"MƏRKƏZİ BANKLA BAĞLI QƏRİBƏ VƏZİYYƏT YARANMIŞDI" - PA-nın şöbə müdiri

"Azərbaycanın Konstitusiyasında Mərkəzi Bank heç bir dövlət hakimiyyəti qoluna aid edilməyib, ona görə ki, o, dövlət orqanı deyil"

"Yeni yaradılan publik hüquqi şəxs - Maliyyə Bazarlarına Nəzarət Palatasının nizamnamə layihəsi üzərində iş aparılır. Publik hüquqi şəxs statusunda yaradılan bu qurum özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərəcək". ANS PRESS-in məlumatına görə, bunu Prezident Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev "Azərtac"a müsahibəsində deyib.

Onun sözlərinə görə, heç bir dövlət orqanı özünü maliyyələşdirə bilməz və bütün xərclərini dövlət büdcəsi hesabına ödəyir. Lakin bu palata tam müstəqildir, dövlət büdcəsindən heç bir asılılığı yoxdur. Bu qurumun Nizamnaməsinin layihəsi bir aya hazır olacaq.

Ş.Əliyev qeyd edib ki, yeni qurumla Mərkəzi Bankın funksiyaları bölünəcək. "Mərkəzi Bankla əlaqədar bizdə qəribə bir vəziyyət yaranmışdı. Digər banklar kimi, o da maliyyə bazarının bir oyunçusudur. Oyun eyni məkanda keçirilirsə, bir oyunçu digər oyunçular üçün qaydalar qəbul edə, onların fəaliyyətini tənzimləyə bilməz. Bu, idarəetmənin aksiomudur".

Yeni qurumun manatın dirçəlməsinə təsir göstərə biləcəyi barədə suala cavab olaraq isə bildirib ki, bu, manatın dirçəlməsi ilə bağlı məsələ deyil, ümumən sistem məsələsidir. "Sistem isə kifayət qədər müasirləşməlidir. “Mərkəzi Bank haqqında” qanunda bildirilir ki, Mərkəzi Bank dövlət orqanıdır. Belə olduğu halda, o hansı hakimiyyət qoluna aiddir: qanunvericilik, icra və ya məhkəmə? Bəlkə bu, dövlət nəzəriyyəsində bir inqilabdır və yeni hakimiyyət qolunun ixtirasıdır? Azərbaycanın Konstitusiyasında Mərkəzi Bank heç bir dövlət hakimiyyəti qoluna aid edilməyib, ona görə ki, o, dövlət orqanı deyil. Məsələn, Rusiyada Mərkəzi Bank hüquqi şəxsdir. Əgər Azərbaycanda Mərkəzi Bank dövlət hakimiyyəti orqanıdırsa, onun işçilərinin vəzifələri də dövlət qulluqçularının təsnifatında olmalıdır. Lakin bu təsnifatda belə vəzifələr yoxdur. Əgər Mərkəzi Bank dövlət orqanıdırsa, dövlət hakimiyyəti orqanı məgər kredit verə bilərmi? Kreditlərdən faiz götürə bilərmi? Əlbəttə, yox. Deməli, Mərkəzi Bank dövlət hakimiyyəti orqanı deyil, dövlət hakimiyyətini həyata keçirməyən dövlət orqanı isə özü-özünü inkar edir.

PA şöbə müdiri Şahin Əliyev

Azərbaycandakı 44 dövlət orqanının əsasnamələrində yazılıb ki, onlar ya mərkəzi icra hakimiyyəti orqanıdır, ya da onların statusu mərkəzi icra hakimiyyəti orqanına bərabər tutulur. Konstitusiyaya əsasən, bu qurumların rəhbərləri hökumətin üzvüdürlər. Hökumət üzvü funksiyalarının istənilən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən həyata keçirildiyinə baxsaq, bu funksiyaların kifayət qədər dar çərçivədə olduğunu görərik. Bunlar nazirlər, komitə sədrləri və bir sıra xidmət rəhbərləridir, misal üçün Dövlət Sərhəd Xidmətinin rəhbəri. Digərlərinin funksiyalarına baxsaq, - məsələn, bu yaxınlarda ləğv olunan Dövlət Satınalmalar Agentliyi - görərik ki, onun statusu mərkəzi icra hakimiyyəti orqanının statusuna bərabər tutulurdu. Halbuki bu orqan satınalmaların təşkili və tenderlərlə məşğul olurdu. Sual yaranırdı ki, bu struktur hansı icra hakimiyyəti funksiyalarını həyata keçirir və hansı sahəyə rəhbərlik edirdi? Əslində belə qurumlar publik hüquqi şəxs olmalıdır. Onların icraedici funksiyaları yoxdur. Bu cür orqanlara mərkəzi icra hakimiyyəti orqanının statusunun verilməsi əlacsızlıqdan irəli gəlmişdi. Nazirlər Kabinetindən başqa, idarəetmədə yalnız iki növ icra hakimiyyəti orqanı var – mərkəzi və yerli".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar