ARİF ƏSGƏROVUN OĞLU MƏRHUM DEPUTATIN AİLƏSİNİ MÜFLİS EDİB- Prezidentə məktub

Arif Əsgərov cavabında bildirdi: “Bu məsələyə görə bir də məni narahat etməyin və oğlum Elnarın adını heç yerdə çəkməyin...Mənim sizə veriləsi pulum yoxdur"

“Azərbaycan Dövlət Dəmiryolları” ASC-nin direktoru Arif Əsgərovun oğlu, “Liman Group” şirkətinin rəhbəri Elnar Əsgərovun da qarışdığı 48 milyon manatlıq dələduzluq əməli ilə bağlı virtualaz.org-un redaksiyasına yeni şok məlumatlar daxil olub. Virtualaz.org-a məlum olub ki, Elnar Əsgərovun və onun xalası uşaqlarının bu misli görünməmiş maliyyə fırıldağının qurbanlarından biri də mərhum deputat, Azərbaycan konstitusiyasının müəlliflərindən biri olan görkəmli hüquqşünas, Zakir Zeynalovun ailəsidir.Xəbər verdiyimiz kimi, “Azərbaycan Dövlət Dəmiryolları” ASC-nin marketinq və tarif şöbəsinin bölmə rəisi olmuş Rahib Hüseynov bir neçə həftə əvvəl DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. R.Hüseynov 50-yə yaxın sahibkarı üst-üstə 48 milyon manat aldatmaqda şübhəli bilinir. Onun qardaşı, bu işdə adı keçən Emin Hüseynov isə Moskvaya qaçıb.

Zərərçəkənlər virtualaz.org-a bildiriblər ki, əslində bu maliyyə fırıldağının başında Arif Əsgərovun oğlu Elnar Əsgərov gəlir və bütün pullar ona çatırmış. Saxlanılan R.Hüseynovun əvvəlcə Arif Əsgərovun bacısı oğlu olduğu deyilmişdi, lakin daha sonra “Azərbaycan Dövlət Dəmiryolları” ASC mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov onun A.Əsgərovun baldızı oğlu olduğunu açıqladı.

Məlum olub ki, oliqarx oğlunun və onun xalası oğlanlarının törətdiyi bu maliyyə fırıldağının güdazına gedənlərdən biri də mərhum Zakir Zeynalovun ailə üzvləridir. Z.Zeynalov da A.Əsgərov kimi əslən Tovuz rayonundandır. O, Azərbaycanın görkəmli ziyalılarından və hüquqşünaslarından biri olub, uzun müddət Milli Məclisin deputatı, parlamentin Dövlət quruculuğu və konstitusiya komitəsinin sədri, parlamentin vitse-spikeri olub. O, Azərbaycanın indiki konstitusiyasının müəlliflərindən biridir.

Məlum olub ki, mərhum Zakir Zeynalovun ailə üzvləri üzləşdikləri fırıldaqla bağlı bundan əvvəl daxili işlər naziri Ramil Usubovun da qəbulunda olublar. İndi isə Zeynalovun xanımı Çimnaz Zeynalova prezident İlham Əliyevə başına gələnlər haqda müraciət ünvanlayaraq dövlət başçısından kömək diləyir.

Ç.Zeynalovanın məktubunu məzmununa toxunmadan olduğu kimi təqdim edirik:

“Milli Məclisin Hüquq komissiyası və dövlət quruculuğu komissiyasının sədri, Milli Məclis sərdrinin müavini olmuş, mərhum Zakir Əlixan oğlu Zeynalovun həyat yoldaşı Çimnaz Zeynalova, qızı Qəmər Zeynalova və oğlu Nazim Zeynalovu evsiz-eşiksiz qoyub kirayələrdə yaşadan “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Arif Əsgərov və onun oğlu Elnar Əsgərov barədə

(Çimnaz xanım tərəfindən şikayət)

Hörmətli cənab prezident, təxminən 7-8 aya yaxındır ki, mən və oğlum Nazim evimizi satmışdıq. Fikrimizdə başqa ev almaq planı var idi. Lakin böyük oğlum Adil bir gün mənə bildirdi ki, Arif Əsgərovun oğlu Elnar Əsgərovla iş görəcək və ona müəyyən məbləğdə pul lazımdır. Belə ki, Elnarla aralarında olan danışığa əsasən müəyyən miqdarda vəsait qoymaqla yaxşı gəlir əldə etmək mümkün imiş. Adil məni inandırdı ki, Elnarla iş görsələr, pul geri qayıdarkən üstündə müəyyən məbləğ artıq qayıdar və bu da bizə qazanc olar.

Pulları Adilə verdikdən sonra müvəqqəti olaraq kirayə evə köçməli olduq. Bir müddətdən sonra isə Adil mənə dedi ki, Elnar verdiyimiz pulu mənimsəyir və qaytara bilməyəcəyini deyir.

Məsələ belə olunca dəfələrlə Arif Əsgərovla əlaqə yaratmağa çalışsam da bu heç cür mümkün olmayan bir işə çevrilirdi. Müraciətim və zənglərim cavabsız qalırdı. Hətta Arif Əsgərovun rəhbəri olduğu idarəyə dəfələrlə getməyimə baxmayaraq məni qəbul etmədi və qapıdan qayıtmalı oldum.

Günlərin birində nəhayət ki, Arif Əsgərovla telefonla danışa bildim və ona baş vermiş əhvalatı təfsilatı ilə bildirdim. Öz növbəsində isə Arif Əsgərov cavabında bildirdi: “Bu məsələyə görə bir də məni narahat etməyin və oğlum Elnarın adını heç yerdə çəkməyin. Onsuz da heç nəyə nail ola bilməyəcəksiniz. Mənim sizə veriləsi pulum yoxdur. Kimə istəyirsiniz, hara istəyirsiniz, gedin və şikayətinizi edin. Heç kəsdən qorxmuram və heç nədən çəkinmirəm. Şikayət edəcəyiniz və qapısını döyəcəyiniz heç bir məmuru mən saymıram”. Danışığımız belə oldu və heç nəyi şişirtmirəm.

Hörmətli cənab prezident, məlumunuzdur ki, mərhum həyat yoldaşım Zakir Zeynalov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komissiyasının sədri, Milli Məclisin sədrinin müavini olmuşdur. Mərhum həyat yoldaşım 90-cı illərin əvvəllərində mərhum prezidentimiz, ümummilli lider Heydər Əliyevin Azərbaycana gəlməsində önəmli roll oynamış, Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri olmuşdur. Ömrünün sonuna qədər Heydər Əliyev və onun siyasi kursuna sadiq tərəfdaşı olmuşdur. Vəfatından sonra isə ailə üzvlərimiz hazırda sizin apardığınız uğurlu daxili və xarici siyasətlə, ölkədə yaranmış stabilliklə, sosial rifahımızın yaxşılaşdırılması üçün gecə-gündüz apardığınız mübarizənin nəticəsinin bəhrəsiylə fəxr etmişik və sizin sadiq tərəfdarlarınız olmuşuq. Sizin sosial siyasətinizə inanırıq və ölkədə korrupsiya və rüşvətxorluğa, məmur özbaşınalığına qarşı apardığınız mübarizəyə yaxşı bələdik. Belə ki, dəfələrlə çıxışlarınızda vətəndaş məmur münasibətlərinə həssaslıqla yanaşmısınız, hətta çıxışlarınızın birində bu günə qədər unutmadığım bu ifadələri işlətdiniz: “Özbaşınalıq edən, harınlamış məmur övladlarının atalarını, onların hamilərini cəzalandıracağam. Onları o vəzifəyə mən qoymuşam, mən də çıxaracağam”.

Aldığımız digər məlumata görə isə Arif Əsgərov hələ bütün bunlar azmış kimi oğlunu xarici ölkələrdən birinə diplomat göndərmək fikrindədir. Bir vətəndaş olaraq bir dələduzun ölkəmizi başqa ölkədə təmsil etməsinin əleyhinəyəm.

Bu məktubla bir azərbaycanlı ana kimi üzümü sizə tutub bizə kömək olmanızı, günakarların cəzalandırılması üçün lazımi tədbirlərin həyata keçirilməsi üçün göstəriş verməyinizi sizdən xahiş edirəm və buna səmimi qəlbdən inanıram. Hər hansı bir məmur övladının özbaşınalığı, harınlamışlığı ucbatından bu gün mən oğlum Nazim Zeynalov və həyat yoldaşı rəhmətə getmiş qızım Qəmər Zeynalova və onun övladı Cavid Musayevlə bərabər kirayə evdə yaşayırıq. Buna nə Azərbaycan mentaliteti, nə məntiq, nə də hüquq heç bir haqq verə bilməz.

Fürsətdən istifadə edib deyim ki, qarşıdan gələn prezident seçkilərində sizi dəstəkləyəcəyik. Bir vətəndaş kimi sizin rəhbərlik etdiyiniz ölkədə özümü daha yüksək güvəndə, rahat hiss etməmizi təmin etdiyinizə görə sizə minnətdarlığımı bildirmək istəyirəm.

Hörmətlə

Çimnaz Zeynalova"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar