Suriyada bir həftə ərzində atəşkəs elan oluna bilər

"Suriyada hərbi əməliyyatların dayandırılması qərarı münaqişə tərəflərinin razılığı alındıqdan bir həftə sonra elan olunacaq". "Report"-un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Münhendə Suriyaya Beynəlxalq Dəstək Qrupunun iclasının yekununda təşkil olunan birgə mətbuat konfransında ABŞ Dövlət katibi Con Kerri bəyan edib.

"Bütün tərəflər atəşkəsin əldə olunması istiqamətdə addımlar atmağa hazırdır. Bu qərar İŞİD və "Cəbhət ən-Nusra" kimi terror qruplaşmaları istisna olmaqla bütün münaqişə tərəflərini əhatə edəcək", - deyə Kerri vurğulayıb.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov öz növbəsində bildirib ki, rəsmi Dəməşq ilə müxalifət arasındaki danışıqlar prosesi ən qısa müddət ərzində bərpa olunmalıdır.

Onun sözlərinə görə, BMT-nin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Staffan de Misturanın vasitəçiliyi ilə təşkil olunan danışıqlarda heç bir ultimatum və şərt gündəmə gətirilməməlidir.

"BMT-nin Suriya ilə bağlı qətnamələrinə əməl olunmalı, qanunsuz neft ticarətinin qarşısı isə alınmalıdır", - deyə Lavrov əlavə edib.

Suriyada atəşkəs rejiminin tətbiqinin əhəmiyyətini vurğulayan Staffan de Mistura isə, "Bilirəm ki, bu qədər qısa müddət ərzində döyüşlərin dayandırılması çox çətin məsələdir. Lakin bunu Suriya xalqı tələb edir. Biz də atəşkəs üçün əlimizdən gələni etməliyik", - deyə qeyd edib.

Qeyd edək ki, ötən axşam Münhendə aparılan danışıqlar zamanı üç bənddən ibarət plan qəbul edilib. Bu sənəd Suriyada hərbi əməliyyatların dayandırılmasını, humanitar vəziyyətin yaxşılaşdırılması və sülh danışıqlarının bərpasını nəzərdə tutur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar