Döyülüb öldürülən jurnalist Cavid Hüseynovdan üzr istəyib? - MƏHKƏMƏ

Bu gün Səbael rayon Məhkəməsində jurnalist Rasim Əliyevin ölümü ilə bağlı cinayət işi çərçivəsində həbs edilən futbolçu Cavid Hüseynovun məhkəmə prosesi başlayıb.

Lent.az-ın məlumatına görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesə jurnalistlər buraxılmayıb. Proses başlayandan sonra vəkil Adəm Məmmədov vəsatət verib ki, jurnalistlər prosesdə iştirak etsin. Bundan sonra vəsatət təmin olunub və jurnalistlər zala daxil olub. Prokuror ittiham nitqi ilə çıxış edib. Cavid Hüseynov ittiham üzrə özünü təqsirli bilməyib. O, məhkəmədə sərbəst ifadə verib: “Ayın 8-də evdə ailəmlə oturmuşdum. Elşən “WhatsApp”da yazdı ki, xəbərə bax, sənin haqqında pis şeylər yazıblar. Dedim, eybi yoxdur, jurnalistdir, qoy yazsın, işin olmasın. Elşən artıq Rasimlə danışdığını, Rasimin ona ağır söyüş söydüyünü dedi. Mən də Elşəndən Rasimin nömrəsini alıb, ona zəng elədim. Uzun müddət danışdıq, çox mülayim keçdi söhbətimiz. Məsələni ona izah elədim. O da məni başa düşüb, məndən üzr istədi. Ona dedim, mümkündürsə, bunu da yaz ki, Cavidlə danışdım və səhv anladığım üçün ondan üzr istəyirəm. Sonra Elşənə zəng eləyib dedim ki, heç nəyə ehtiyac yoxdur, Rasimlə danışıb məsələni bağladıq”.

C. Hüseynovun sözlərinə görə, bundan sonra məşqə gedib: “Məşqdən çıxanda Elşən zəng elədi ki, Rasimlə görüşdüm, ona təpik vurdum, Rasim də qaçıb getdi. Elşəni xeyli danladım. Çünki məni saymamışdı. Sonra hamamdan çıxanda gördüm ki, saytlar yazıb, Rasim Əliyevi Cavid Hüseynovun qohumları döyüb. Elşənə zəng elədim ki, necə vurmusansa, Rasim xəstəxanaya düşüb. Ardınca isə bir insan kimi xəstəxanaya getdim. Xəstəxanada Rasimlə görüşdüm. Rasim dedi, sənin bibioğlun məni çay içməyə dəvət elədi və döydü. Orda bildim ki, Rasimin telefonu və pulqabısı hadisə yerindən götürülüb. Ondan üzr istəyib çıxıb getdim. Səhəri gün Qəbələyə gedirdim, yolda qardaşım Almaniyadan zəng elədi ki, Rasim ölüb. Tez Elşənə zəng elədim ki, özünə vəkil tut, get, təslim ol, hər şeyi olduğu kimi danış. Mən Rasimlə danışanda hər şey yaxşı idi. Mən bilsəydim, onu orda yaxşı müalicə eləmirlər, öz hesabıma hara lazımdısa, aparıb onu müalicə etdirərdim.

Mən bütün Azərbaycan xalqına sübut edəcəm ki, günahsızam. Mən burda haqqımı almasam, Allah qarşında haqq qazanacam”.

Qeyd edək ki, Bakı şəhər sakini, ann.tv-nin əməkdaşı Əliyev Rasim Məmmədəli oğlu 2015-ci ilin avqust ayının 8-də paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib. Bununla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Faktla Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib. O cümlədən, “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov da R.Əliyevin döyülərək qətlə yetirlməsi ilə əlaqədar açılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb. C.Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bakı Şəhər Prokurorluğunda başlanan cinayət işinin istintaqı keçən il dekabrın 22-də tamamlanıb. K.Mədətov, C.Məmmədov və S.Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), E.İsmayılov və A.Əliyevin isə həmin Məcəllənin 126.3 və 177.1-ci (oğurluq) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham aktı təsdiqlənərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hazırda cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Cinayət işinin materiallarından C.Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraata cinayət işi ayrılıb və “Qəbələ”nin futbolçusunun işi Səbail Rayon Məhkəməsinə göndərilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar