PUTİN NƏDƏN QORXUR? – “İnsanlar qasırğanın qopacağını hiss edirlər...”

Rusiya vətəndaşlarının həyat səviyyəsinin aşağı düşməsi Vladimir Putinin hakimiyyəti üçün təhlükəlidir. Hələlik söhbət aktiv etirazlardan getməsə də, tezliklə hər şey dəyişə bilər. 2014-cü ilin dekabrında ruslar banklara axın edərək, əmanətlərini çəkməyə başladılar. Vətəndaşların çoxu banklardan çıxardıqları pulları dollara və avroya dəyişdilər. Digərləri isə mağazalara yürüyərək, soyuducu, televizor və ya avtomobil aldılar. Yəni, insanlar milli valyutaya nisbətən öz dəyərini daha çox saxlayan əşyalar almağa üz tutmuşdular. (“Frankfurter Allgemeine Zeitung” - Almaniya)

Bəs indi? Rubl daha da zəifləyib. Amma əhali arasında əvvəlki kimi təlaş yoxdur. Bəlkə də, insanlar yeni vəziyyətə uyğunlaşıblar. 2015-ci ilin noyabrından, rubl, neft qiymətlərinin ardınca aşağı düşür. Axar su zamanla nəinki daşları, həmçinin insanların da ağlını cilalayır.

Təkcə milli valyutanın məzənnəsi çökmədi. Dünya maliyyə böhranından sonra ilk dəfədir ki, keçən il Rusiyanın Ümumi Daxili Məhsulu, təqribən 3,7% azalıb. Sənaye istehsalından tutmuş, investisiya sahələrinə qədər, hər yerdə iqtisadi geriləmə baş verib. İnflyasiya 10%-i ötür, pərakəndə satışdakı gəlir və əhalinin real qazancı da durmadan azalır. Neft qiymətlərinin düşməsi ilə bərabər dövlət büdcəsinin gəlirləri də düşür, ancaq bu əsas problem deyil. Rusiyanı defolt təhlükəsi gözləmir. Lakin “defolt” əksər rusiyalıları gözləyir ki, elə məhz bu da Vladimir Putini qayğılandırmalıdır. Onun hakimiyyəti illərində ölkə vətəndaşları ildən-ilə daha yaxşı yaşamağa başlamışdılar. Çünki neftin qiyməti qalxırdı. Büdcəyə böyük pullar axdığından, məvaciblər və təqaüdlər artırılırdı. Bu illər ərzində gənc Rusiya Federasiyasında əsl istehlak bumu yaşanıb.

- Böyümə təhlükə altındadır

İndi həmin iqtisadi böyümə təhlükə altındadır. Liberal islahatların çatışmaması, həmçinin də bürokratiya və korrupsiyaya qarşı mübarizənin yoxluğu ucbatından ölkə iqtisadiyyatı ayaq üstə dayana bilməyib.

İqtisadi böyümə, hələ dörd il bundan əvvəl ləngimişdi. Rusların yaşayış səviyyəsinin azalması, özündə ciddi təhlükələr saxlayır. Praktik olaraq, ictimai həyatın bütün sferalarını öz iradəsinə tabe etdirən Kreml, bu cür təhlükəni nəzarət altına sala bilməz. Nə baş verir? Axı, Rusiyada həyat həmişə ağır olub. Moskva və Sankt-Peterburqdan başqa, yaşayış səviyyəsi bu ölkədə demək olar ki, daima aşağıdır. Kimsə Rusiyada bir ildən artıq müddətə nə isə planlaşdırmır. Ona görə ki, bütün səy və ümidlərin üstündən dərhal xətt çəkilə bilər.

1990-cı illərdəki “dözülməli” həyatla, yaşayış minimumu arasındakı hədd çox nazik idi. Putin dövründə vəziyyət yaxşıya tərəf dəyişsə də, bu təhlükə tam olaraq, heç vaxt aradan qalxmayıb. Hazırda həmin çətin günlərin meydana çıxacağı təhlükəsi yenidən aktuallaşıb.

- Letargiya yuxusu və dözüm

Bu illər ərzində bəzi rusiyalılar letargiya yuxusundan ayılıblar və öz dözümlülüklərini undublar. Onlar hətta siyasi represiyalardan da qorxmayıblar. Bir il əvvəl bütün ölkə üzrə şəhərətrafı elektrik qatarlarında sərnişin daşınmasına məhdudiyyətlər gətirilməsinə qarşı geniş etirazlar başlamışdı. Bundan sonra Putin təxirəsalınmadan həmin mövzunu prioritet məsələ kimi qəbul etdi. Keçən ilin payızında uzaq magistrallı yük avtomibllərinin sürücüləri yol vergisinə qarşı geniş şəkildə etiraz etmişdilər. Amma burada söhbət yalnız əhalinin nisbətən kiçik hissəsindən gedir və belə “qığılcımlar”dan həllik böyük yanğın törənməyib.

Onu demək lazımdır ki, rusların təsəvvürünə görə, balıq heç də həmişə başdan iylənməzmiş. Böyük sayda şəhərətrafı elektrik qatarlarının ləğv edilməsini yerli büdcədəki kəsirlə, yeni yol vergisinin toplanmasını isə avtomobil yolları şəbəkəsinin təcili modernləşdirilməsi ilə əlaqələndirdilər.

Məsələlərə belə bir fonda yanaşan insanlar, yaranmış problemlərdə Putini günahkar görmürlər, hələ əksinə, prezidenti, xalqı qəddar yerli məmurlardan qoruya biləcək xilaskar hesab edirlər. Hərdən ruslar dövlət başçısına hədsiz böyük hörmətlə yanaşırlar, amma bu onların prezidenti sevdikləri anlamına gəlmir.

Əgər Prezident kifayət qədər cəld və qoçaq hərəkətlər nümayiş etdirirsə, onda o, rusiyalılar üçün paradoksal şəkildə dövlət məfhumu hüdudlarından kənarda qalır.

- İnsanlar qasırğanın qopacağını hiss edirlər

Bəzi rusiyalıların nöqteyi-nəzərinə görə, 1970-ci illərdən başlamaqla Rusiya rəhbərlərinin təkamülü kifayət qədər sadədir: Leonid Brejnev düşünmə qabiliyyətini çox çətinliklə saxlayırdı. Mixail Qorbaçov Sovet İttifaqının dağılmasına cavabdehdir. Boris Yeltsin əyyaş olub və onun dövründə əhalinin böyük bir hissəsi yoxsullaşmışdı. Bəs Putin? O, idmanla məşğul olur, içmir, çox işləyir və məhz onun idarə etdiyi dövrdə iqtisadi böyümə baş verib. Onun yerinə kim gəlməlidir?

Putinin populyarlıq reytinqi hal-hazırda əvvəlki kimi çox yüksəkdir - 80%-i ötür.

Bütün bunlarla yanaşı, demək lazımdır ki, əksər rusiyalılar vəziyyəti çox kritik qiymətləndirirlər. İctimai rəyi öyrənən “Levada –Mərkəz”in yanvar ayında keçiridiyi sorğuya görə, əhalinin yalnız 45 %-i Rusiyanın doğru yolla yürüdüyünə inanır. Beləliklə, rəy sorğusunun nəticələrinə görə, Putinin siyasi kursunun tərəfdarlarının sayı, 2014-cü ilin yazında Krımın ilhaq edilməsi və Ukraynanın şərqində müharibəyə başlanılması dövründə necə yuxarı qalxmışdısa, indi elə o sürətlə də aşağı düşür.

İnsanlar güclü qasırğa başlayacağını hiss edirlər. Burada sual belə qoyulur ki, bütün baş verənlərə şəxsən prezidentin cavabdehlik daşıdığını anlayanların sayının kritik həddə gəlib çatması üçün, hansısa xüsusi bir ”ildırım zərbəsi” olmalıdırmı?

Ancaq hansı hadısə “idırım zərbəsi” ola bilər? Çörəyin qiymətinin bir qədər də artmasımı? Bank kollapsımı?

Lakin “ildırım zərbəsi”nin haranı və nə vaxt vuracağını söyləmək mümkün deyil.

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar