QURBANOV NAZİRLƏ DOSTLUĞUNUN BİTDİYİNİ AÇIQLADI -  "Gediş-gəlişimiz yoxdur"

"Biz Ziya Məmmədovla 18 il birgə çalışmışıq. Ziya müəllim mənim həyatımda hansısa bir rol oynayıb. Amma bu gün məsləhət olunub ki, biz bir yerdə çalışmayaq. O, cənab prezident tərəfindən ölkənin bir nazirliyinə rəhbər təyin olunub. Mən də bir qurumun rəhbəriyəm. Bizim hər ikimizin bir məqsədi, amalı olmalıdır ki, ölkə başçısına, dövlətə xidmət edək. Onunla münasibətim digər nazirlərlə olduğu kimidir."

Bu fikirləri "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov “Yeni Müsavat”a müsahibəsinin ikinci hissəsində nəqliyyat nazir Ziya Məmmədovla münasibətlərinin hazırda necə olması ilə bağlı suala cavab olaraq səsəndirib.

Cavid Qurbanov nəqliyyat naziri ilə əvvəlki dostluq münasibətlərinin qalmadığına açıq işarə vurub:

- O dostluq, əvvəlki münasibət qalmayıb...

- Mən onun xətrini hər zaman istəmişəm. Zamanında birgə çalışmışıq, indi ayrı-ayrı çalışırıq. Deyim ki, gedişimiz-gəlişimiz var, yoxdur. Bayramdan-bayrama salamlaşırıq. Amma bir-birimizə pisliyimiz yoxdur.

- Münasibətlərin əvvəlki kimi olmamasına kadr sahəsindəki struktur dəyişikliklər səbəb ola bilər? Onun səlahiyyətindəki bir struktura müstəqillik verilməsi və sizə həvalə olunması... Bununla bağlı sizə hər hansı irad, inciklik bildirməyib?

- Mənə elə bir irad etməyib. Bu qərar dövlət başçısının qərarıdır. Belə məsləhətdir, belə olub.

Göründüyü kimi, Cavid Qurbanov keçmiş naziri barədə danışarkən aralarlndakı dostluğun tamamilə bitdiyini açıq şəkildə bəyan edib. Hətta "bir-birimizə pisliyimiz yoxdur" deməklə, münasibətlərin bu səviyyədə pisləşdiyini etiraf edib.

Qeyd edək ki, müsahibənin birinci hissəsində də Cavid Qurbanov dəmiryolunu uzun illər öz nəzarətində saxlamış nəqliyyat naziri Ziya Məmmədovu sərt tənqid edib. "Mən dəmiryolunu qəbul edəndə düşünməzdim ki, bu sahə texniki tərəfdən zəifdir" deyən Cavid Qurbanov faktiki olaraq uzun illər dövlətin bu sahəyə ayırdığı pulların məninmsənildiyinə işarə vurub.

Eyni zamanda nəqliyyat naziri Ziya Məmmədovun quhumlarının və dostlarının hökmranlıq etdiyi "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində kadr siyasətini də sərt sözlərlə tənqid edib:

“Bu vəzifəyə təyin olunandan sonra gördüm ki, texniki heyəti, kadr potensialı bərbad vəziyyətdədir. Ona görə də mövcud vəziyyətlə bağlı ölkə başçısına, baş nazirə məruzə etdim”.

Cavid Qurbanov bununla da kifayətlənməyib, bu sahəyə özündən əvvəl rəhbərlik etmiş şəxsləri dövlət başçısının tapşırıqlarını yerinə yetirməməkdə suçlayıb: “Bu ağır və böyük struktura dəmiryolu rəhbərliyi, onun işçiləri tərəfindən lazımi diqqət göstərilməyib. Bunların hamısı o vəziyyətə gətirib çıxarıb ki, biz bu formada davam etsəydik, 2020-2022-ci illərə qədər dəmiryolu parkında vaxtı keçməmiş, istismara yararlı olan vaqon və lokomotiv parkından çox cüzi miqdarda qalardı. İndiki parkın təxminən 5 faizi qalacaqdı. Ölkə prezidenti tərəfindən 4 il budan öncə inkişaf proqramı təsdiqlənib. Onun punktları var, tapşırıqlar verilib. Amma mövcud durum göstərirdi ki, bu tapşırıqların icra olunması gecikib. Yoxlamalar göstərirdi ki, layihələr illərlə gecikdirilib və yerinə yetirilməyib. Baxmayaraq ki, dövlət başçısı pul ayırıb, tapşırıqlar verib...”

Cavid Qurbanov müsahibəsində Ziya Məmmədova mesaj da göndərib, onun təsərrüfat fəaliyyətindən, yəni PULDAN uzaq durmalı olduğunu bildirib: "Nazirliklər əsasən dövlətin onlara tapşırdığı siyasətlə məşğul olmalıdır. Tutaq ki, Nəqliyyat Nazirliyi ölkənin nəqliyyat siyasəti ilə məşğul olmalıdır. Amma çox vaxt bizim nazirliklər və məmurlarımız öz sahəsi üzrə olan siyasətlə təsərrüfat fəaliyyətini qarışdırırlar. Hesab edirəm ki, ümumiyyətlə, nazirliklər daha çox dövlətin o sahə üzrə siyasətini yerinə yetirməlidir. Subyektlər konkret olaraq təsərrüfat fəaliyyətini yerinə yetirir. Bu da daha çox kömək əvəzinə idarəetmədə tıxac əmələ gətirir. Ona görə də belə qərar qəbul olundu ki, iqtisadiyyatın böhranlı günlərində daha çox operativliyi, çevikliyi təmin etmək, cəld qərarlar qəbul etmək üçün təsərrüfat subyektlərinə sərbəstlik verilsin. Bu, zərurətdən əmələ gəldi. Özü də bu, təkcə bizdə həyata keçirilmir. Qonşu Gürcüstanda, Rusiyada, Qazaxıstanda belədir. Türkmənistanda ayrı nazirlik kimi fəaliyyət göstərir. Dəmir yolu müəyyən bir formada nəqliyyata bağlıdır. Amma əksər ölkələrdə dəmir yolları avtonom idarə olunur”.

Göründüyü kimi, son dövrlər hər fürsətdə köhnə dostunu sərt sözlərlə hədəfə alan Cavid Qurbanov bu müsahibəsində də Ziya Məmmədovu unutmayıb. Ancaq maraqlıdır vaxtilə cox yaxın olan bu ikilinin münasibətlərinin bu qədər soyumasının, hətta az qala düşmənçiliyə çevrilməsinin səbəbi nədir?

N. İsmayılov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar