​Azərbaycanda ilk velosiped zavodunun tikintisi bu il başa çatdırılacaq

Vergilər naziri Fazil Məmmədov İsmayıllı şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Heydər Əliyev Mərkəzində keçirilən görüşdə yerli icra hakimiyyəti orqanları, bələdiyyələr, idarə, müəssisə və təşkilatların rəhbərləri, sahibkarlar, rayon ziyalıları iştirak ediblər.

"Report"un nazirliyə istinadən verdiyi xəbərə görə, F.Məmmədov mövcud iş yerlərinin ixtisarına yol verilməməsi və yeni iş yerlərinin yaradılmasının qarşıda duran ən mühüm vəzifələrdən olduğunu bildirib.

Nazir 2015-ci ildə rayonda 720 yeni iş yerinin, o cümlədən 495 daimi iş yerinin açıldığını, 2016-cı ildə rayonun Qalınçaq kəndində illik istehsal gücü 1 000 ton olan quşçuluq fabrikinin, Diyallı kəndində ölkədə ilk velosiped zavodunun, Xanagah kəndində inşaat materialları zavodunun, İsmayıllı şəhərində tikiləcək kartof-çipsi istehsalı müəssisəsinin inşasının başa çatdırılacağının təqdirəlayiq olduğunu vurğulayıb.

F.Məmmədov yerli icra hakimiyyətini və bələdiyyələri sahibkarlarla partnyorluq münasibətlərini dərinləşdirməyə, sahibkarlara hərtərəfli yardım göstərməyə, sahibkarları isə öz növbəsində yeni iş yerləri yaratmağa, istehsal sahələrini genişləndirməyə, bütün bunlarla yanaşı fəaliyyət göstərdikləri bölgələrdə öz sosial məsuliyyətlərini də hiss etməyə çağırıb.

Vergilər naziri İsmayıllı rayonunun dövlət büdcəsinin dotasiyasından asılılığının azaldılmasının vacibliyini də vurğulayıb.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov rayonun sosial-iqtisadi inkişafı ilə bağlı məsələlərin həlli istiqamətində görülən işlərdən danışaraq, yaxın illərdə büdcədən rayona ayrılan dotasiyaları tamamilə aradan qaldırmağa çalışacaqlarını bildirib.

Görüşdə çıxış edən sahibkarlar və ictimiayyət nümayəndələri İsmayıllı rayonunda yeni istehsal sahələri və iş yerlərinin yaradılması, sahibkarlara kredit resurslarının ayrılması, kənd təsərrüfatı məhsullarının satışı və xarici bazarlara çıxarılmasında sahibkarlara köməklik göstərilməsi və s. ilə bağlı təkliflərlə çıxış ediblər.

Vergilər naziri F.Məmmədov bütün müraciət və təkliflərin nəzərə alınacağını bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar