Nemət Pənahlı Qobustandan 17 saylı cəzaçəkmə müəssisəsinə qaytarılır

Pərviz Həşimli Ali Məhkəmənin Plenumuna müraciət edib

Rauf Mirqədirovun anası Rəfiqə İsayeva: “O, əsəbi olub, hədsiz dərəcədə darıxır...

Hazırda həbsdə olan Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının fevralın 23-də Qobustan həbsxanasındakı cəza müddəti başa çatır. Məhbus siyasətçi cəzasının qalan 11 ayını əvvəllər saxlanıldığı 17 saylı cəzaçəkmə müəssisəsində başa vuracaq.

Bu barədə musavat.com-a N.Pənahlının həyat yoldaşı Həcər Pənahlı məlumat verdi: “Uzunmüddətli görüş vaxtı idi. Normal görüş oldu. Fevralın 23-də 17 saylı “zon”a qaytaracaqlar. Nemət həmin vaxta hazırlaşır. Vəziyyəti hazırda normaldır. Yenə də tək saxlanılır. Müəyyən səbəblərə görə kamerasındakı məhbus yoldaşını çıxarıblar. Fevralın 23-də Nemətin Qobustandakı cəza müddəti başa çatır. Ondan sonra orada saxlanılması üçün heç bir əsas yoxdur. 17 saylı cəzaçəkmə müəssisəsinə qaytarılmasını istəmir. Çünki əvvəl orada narazılığı olmuşdu. Nəticədə rəisin təqdimatı ilə Qobustana köçürülmüşdü. Nemət həmin “zon”a qaytarılmaması üçün müraciət də edib. Lakin razı olmayıblar. Deyiblər ki, qərara uyğun hansı “zon”dan gəlibsənsə, ora da qaytarılmalısan. Qanun bunu tələb edir”.

Milli azadlıq hərəkatının öncül simalarından olan Nemət Pənahlı 2011-ci il yanvarın 8-də tutulub, xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. O, Qobustan həbsxanasına 17 saylı Cəzaçəkmə Müəssisəsi rəisinin 2013-cü ilin yayındakı təqdimatı əsasında köçürülüb.

“Ayna Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirova oxunan hökmdən apellyasiya şikayətinin verilməsindən 20 gün ötür. Hələ də jurnalistlə bağlı məhkəmə prosesinin nə zaman başlayacağı məlum deyil.

Vicdan məhbusunun anası Rəfiqə İsayeva gələn həftə prosesin başlama ehtimalının yüksək olduğunu bildirdi: “Şikayətdə bəzi düzəlişlər olmalı idi. Ona görə də məhkəmənin vaxtı bilinmir. Raufun özü ilə fevralın 3-də görüşdüm. Çox əsəbi olub, hədsiz dərəcədə darıxır. Deyir ki, burada saxlanılmağımın səbəbini bilmirəm. Bu iş üzrə digər ittiham olunan şəxslər azadlıqdadır. Raufa saxlanıldığı yerdə normal münasibət var. Səhhəti də qaydasındadır. Başında tez-tez ağrılar olur. Onu da dərmanlarla yola verir”.

“Bizim Yol” qəzetinin əməkdaşı Pərviz Həşimli Ali Məhkəmənin Plenumuna müraciət edib. Jurnalist qanunsuz həbsdə olduğunu, onu həbs edən MTN-çilərin vəzifələrindən ya uzaqlaşdırıldıqlarını, ya da həbs olunduqlarını deyir.

Bu barədə onunla görüşən vəkil Bəhruz Bayramov məlumat verdi: “Pərvizlə görüşdüm. Ona qarşı böyük haqsızlıq var. Çünki onu həbs edənlərin özləri hazırda həbsxanadadırlar. İşi aparan müstəntiq işdən çıxarılıb. Pərviz Həşimli bütün bunlara rəğmən hələ də həbsdə saxlanılmasını ədalətsizlik sayır. Dekabrda azad olunacağına çox ümid edirdik. Ali Məhkəmənin Plenumuna müraciət etmişik. Yəqin ki, baxılma prosesi 4-5 ay çəkəcək. Nəticəsinin necə olacağını deyə bilmərik. Çünki Ali Məhkəmədə oktyabrın 27-də iştirakımız olmadan prosesin keçirilməsini və qərarın qüvvədə saxlanılmasını unutmamışıq”.(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar