“Rusiyada heç bir çaxnaşma yoxdur” - Səfir

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin “Komsomolskaya pravda” nəşrinə müsahibəsində Rusiyadan kənar Ukrayna, Gürcüstan, Azərbaycan və Qazaxıstan üzərindən keçməklə Şərqi Avropanı Çinlə birləşdirən “İpək Yolu” - Transxəzər Nəqliyyat Dəhlizinin ötən ay işə salınmasını şərh edib.

APA-nın “Komsomolskaya pravda” nəşrinə istinadən verdiyi xəbərə görə, səfir Vladimir Doroxin “İpək Yolu” nəqliyyat dəhlizinin hələlik yalnız bir layihə olduğunu bildirib: “Marşrut üzrə hələlik yalnız bir qatar sınaqdan keçirilib. Bu qatar mənzil başına planlaşdırıldığı müddətdən xeyli gec çata bilib. Həmçinin tariflər üzrə də suallar hələlik qalmaqdadır”.

Doroxin Transxəzər Nəqliyyat Dəhlizi layihəsi ilə bağlı mühüm hesab etdiyi bir neçə məqama da toxunub: “Birincisi, ölkə öz ərazisini tranzit yol qismində təklif etsə də, ümumilikdə, passiv mövqe tutur. Yüklərin gedib-getməyəcəyi ondan asılı deyil. Çində iqtisadiyyat inkişaf edəcəyi təqdirdə, marşruta da tələbat olacaq. Tənəzzül davam edəcəyi təqdirdə isə yüklərin həcmi azalacaq. Azərbaycan bununla bağlı heç nə edə bilməyəcək. Həmçinin layihənin digər iştirakçıları da buna təsir etmək iqtidarında deyillər.

İkincisi, bu marşrut çox mürəkkəbdir. Mallar bir neçə dəfə yüklənməlidir, iki dəfə dənizlə daşınmalıdır. Xəzərdəki fırtınaların bir, hətta, iki həftəyədək davam etməsini də nəzərə almaq lazımdır. Bundan başqa, marşrutun salındığı Gürcüstan ərazisində dəmir yolu çox mürəkkəb relyef üzərindən keçir.

Üçüncüsü, bu layihə Rusiya-Ukrayna münasibətləri fonunda bir qədər siyasiləşdirilib”.

Səfir Rusiyanın Transxəzər Nəqliyyat Dəhlizi layihəsinə tamamilə sakit yanaşdığını qeyd edib: “Rusiya-Azərbaycan münasibətlərinin gündəmində Transxəzər Nəqliyyat Dəhlizi məsələsi yoxdur. Bununla məşğul olmaq istəyirlərsə - buyursunlar! Baxaq, görək bundan nə çıxacaq?

Bizdə bununla əlaqədar heç bir çaxnaşma və ya dramatikləşdirmə yoxdur. Dünyada dəmir yolları çoxdur. Onların bir hissəsi Rusiyadan, digəri isə ölkə hüdudlarından kənar keçir. Bu bazardır! Baykal-Amur Magistralından imtina etmək niyyətimiz yoxdur. Məlum olduğu kimi, rəqabət tərəqqinin mühərrikidir!”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar