«QOHUM-QARDAŞ YIĞINAĞIDI, BELƏ MƏCLİS OLAR?» - Sabir Rüstəmxanlıdan sərt açıqlamalar

“Mən özüm də, o sistemdən kənarda qalmamışam ki, razılıq olub ki seçilmişəm”

“Bütün hallarda, məclisə deputat seçkisi siyasəti, şübhəsiz ki doğru deyil. Yəni, bunu hamı bilir ki, seçki yoxdur, təyinat var. Mən özüm də, o sistemdən kənarda qalmamışam ki, razılıq olub ki seçilmişəm. Razılıq olmasaydı seçilə bilməzdim axı. Necə ki, indi razılıq olmadı deyə, seçkiyə də getmədim”.

“AzPolitika”nın məlumatına görə, bunları Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, sabiq deputat Sabir Rüstəmxanlı deyib.

Azərbaycan müstəqillik əldə edəndən parlamentin üzvü olan S.Rüstəmxanlı 2015-ci ilin parlament seçkilərində təmsil etdiyi 72 saylı Yardımlı-Masallı dairəsindən namizəd olmaqdan imtina etmişdi. Hakimiyyət bu dairədən tarixçi alim Musa Qasımlının namizədliyini dəstəkləmişdi. S.Rüstəmxanlıya hakimiyyətin mənfi münasibətinin hardan qaynaqlandığı tam olaraq bəlli deyil. Lakin görünən budur ki, mandatdan məhrum olduqdan sonra, VHP sədri yenidən radikal müxalifət mövqeyinə yaxınlaşmaqdadır.

S.Rüstəmxanlı jurnalist Sərdar Əlibəyliyə müsahibəsində parlamentin formalaşması, seçki problemi ilə bağlı daha sonra deyib:

“…Ona görə də, hesab eliyirəm ki, indiki seçki siyasəti Azərbaycanın ən böyük bəlalarından biridir. Axı niyə normal, demokratik və şəffaf seçki olmasın? Onsuz da kim seçilirsə seçilsin, Azərbaycanın müstəqilliyini istəyəcək, dövləti qorumağa çalışacaq. Sadəcə hamısı prezidentin siyasətini dəstəkləməyə, ya da hökumətin fəaliyyətini bəyənməyə bilər. Qoy olsun, amma bu nəyi dəyişə bilər ki? Onsuz da indi, o səhələrdə nəyisə dəyişə bilmək üçün Məclis hansısa ciddi səlahiyyətlərə sahib deyil. Ona görə də Məclisə əlavə enerji, mütərəqqi fikir mənbəyi kimi, inkişafa yol açacaq əlavə ideyaların verildiyi bir məkan kimi, qurum kimi baxmaq lazım idi. Orda siyasi plüralizmə, müxtəlif siyasi partiyaların öz ideyalarını ortaya qoymaları üşün şərait yaratmaq lazımdı. Amma o məsələ günü bu gün də həll olunmamış qalmaqdadır və bu, Azərbaycanın sözdə yox, gerçəkdən inkişafı üçün vaicdi, olmazsa olmaz şərtlərdən biridi. Ancaq təəssüf ki, bu belə deyil. Baxın, indi parlamentdə icra başçılarının nə qədər adamları təmsil olunurlar. Hər icra başçısı gücü çatan yerdən bir-iki adamını irəli verib. Tutaq ki, biri pul qazananını, biri tikinti tikənini, biri qardaşını, biri digər qohumunu məclisə saldırıb və belə baxırsan ki, ora məclis yox, qohum-qardaş yığınağıdı. Belə məclis olar?

…Yəni, bunlardan başqa kişi yoxdu bu məmləkətdə? Bax, ay əziz qardaşım, axı bir gün soruşarlar ki, niyə bu ölkənin hər şeyi bir qrup adamın əlində olmalıdır, bəs bu millətin özü hardadır. Bu millət və biz də onunla bir yerdə meydanlarda can çürütdük ki, Azərbaycanda normal cəmiyyət qurulsun, xalq seçsin, xalqı onun öz içindən irəli gələn adamlar idarə eləsin…”

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar