Ərdoğan “Camaat”a qarşı əməliyyatın tarixini açıqladı

Baş nazir 30 mart bələdiyyə seçkilərindən dərhal sonra Gülən tərəfdarlarına qarşı əməliyyat başlayacağını bildirib

Türkiyə baş naziri yeni həbslərin anonsunu verdi. “Radikal” qəzetinin yazdığına görə, Osmaniyədən, seçki mitinqindən geri dönərkən jurnalistlərə brifinq verən baş nazir Rəcəb Tayyib Ərdoğan “Camaat”la bağlı fikirlərini bildirib. Qeyd edək ki, bir neçə gün əvvəl “Yeni Müsavat” qəzetində Türkiyə hökumətinin kəşfiyyat və məhkəmə sistemi ilə bağlı qanunları yenilədiyini, 30 martda keçirilən bələdiyyə seçkilərindən sonra “camaat”a qarşı əməliyyata başlayacağı ilə bağlı yazı dərc olunub.

İndi isə Türkiyədə baş nazir səviyyəsində artıq Fətullah Gülən camaatına qarşı xüsusi əməliyyat hazırlandığını rəsmən elan edib. Jurnalistlərlə söhbətində Ərdoğan bildirib ki, “Camaat”la AKP hökuməti arasında ilk qırılma 2010-cu ildə keçirilən referendumda baş verib. “İndi bilindi ki, polis və kəşfiyyatdan sonra məhkəmə sistemini də beləcə ələ keçirdilər”, – deyə Ərdoğan qeyd edib. Baş nazir bildirib ki, martın 30-da keçirilən bələdiyyə seçkilərindən sonra “Camaat”a qarşı “lazımı addımlar” atılacaq. Ərdoğan həmçinin qeyd edib ki, bir sıra açıqlamaları səbəbilə hazırda ABŞ-da yaşayan Fətullah Gülənə olan etibarı, inamı sarsılıb. Baş nazir “Camaat”ın xərac topladığını iddia edib: “Bu sistemin xərac topladığı üzə çıxdı. Bir daha aydın oldu ki, bütün dinləmələrdən iş adamlarını şantaj məqsədi ilə istifadə etdilər. Ölkə həqiqətən paralel bir sistemin əli ilə hazırlanan çevrilişlə qarşı-qarşıyadır. Bu indi ortaya çıxdı. Bundan sonra seçkilər, ondan sonra isə buraların dizayn edilərək təmizlənməsi olacaq”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar