Azərbaycan DİN sabiq MTN əməkdaşının Rusiyada tutulduğunu təsdiqlədi - YENİLƏNİB

Azərbaycan Daxili İşlər Nazirliyi İnterpol xətti ilə axtarışda olan ləğv olunmuş Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq əməkdaşı İbrahim Musayevin Rusiyada tutulması faktını təsdiqləyib.

Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-nın sorğusuna cavabında bildirib ki, Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə beynəlxalq axtarışda olan İbrahim Musayev Rusiya Federasiyası hüquq-mühafizə orqanları tərəfindən Moskva şəhərində saxlanılıb.

Qeyd edək ki, İ. Musayevin saxlanılması barədə Rusiya mətbuatı bu ölkənin Daxili İşlər Nazirliyinə istinadən yayıb.

Xatırladaq ki, Naxçıvan sakini, 21 yaşlı İbrahim Musayev bir neçə il əvvəl dələduzluqda təqsirli bilinərək barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.

* * *

Ləğv edilmiş Naxçıvan MTN-in əməkdaşı olmuş İbrahim Musayevin Moskvada həbs olunduğu barədə məlumat yayılıb.

APA-nın xəbərinə görə, Rusiya Daxili İşlər Nazirliyinin (DİN) saytında fevralın 10-da Rusiya hüquq-mühafizə orqanlarının Moskvada apardıqları əməliyyat axtarış tədbirləri nəticəsində 23 yaşlı şəxsin saxlanıldığı qeyd olunub.

O, Moskva regionunda bir sıra fırıldaqçılıq əməllərində təqsirli bilinir.

İlkin versiyaya görə, cinayətkar şəxs qadınların etimadını qazanaraq vahid sxem üzrə hərəkət edib: xüsusi xidmət orqanlarının əməkdaşı olduğunu deyib, bunun təsdiqi kimi "Makarov" tipli tapançasını onlara nümayiş etdirib. Daha sonra o qadınları 3 yaşlı qızı ilə tanış edib və uşaq üçün onlardan pul yardımı istəyib. Fırıldaq yolu ilə aldığı pulları isə mənimsəyib.

Hazırda o, nəzarət altında saxlanılır. Hüquq-mühafizə orqanlarının əməkdaşlı onu saxlayan vaxt yanında azyaşlı qız da olub.

Qız vətənindəki qohumlarına qaytarılması üçün tibbi-profilaktik mərkəzə göndərilib.

Qeyd edək ki, Rusiya DİN-in məlumatında saxlanan şəxsin Mərkəzi Asiya Respublikalarından birinin vətəndaşı olduğu, öz ölkəsinin ərazisində fırıldaqçılıqla məşğul olduğu üçün beynəlxalq axtarışa verildiyi əksini tapıb.

Məlumatda onun adı qeyd olunmasa da, fotodan belə anlaşılır ki, saxlanan şəxs İbrahim Musayevdir.

Saxlanıldığı kamerada sorğu-sual edilən 23 yaşlı şəxs də Azərbaycan MTN-in əməkdaşı olduğunu, Rusiyaya siyasi sığınacaq almaq məqsədilə qaçdığını deyib. Lakin o, arxası videokameraya tərəf olduğu üçün üzü görünmür.

Xatırladaq ki, İ. Musayev İran lehinə casusluqda ittiham olunmuş, sonradan Naxçıvan MTN həbsxanasında dünyasını dəyişən Turac Zeynalovun həyat yoldaşını qətlə yetirmək barədə tapşırıq aldığını, lakin bu tapşırığı yerinə yetirilməkdən imtina etdiyini bildirib.

Naxçıvan MTN isə bəyanat yayaraq, İ. Musayevlə heç bir əlaqəsi olmadığını qeyd edərək onun dələduz və fərarı olduğunu açıqlayıb. Naxçıvan MTN-in açıqlamasında T. Zeynalovun xərçəng xəstəliyindən vəfat etdiyi bildirilir. 2012-ci ilin sentyabrında İ. Musayev həyat yoldaşı ilə Rusiyaya gedərək, bu ölkədə qaçqın statusunu almağa cəhd göstərib. Lakin Rusiya müvafiq orqanları onun Azərbaycan tərəfindən axtarışa verildiyi əsas gətirərək, müraciəti rədd edib.

2013-cü ilin sentyabrında isə Rusiyanın Yaroslavl vilayət məhkəməsi İbrahim Musayev barədə qərar çıxarıb. Məhkəmə adı çəkilən şəxsin Azərbaycana ekstradisiyasına qərar verib. Məhkəmənin qərarından apellyasiya şikayəti verilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar