilə gələsi oldum. Mənim yazım, Əbülhəsən müəllimin nəzərdə tutduğu, lakin gözləmədiyi peşəkar siyasətçi mövqeyindən uzaq olsa da (bəlkə də elə xeyir bundadır), hər halda bir fikirdir... Bəs, siz hardasız, ay 125 (min?) ştatlı siyasət bəzirganları?...

Hörmətli professor, haqlı olaraq göstərir ki, “Kommunizmin iflası və SSRİ-nin, sosialist düşərgəsinin süqutundan sonra artıq Yalta-Potsdam sülh sazişlərinin prinsipləri öz təsir gücünü itirməyə başlamış, dünyanın geopolitik mənzərəsində, güclər nisbətində, regional və qlobal təsir dairələrində, nüfuz və iddia zolaqlarında köklü dəyişiklər, qeyri-ənənəvi meyllər, yeni-yeni təfərrüatlar ortaya çıxmışdır.”, ”Ümumi götürdükdə... milli suverenlik müstəvilərində... həlli çətin olan ziddiyyətlər yaranmışdır. Üstəlik də, qalib tərəf, yəni, qlobal kapitalizm, başda ABŞ olmaqla, bu ziddiyyətlərin vaxtında həll olunmasına zəruri səy göstərməmiş, əksinə, bir çox hallarda münaqişə və problemlərin şiddətlənməsinə yol açmış və şərait yaratmışdır.”

Qərəz, müəllifin fikrincə, Sovetin dağılmasına və sonrakı həyatımızın hələ də düzəlməməsinə, əksinə pisləşməsinə səbəbkar, başda ABŞ olmaqla, “qlobal kapitalizm”dir...

Əziz, Əbülhəsən müəllim, bəs, aləmin, obyektiv reallığın dilektik materialistcəsinə qavrayışına görə, cism və hadisələrin yaranması, inkişafı və dağılmasını şərtləndirən, gedişatda əsas faktor olan daxili ziddiyyətlər harda qaldı? Reallığa və məntiqə görə - SSRİ-i daxili ziddiyyətlərin kəskinləşməsinin geridönməz xarakter almasından dağıldı. İmperiyanın sağlamlaşdırılması üçün başladılan yenidənqurma, gətirdiyi üstünlüklərlə yanaşı, yaranışından nüvəsində qoyulmuş, konservasiya olunmuş, öz həllini tapmamış (tapa da bilməzdi, çünki SSRİ könüllü birləşmə deyildi, işğal nəticəsində yaradılmış süni birlikdi) milli suverenlik məsələləri, yaranan demokratikləşmə fürsətindən partlayıb, sel kimi meydana çıxdı (bu, ətraflı, ayrıca söhbətin mövzusudur). Burada, xarici faktor ikinci, köməkçi, stimullaşdırıcı rol oynaya bilərdi və oynadı da – “sovet adamı”, kapital aləminindəki yaşayışla müqayisədə, özünkünün nə qədər geridə qaldığını gördükcə... qızdı və insani haqlarının tələbinə qalxdı. Məqalədə vurğulanan xarici faktor o vaxt əsas rol oynamış olardı ki, SSRİ-nin varlığına xarici qüvvələrin birbaşa müdaxiləsi – müharibə, işğal olunmaqla son qoyulmuş olaydı. Bu hal (ikinci, işğal) baş vermədiyinə görə, “başda ABŞ olmaqla” “qlobal kapitalizm”i necə “qalib tərəf” saymaq olar? Burada, sadəcə, iki əks siyasi sistemin daxili inkişaf dinamikasının qiyabi müqayisəsi aparıla bilər, vəssəlam. Sovetlər də bu müqayisəni, daxili auditoriya üçün, öz xeyrinə saxtalaşdırmaqla daim aparmışdır.

Sovetdən sonrakı həyatımızın hələ də düzəlməməsinə, daha da pisləşməsinə görə, xarici güclər hansı məntiqlə məsul tutulur? Niyə, bu məsələdə problemlərimizin birbaşa səbəbkarı olan, 74 il bizi idarə edən, hüquqi məsuliyyət daşımalı olan daxili, aparıcı qüvvələr yox, birbaşa bağlılığı olmayan xarici güclər məsul tutulur? Burada, məqsəd kriminallaşmış kommunist partnamenqlaturanı qorumaq deyilsə, bəs  nədir? Dəmir pərdə ilə, Canlı Dünya Orqanizmindən ayrı yaşadılan, nüvə silahlı SSRİ-ni müharibəsiz, kənardan necə dağıtmaq olardı? Bir buna  (nüvə silahına) görə, bütün dünya, ərköyün uşağın əlində dolu silah olan kimi – indi də bu şər qüvvələrdən çəkinir.  Keçmiş SSRİ məkanı – onu, iflasa gətirmiş daxili qüvvələrdən – kommunist partnamenqlaturadan (seçkinlərdən) təmizlənmişdirmi? Yox. Əksinə, SSRİ-ni iflasa gətirmiş bu daxili qüvvələr, sonradan toparlanaraq, özlərinin yaratdıqları inzibati resusrslardan, xaosdan istifadə edib, xalq əmlakını özəlləşdirmə adıyla ələ keçirib mənimsəmiş, ictimai nəzarətsizlikdən daha da kriminallaşmış, hələ də dominantlıq etdiklərindən, yəni, öz cəmiyyətlərini sanki girovluqda saxladıqlarından, imperiyadan qurtulmuş respublikalar (Pribaltika ölkələri, Gürcüstan və Ukrayna istisna olmaqla), öz milli, demokratik, hüquqi dövlətlərini qura bilməmişlər.

Digər baxımdan, hansı məntiqlə, Sovetdən sonrakı həyatımızın hələ də düzəlməməsinə, daha da pisləşməsinə görə, xarici güclər məsul tutulur? Məgər, onlar, kommunistlərin bizim ölkədə törətdiyi dağıntıları düzəltmək öhdəliyimi götürmüşdülər, yaxud, bu tapşırığı öz xalqlarındanmı almışdılar, bu, onların vəzifəsinəmi daxildi? Məgər, Amerika xalqı, öz hökumətini “yeni dünya düzənini qorumaq” kimi missiyayla görəvləndiribmi? Yox!

Başqa dövlətlərin daxilində, yaxud arasında yaranan ziddiyyətlərin, problemlərin səbəbi, həlli, yalnız, mənəvi məsuliyyət və humanitar yardım istisna olmaqla, hansı bağla “...qlobal kapitalizm, başda ABŞ olmaqla...” bu güclərə bağlana bilər, onların məsuliyəti sayıla bilərdi ki, onlar “...bu ziddiyyətlərin vaxtında həll olunmasına səy göstərməmiş...”lər? Axı, bu güclər, ABŞ iqtidarı, təmsil etdikləri, siyasətlərinin əsas sifarişçiləri olan  vergi ödəyicilərindən, yəni, öz xalqından, başqa xalqın, dövlətlərin iç problemlərini həll etmək kimi səlahiyyət (sifariş) aımayıblar və ala da bilməzlər, çünki bu məntiqsiz olardı. Ta qədimdən, idarəçilik, təbii olaraq elə məntiqli qurulub ki, necə deyərlər “Hərə, öz qoturunu qaşımalıdır” və kimsənin öz problemini, işini başqasına yükləməyə mənəvi haqqı yoxdur. Odur ki, SSRİ-nin dağılmasına da, bu dağıntıdan necə çıxmasına da ilk növbədə ölkənin iqtidarı, daxili qüvvələri məsul və borcudur.

Sovetlərin anlayışına və təbliğatına görə isə, ölkədəki bütün uğurların ruhlandırıcısı, səbəbkarı Sobet İttifaqı Kommunist Partiyası, uğursuzluqların səbəbkarı isə xarici kapitalistlər, “çürümüş imperializm”, “mənfur kapitalizmin qalıqları” idi...(?!). Görünür, bəzilərinin düşüncəsində bu ənənə hələ də davam etdirilir.

Mənə, aydın deyil ki, ABŞ-ı kim, hansı sənəddən irəli gələn öhdəliklə görəvləndirmişdir ki, o, “...”soyuq müharibə”dən sonra yeganə superdövlət və qlobal lider kimi, öz üzərinə düşən tarixi missiyanı (?! M.Ə.) – köklü surətdə dəyişmiş dünyada nizamlayıcı funksyanı, qlobal siyasi arxitektura yaratmaq vəzifəsini ödəyə bilməmiş, əksinə, ənənəviləşmiş mənfəətdar-merkantil rəqabət təfəkkürünün ətaləti məcrasında fəaliyətini daha da sərt formada davam etdirərək, beynəlxalq davranış kodeksini (?! M.Ə.) (mövcud olanı) son dərəcə bərbad hala salmışdır” deyə, müəllif tərəfindən məsul tutulur?

Bir subyekti (burada, ABŞ-ı), üzərinə rəsmi sənədlə götürmədiyi, barəsində cavabdehlik daşımadığı, hansısa uydurma (daha çox, dövlət təmsilçilərinin cari xarakterli siyasi gedişlərində öz vacibliklərini, faydalarını, dünya lideri olduqlarını vurğulamaqla qabartmağa çalışdıqları, hüquqi nəticəsiz, qeyri-rəsmi hal, mövqe) missiyanı, sanki götürdüyü öhdəliyi icra etməməkdə - necə, hansı əsasla məsul tutmaq olar? Özünü, bu və ya digər cür, o cümlədən dünya lideri kimi təqdim etmə, dediyinə əməl etmədiyi halda, olsa-olsa nüfuz məsələsi olub, əsla ciddi ittiham olunmalı məsuliyyət yaratmır.

Bu, bir obyektiv reallıqdır ki, nəhəngliyindən və qüdrətindən asılı olmayaraq, ABŞ və Qərbi Avropa ölkələrinin başçılarının taleyi (hətta vəzifə başında belə)... seçkinlərin (Konqres, Nümayəndələr Palatası, Parlament, Bundestaq və s.) və seçicilərin gündəlik, cari rəyindən asılıdır. Bu cür başçılar, onların vəzifə taleyini həll etməyə daim hazır olan öz ictimai rəyinin tələbi, təzyiqi önündə bir növ “əl,əl üstə dururlar”, bu səbəbdən əməllərini həm də ictimai rəyə dayanaraq edirlər, yoxsa, impiçment məsuliyyətinə cəlb oluna bilərlər. Xalq, seçici, işində çaşan başçısının durumunu sırf qanuni üsullarla hər vaxt alt – üst edə, geri oxuya bilər. Belə ölkələrdə kiminsə özbaşınalığı istisna olunur. Odur ki, hansısa demokratik quruluşlu bir dövlətin öz idarəçiliyindən, milli marağından kənar məsələlərə sahib çıxması, baş qoşması məntiqsiz olardı. Artıq, müəllifin də (reallığın da) təsdiqlədiyi kimi, ABŞ-ın, öz imkanlarına görə ondan (yalnız, mülahizələrə əsaslanaraq) umulan “yeni dünya düzəni”ni daha üstün nizamlaması gözləntilərini doğrultmaması... yəqin ki, məntiqi idi.

Əbülhəsən müəllimin dedikləri, daha çox BMT-inin missiyasına uyğundur (bu isə, ayrıca söhbətin mövzusudur), nəinki ayrılıqda götürülmüş bir dövlətin, hətta o, ABŞ kimi qüdrətli dövlət olsa belə?

Öz çatışmazlıqlarının səbəbkarı kimi özünü yox, özgələrini görmək  kimi, sovet şərləmə düşüncəsini yaşatmaqla, hansı yırtığımıza yamaq vurulacaq? Öz falasını yeyən (rentabelsiz) iqtisadiyyatını qurmaqla, özünün yaratdığı çatışmazlıqların “səbəbkarı” kimi 74 il kapital aləmini görən, söyən nəhəng sovet hərbi gücü sonda... özü çökmədimi? Axı, məsələnin içində olan sovet məktəbinin yetirməsi, olayların səbəbini, kənar müşahidəçi rolunda olan yabançılardan daha düzgün qiymətləndirməlidir?

Mən, əsla, öz gücü ilə digərlərini ədalətsizcəsinə hesablaşdıran dövlətlərin, güclərin milliliyə zidd təsirini inkar etmək fikrində deyiləm və bu düzgün də olmazdı. Bu təhlükə həmişə olub və yalnız, milli tamlığın (mükəmməlliyin) zəif olduğu toplumlarda reallaşa bilib. Əgər, ABŞ, yaxud, hər hansı başqa dövlət liderlik iddiasıyla başqa ölkələrin inkişafına yardım edirsə - nə yaxşı, yox, dağılmasına səbəb olursa – çox pis. Lakin bütün bunlar konkret fakta söykənməlidir, mülahizəyə yox. Məncə, biz, özümüzün görməli olduğumuz işlərin məsuliyyətini başqalarından ummaqdansa, öz işimizlə, yəni milli demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu ilə məşğul olmalı, olanımızı qüsurlardan təmizləməli, təkmilləşdirməliyik. Bununçün,  cəmiyyət olaraq hər cür imkanımız var, yetər ki, istək  olsun. Bu yöndə ən gözəl nümunələr bəzən yersiz suçlanan Qərbi Avropa və ABŞ-dadır. Bu gün, yeni Ərəb Xilafətini qurmaq istəyənlər də var, lakin bu, 1490 il bundan qabaq düşüncə səviyyəsində olanların fikridir. Biz isə, XXI əsrdə, Qərbi Avropada və ABŞ-da yaşayanlar kimi yaşamaq  istəyirik, cahillər kimi yox. Əbülhəsən müəlimin də vurğuladığı güclərin, dağıdıcılığa sürükləyən qismi (Hərbi Sənaye Kompleksi, kəşfiyyat, siyasiləşmiş sələmçi-maliyyə və s.), dolayısıyla müxtəlif dini, irqi qruplaşmaları dəstəkləyir, lakin bunlar, Qərbi Avropa və ABŞ-n rəsmi təmsilçiləri deyil. Əlbəttə, dünyanın sağlam qüvvələrinin birliyi BMT bayrağı altında insanlığı xaosa aparan belələrinə qarşı kəskin mübarizə aparmalıdır.

Qərbi Avropa və ABŞ (oliqarxlaşmış demokratik liberal idarə üsulunun təmsilçiləri) nə vaxt, Asiya, Afrika və Cənubi Amerikanın geriçilərinə deyiblər ki, öz ölkələrində düzgün, ədalətli seçki keçirməsinlər, üstün icra, məhkəmə sistemi qurmasınlar, öz dövlət xəzinələrini talasınlar – kimsə deyə, misal göstərə bilərmi (bunu edənlər-yerli, milli satqınlarla iş birliyində olan kriminaı ünsürlərdir)? Əksinə, Asiya, Afrika və Cənubi Amerikanın  ölkələrinin geriçi  iqtidarları, öz ölkələrində qurduqları feodal keyfiyyətli, zay, dayanıqsız idarə üsullarının ömrünü uzatmaq üçün lobbiçilərə, ayrıca şəxslərə israf etdikləri xəzinə pulları, “kürü diplomatiyası” hesabına, Qərbi Avropa və ABŞ-ın müxtəlif vasitələrlə ələ gələn təmsilçilərinə minnətçi düşüb, onlardan hər “seçkidə”  “demokratiya yolunda daha bir addım atılması” barədə, yarımçıq da olsa, saxta rəy almağa çalışmış və bir müddət buna nail də olmuşlar. Güman ki, onlar, minnətçilərin himayə etdikləri bu iqtidarlar barədə - tədricən düzəldiləcək, demokratikləşəcək, buna müəyyən vaxt lazımdır – vədlərinə, ümid etdiklərindən və paralel olaraq,  müəyyən maddi, şəxsi maraqları təmin edildiyindən belə saxta, yarımçıq rəy veriblər. Lakin sonradan, yəni “divar qurtarandan sonra” (ki, burada həqiqi müxalifətin rolu danılmazdır), ələ alındıqlarını, ələ salındıqlarını, artıq öz ölkələrinin sağlam qüvvələrinin də ifşaedici təzyiqləri altında AŞ və ABŞ təmsilçiləri, onları aldadanlardan hesabat vermək tələb etdi, əks təqdirdə isə (artıq bizə də məlum olduğu kimi) onlara  qarşı sanksyalar paketini (AŞ-nın, barəmizdəki qətnaməsi) qəbul edəcəyini dedi və etdi. ABŞ Konqresi isə, oxşar sənədin mazakirə mərhələsindədir. Sizcə bu, “xıxa” (körpə uşaq dililə, pis) AŞ və ABŞ, “çiçə” (körpə uşaq dililə, yaxşı, gözəl) diktatura təmsilçilərinin ölkələrində, onların əvəzinə, düzgün, ədalətli seçkimi keçirməlidir? Əlbəttə, yox. Belə seçkini, müstəsna halda və müəyyən şərtlər daxilində, yalnız, BMT  keçirə bilər. Bu cür gerilikçi ölkələrdə, xalqın, öz xidmətçisi olmalı olan - dövlət aparatının girovluğuna çevrilməsi, hökumətin təyinatını mənfiyə doğru dəyişir. Məhz, bu səbəbdəndir ki, gerilikçi iqtidarı olan ölkələr pis gündədir.

Məqalədə, liberal demokratiya idarəçilik üsulunun öz çətinliklərinin həlli üçün “Yalnız din itirilmiş dəyərlərin bərpasını təmin edə bilər!” deyə, bir sıra Amerikalı müəlliflərin fikrinə, “XI əsrdə yaşayıb, yaratmış Əbülhəsən Bəhmənyardan sonra, islam dünyasında professional fəlsəfə olmayıb.”, ”Professional fəlsəfəsi olmayan bu məkanlarda, aydındır ki, qaneedici, elmi və tarixi tələblərə cavab verən idarəetmə fəlsəfəsinin mövcudluğu və fəaliyyətindən danışmaq belə əbəsdir. İdarəetmə, elmi-fəlsəfi əsaslara yox, dini-mifoloji amillərə, əfsanələrə, arxaik tabulara və bu çərçivədə ənənəviləşmiş vərdişlərə, yanaşmalara söykənməli olur.”, “Beləliklə də ehkamçılıq, mastəbidliyə meyllilik, kütləvi itaət psixozu... terror... sosial qeyri-bərabərlik, haqsızlıq və qəddarlıq, fərdi düşüncənin amansızcasına mühasirəyə alınması, ümumiyyətlə, əqli suverenliyin yox edilməsi idarəetmənin ayrılmaz ünsürünə çevrilir” izahıyla ətraflı, düzgün cavab verilir. Müəllif, bununla da, əslində bu gün müsəlman ölkələrində baş verən geriliyin, fəlakətlərin tarixi, real ictimai, siyasi köklərini dəqiqliklə ortaya qoyur. Bütün bunlara görə özgəsini məsul tutmaq məntiqsizdir.

Məsələlərin çözümü nə qədər dalana dirənsə də, XXI əsrdə dünyəvi, hüquqi, demokratik cəmiyyət problemlərinin həlli üçün elm əvəzinə, dinə üz tutulması qədər - gerilik tanımıram. Ümumiyyətlə, siyasi rejimi tənqiddən uzaq tutulan feodal ehkamçı idarəetmədə, elmi inkişafın geriləməsi, yox dərəcəsinə enməsi, cəhalətin, pisliyin artması  təbiidir.

Liberal demokratiya idarəçilik üsuluyla yaşayıb, dünya xalqlarına müsbət  nümunə olan Qərbi Avropa və ABŞ hakimiyyətləri, məhz öz  humanizmliyi üzindəndir ki, Asiya və Afrikanın geri qalmış ölkələrin hakimiyyət, idieologiya və əsasən də islam dini təmsilçilərinin, onları daima aşağılamalarına, bəyənməmələrinə baxmayaraq, əsasən müsəlman ölkələrin qaçqın vətəndaşlarına qucaq açırlar. Türkiyədən başqa, 57 müsəlman ölkəsindən heç biri, müsəlman miqrantları qəbul etmək üçün səsini belə çıxartmayıb, sanki müsəlmanlar, Quranda elan olunduğu kimi qardaş deyil. Əli yanan ağzına təpən kimi, insanlar, arxasında real nəsə durmayan dini vədlərə yox, real, üstün yaşam tərzlərinə doğru can atırlar ki, bu da təbiidir. Hansı idarəçiliyin üstün olmasının ən böyük  göstəricilərindən biri də elə budur.

Demokratik liberalizm, hüquqi dövlət idarə üsuluyla yönətilən ölkələrdəki qüsur və çatışmazlığın, Asiya və Afrikanın  geri qalmış ölkələrindəki pis idarəçiliyə, haqsızlığa, ədalətsizliyə haqq qazandırılması kimi  istifadə olunması... hansı sağlam düşüncəyə, məntiqə əsaslanır?

Hörmətli, professor, haqlı olaraq “Ümumiyyətlə, insan anlamadığı proseslərlə qarşı-qarşıya qaldıqda əfsanə uydurmaq qabiliyyətini ortaya qoyur. Bütün miflərin yaranma səbəbi məlumatsızlıqdır” deyə, bildirir.

Bəli, dini mövhumatın yaranmasının əsası məhz budur. Elə, itaətkar təbəə (vətəndaş yox) tərbiyə etdiyinə, bir alət, maşa kimi istifadə elədiyinə görə də, hakimyyətlər  dinin, mövhumatın olmasında maraqlıdırlar.

Müəllifin sadaladığı ictimai, siyasi neqativlər, heç də bütünlüklə “sələmçl maliyyə kapitalizmin” və ABŞ-ın deyil, daha çox daxili aparıcı qüvvə olan – kommunist diktaturaçıları və digər mənfi keyfiyyətli qruplaşmaların – kriminalların, dini diktatorçuların, gerizəkalıların etdikləridir. Daxildən sağlam olanlara, kənardan pis təsir mümkün deyil.

Həqiqətən, “...bu bəxtəvərlərdə huri-mələklər məkanı olan cənnətə vurğunluqları qravitasiya gücündən də betərdi”, əzizim, çünki özünü dindar adlandıranların çoxunun məqsədi, əslində zəhmət tələb edən ictimai faydalı işdən uzaq olmaq olduğundan, üzdə dindar, pərdə arxasında isə hərnəbaz, kefkom olublar. Əgər, dindəki vədlər, təhdid və qorxu olmasaydı, yəqin ki, dindarlıq kimsəyə sərf etmədiyindən indiyədək yaşamazdı da... Cahilliyin yaşam tərzi olaraq öyrədildiyi cəmiyyətlərdə, elmli millətlər kimi real iş görülməsi əvəzinə, hərzəlik edilməsi, ”...bəzilərinin başı tərpənməsi...”, “debiloidlər”in olması gözlənilən olmalıdır, başqa necə ola bilər ki?

Düzü, hörmətli filosofun, Avropa İttifaqını hansı əsasla  “...əcaib yeni imperiya forması” sayması mənə aydın deyil. Çünki imperiyaların klassik formaları, xarakteri tarixdən məlum olduğu kimi, bir dövlətin, digərini, xalqlarını zorla özünə qatmaqla əsarət altına alması, talaması, adi insani hüquqlardan məhrum etməklə yaşam tərzini pisləşdirməsidir, məsələn, SSRİ.

Axı, Aİ-da bunun əksidir. Mən, Aİ-nin məqsədlərini, bütün əlamətlərini yazsam uzun olar deyə, yalnız, yaranma əsasını və prinsiplərini qeyd edirəm:

- 1992-ci ildə 12 dövlətin (indi 15) bərabər hüquqlu müqaviləsi əsasında yaranmış, məqsədləri bütün qüvvələrini birləşdirib vahid güc olmaq, prinsipləri:

- demokratik idarəçilik sistemli üzv dövlətlərin milli fərdiliyinə hörmət etmək;

- insan hüquq və azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına müvafiq olaraq insan hüquqlarına hörmət etmək.

Bu ittifaq dövlətləri əməldə də müqavilədə göstərilən kimidirlər. Mən, bu sadalananlarda klassik imperiya əlamətlərini yox, əksinə, sərbəst yaşam tərzinin, sahəsinin daha da böyüməsini və yaxşılaşmasını görürəm.

Qaldı ki, “Avropa mədəniyyətinin asosial xarakter almasından, onun durmadan dərinləşən deqradasiyasından...” söhbət açmağa, olan şeydir, çünki bu cür çatışmazlıqlar həqiqətən var və bütün cəmiyyətlərin yaranışından təbii cığırdaşı olduğundan, Aİ ölkələri də istisna deyil. Lakin baxır hansı cəmiyyətin, hansı çatışmazlığı? Məsələn, əgər Aİ ölkələrinin insanı daha çox hərtərəfli sosial təminat uğrunda çalışır və bəzən bu dolğun həyatdan  da “bezib” macara axtarırsa, nə bilim, adam əvəzinə,  heyvanı, yaxud eyni cinslisini sevirsə, axmaq həyat tərzini seçirsə, bizcə, bu insana yaraşan olmadığından yaxşı deyil, pisdir... axı, başqaları (o toplumdan kənar) həqiqətən ölüm ayağında, “it günündə” yaşayırlar deyə... Bununla belə, Aİ ölkələri insanının istədiyi yaşam tərzini seçim haqqı var (bir şərtlə ki, bu seçim başqasının hüququnu məhdudlaşdırmasın) deyə, onların, bizə qəribə gələn bu cür haqları tanınır.  Məncə, burada “Kəssək oturub, daşın halına ağlayan” kimi, biz, bizdən çox üstün yaşayan Qərbi Avropanın, ABŞ-ın dərdini çəkməkdənsə (əslində isə qeybətini etməkdənsə), onlarla müqayisədə həyatın dibində olan yaşayışımızın “orta stasistik adam” səviyyəsinə çatdırılmasına çalışmalıyıq.

Elm və texnika əsrində “...real düşmənin olması zəruri”liyinə inanan ilişib... orta əsrlər dövründə qalıb, beləsinə isə, heç bənd olmağa dəyməz.

Məqalədə, bir sıra avropalı, amerikalı müəlliflərin də fikri inkişaf etdirilib “...ABŞ-ı, Qərbi öz azadlıqları ilə qabağa aparmış, elmi, texniki və texnoloji tərəqqiyə şərait yaratmış liberal-demokratizm artıq tükənibsə və özü maneəyə çevrilibsə” - qənaətinə gəlinməsinin real əlamətləri hansılardır, sadalanmır? Əgər, dünya ölkələrindəki gerilik, dağıntılar nəzərdə tutulursa... bağışlayın, bunlar öncül ölkələrdə yox, geriçilərdə baş verir. Hətta, bu öncül ölkələrdə baş verirsə də, o toplumun xası, ağıllısının yeni, daha üstün yaşam tərzini yaradacağı şübhəsizdir. Ən azı ona görə ki, sələflərinin müsbət təcrübəsi ortadadır -  bundan qabaqkını yaradıb, bəşəri, özlərinin yaşadığı bu günə gətirmişlər.

Qaldı, bizim siyasətçilərin bu cür məsələlərlə məşğul olmasına... əzizim, yaxşı bilirsən ki, buna düşüncəli beyin lazımdır, burada vəzifə, titul, sərvət işə yaramaz.

Aİ və ABŞ-ı uğurlayan idarəçilik sisteminin, üsullarının - bizim, indiki durumdan çıxmağımıza yarayan islahat modeli ola biləcəyinə şübhə etmirəm. Məncə, burada yenidən velosiped icad etməyə gərək yoxdur. Biz, qabaqcıl ölkələrin səviyəsinə çatdıqdan (qismət olsa) sonrasına isə, gələcək nəsillərimiz baxar. Bugün bizə (o qədər də dəxli olmayan), dünyanın dərdini çəkməkdənsə, öz dağılmışımızı səhmana salmaq lazımdır. Bu, çox sadə məntiqdir ki, hər kəs öz idarəçiliyində, yurisdiksiyasında olana cavabdehdir, başqasına yox.

Öz kimliyini tanıyanların – milli demokratik hüquqi dövlətini, vətəndaş cəmiyyətini quranların - yanında heç bir qüvvənin çirkin oyunu keçməz. Yalnız, belə toplum - daima yenilənən immunitetə malik ictimai müdafiə qalxanı yarada bilər ki, biz də beləsini qurmaq istəyirik.

Aİ, ABŞ hansı ölkəyə öz daxili qurluşunu daha üstün qaydada qurmağı qadağan etmişdir və ya istəsə belə, bunu edə bilərmi? Əgər, qadağan etsəydi, bəs bəzi bizdən olmayan öncül Asiya (Yaponiya, Cənubi Koreya, Tayvan, Sinqapur və s.) ölkələri az qala bu ölkələr qədər üstün yaşam tərzinə necə nail olmuşlar? Deyim, o cür ki, bu ölkələrin aparıcı qüvvələri idarəçilikdə öz səhvlərindən imtina etmiş, faydalı iş əmsalı daha üstün olan yaşam tərzinə üstünlük vermişlər. Elə ona görə də bu ölkələrdə olarkən hansısa bir Avropa ölkəsində yox, özünəxas, ekzotik bir diyarda olduğuna heyran qalırsan. Çünki bizim aparıcı olmalı olan görməmiş daxili qüvvələr kimi, üstün hesab etdikləri yabançılara (xaricilərə) aludəçilik, bənzəmək əvəzinə, milli özəlliklərinə sayğı var. Bu da sözsüz ki, milli tamlıqdan (mükəmməllikdən) irəli gəlir. Bu cür üstünlüklərə çatmaqçünsə, ilk öncə istək və bu istəyə uyğun əməl lazımdır, yalançılıq, baş girələmək yox. Bu gün Bakını gəzən, Azərbaycanın paytaxtını yox, sanki bizə qətiyyən dəxli olmayan, ingilis, fransız, alman şəhərini görür.

Əziz oxucular, indi siz deyin, “Bəşəriyyət qlobal kapitalizmin girovluğunda”dır, yoxsa, hələ də orta əsrlərdə ilişib qalan gerizəkalıların?

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar