RƏSMİ BAKINI TƏHDİD EDƏN GÖZƏGÖRÜNMƏZ GÜC - Sensasiyalı məlumatlar - TƏHLİL

“Gülən camaatı”nın ölkədə böyük gücə çevrilməsi Azərbaycan dövlətinə, onun siyasi-iqtisadi müstəqilliyinə təhlükədir

Arxasındakı GÜCÜN mövcud iqtidara GİZLİ dəstəyinı təşkil etməklə hakimiyyətin dostuna çevrilən Fətullah Gülənin Türkiyədəki "çevriliş" cəhdi Bakını ŞOKA salıb

Türkiyədə “Gülən camaatı” ilə AKP hökuməti arasında başlayan açıq savaşın getdikcə şiddətlənməsi, gözlənildiyi kimi, Azərbaycana da təsirsiz ötüşməyib. Son günlər “Gülən camaatı” ilə əlaqələri olan vəzifəli şəxslərin, deputatların adlarının açıqlanması, onlar haqda müxtəlif məlumatların, gizli məktubların yayılması, qarşılıqlı ittihamların başlaması bu təsirin açıq təzahürləri hesab oluna bilər.

Ancaq bunlar hələ məsələnin görünən, sadə üzüdür. Arxa planda daha ciddi proseslər baş verir. Elə AzPolitika.info-ya daxil olan məlumatlardan da açıq görünür ki, hakimiyyət daxilində Türkiyədə baş verənlərdən sonra “Gülən camaatı”nın Azərbaycanda mövcudluğundan ciddi narahatçılıq baş qaldırıb.

Hakimiyyətlə Gülən arasında əsas vasitəçi Elmar Məmmədyarov olub

Qeyd edək ki, son hadisələrə qədər AKP hökuməti ilə olduğu kimi, “Gülən camaatı” ilə Azərbaycan hakimiyyəti arasında da çox isti münasibətlərin olduğu bildirilirdi. Hətta hakimiyyətin üst qatındakı bəzi şəxslərin Fətullah Gülənlə şəxsi təmaslarının olduğu haqda da məlumatlar var idi. Məlumatlı mənbə deyir ki, Fətullah Gülənlə münasibətlər hakimiyyətə daha çox onun ABŞ-da bağlı olduğu dairələrin köməyindən istifadə etmək üçün lazım olub. Bir qədər də konkretləşdirsək, Vaşinqtonda söz sahibi olan bəzi dairələrin, o cümlədən yəhudi lobbisinın, böyük maliyyə sahiblərinin dəstəyini əldə etmək üçün Fətullah Gülənin imkanlarından istifadə olunub.

İddialara görə, elə “Gülən camaatı”nın əsas gücü də onların arxasında yəhudi lobbisinin və iri maliyyə çevrələrinin dayanmasından qaynaqlanır. “Gülən camaatı”na məxsus şirkətlərin, məktəblərin, ali təhsil və səhiyyə ocaqlarının dünyanın hər yerinə yayılması, 160-dan artıq ölkədə fəaliyyətin qurulması, genış şəkildə şəbəkələşməsi, söz və nüfuz sahibi olması da böyük ölçüdə bu dəstəklə bağlanır.

Elə Azərbaycan hakimiyyətinin “Gülən camaatı” ilə, şəxsən Fətullah Gülənin özü ilə isti münasibətlər yaratması da bununla izah olunur və deyilənə görə, bu münasibətlər, xüsusən son 5-6 ildə daha da güclənib. “AzPolitika.info”-ya verilən məlumatlarda iddia edilir ki, hakimiyyətlə Fətullah Gülən arasında əsas vasitəçi isə xarici işlər naziri Elmar Məmmədyarov olub.

Fətullah Gülənin zaman-zaman Azərbaycan hakimiyyətinə konkret hansı məsələlərdə yardım etdiyi haqda qəti fikir bildirmək çətindir. Lakin böyük ehtimalla, bu yardım Azərbaycan-ABŞ münasibətlərində müəyyən problemlərin aradan qaldırılması istiqamətində olub.

Bu fəaliyyət isə təbii ki, qarşılıqsız olmayıb. Müşahidələrə görə, Fətullah Gülən ARXASINDAKI GÜCÜN rəsmi Bakıya GİZLİ dəstəyinı təşkil etməyin qarşılığını artıqlamasilə alıb. Həm maddi şəkildə, həm də öz məqsədlərini reallaşdırmaq üçün münbit şərait əldə etmək formasında.

“Gülən camaatı”nın Azərbaycandakı maliyyə qaynaqları

“Gülən camaatı”nın maddi qazancı bir-neçə istiqamətdən əldə olunub.

Birincisi, “Gülən camaatı”na yaxın iş adamlarının Azərbaycanda fəaliyyətinə hər çür şərait yaradılıb. Dövlət sifarişilə həyata keçirilən bir sıra iri miqyaslı işlərin tenderləri “Hizmət”ə ianə göndərən iş adamlarına verilib. Məsələn, bəzi Olimpiya Komplekslərinin, məktəb və səhiyyə ocaqlarının, diaqnostika mərkəzlərinin tikintisi, mədəniyyət və turizm obyektlərinin təmiri və sair işlər “Gülən camaatı”na yaxın iş adamlarının inşaat şirkətləri tərəfindən həyata keçirilib. Dövlət tərəfindən bəzi təhsil, səhiyyə, mədəniyyət ocaqları üçün xaricdən alınan avadanlıqların sifarişi də “Hizmət”ə xidmət edən iş adamlarına yönəldilib və sair.

İkincisi, “Gülən camaatı”nın paytaxtda və ölkənin regionlarında xeyli sayda təhsil və səhiyyə ocaqları açmaqla, həmçinin restoranlar şəbəkəsi qurmaqla bu sahələrdən qazanc əldə etmələrinə şərait yaradılıb. “Hizmət”in nəzarətində olan “Araz” kurslarında, Türk litseylərində, “Qafqaz” Universitetində təhsil haqqının həcmi orta statistik azərbaycanlı ailəsinin imkanlarından xeyli üstədir. Ancaq yüksək təhsil standartları tətbiq etməklə cəmiyyətdə ciddi maraq yarada biliblər deyə öz övladını bu təhsil ocaqlarında oxutmaq əksər ailələrin arzusuna çevrilib. Həmçinin, “Hizmət”in nəzarətində olan özəl tibb klinikalarından da (“Nur”, “Avrasiya” və sair) müəyyən qazanc əldə olunur.

Bakıda və digər böyük şəhərlərdəki türk restoranlarının fəaliyyəti isə hamıya məlumdur.

Heydər Əliyev Fondu “Gülən camaatı”nın layihələrinin maliyyələşməsində iştirak edib

Üçüncüsü və ən əsası, “Hizmət”ə birbaşa maliyyə yardımları həyata keçirilib. Məlumatlı mənbənin iddiasına görə, Heydər Əliyev Fondu “Gülən camaatı”nın dünyanın bir sıra kasıb ölkələrində həyata keçirdiyi layihələrin maliyyələşməsində iştirak edib. Bu çevrəyə yaxın bəzi şəxslərin, o çümlədən millət vəkilləri Qənirə Paşayevanın, Fuad Muradovun “nurçu” adlandırılmasının da bununla bağlı olduğu ehtimal edilir. Onların “nurçu” olduğunu qətiyyətlə iddia etmək mümkün olmasa da, “Gülən camaatı” ilə müəyyən yaxınlıqlarının olduğunu, onların tədbirlərində fəal iştirak etdiklərini, ölkə daxilində bacardıqları dəstəyi verdiklərini təkzib etmək də mümkün deyil.

ARDNŞ niyə birdən-birə “Hizmət”ə aid bütün təhsil mərkəzlərinin sponsoruna çevrildi?

Ötən ilin əvvəlindən isə Dövlət Neft Şirkəti (ARDNŞ) “Gülən camaatı”nın Azərbaycanda və Türkiyədəki fəaliyyətinə geniş dəstək verir. Bunun üçün ölkədə fəaliyyət göstərən “Hizmət”ə aid bütün təhsil mərkəzləri, o cümlədən litseylər, “Qafqaz” universiteti “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi” İctimai Birliyində birləşdirilib. Birliyin təsisçiləri isə “Hizmət”in Azərbaycandakı ana strukturu olan “Çağ Öyrətim İşlətmələri” MMM və ARDNŞ-dir. Vitse-prezidentlərindən

birinin “nurçu” olduğu iddia olunan ARDNŞ bu yeniliyi təhsil sahəsində əməkdaşlıq kimi izah etsə də, əslində şirkətin “Hizmət”ə aid bütün təhsil mərkəzlərinin sponsoruna çevrildiyi bildirilir. Bunu Qafqaz Universitetinin sözçüsü Rəcəb Rzayevin fikirləri də dolayısıyla təsdiq edir. Sitat: “İndiyə qədər bir layihə üzrə əməkdaşlıq qurulmuşdu. Bundan sonra isə əməkdaşlığımız genişşaxəli olacaq. Məsələn, BP Universitetdə kimya laboratoriyası tikdi. Tələbələrimizi də yarımştat işə götürür. Bundan sonra Neft Şirkəti ilə də əməkdaşlığımız genişlənəcək”.

Ötən ilin əvvələrində ARDNŞ-in birdən-birə “Hizmət”ə aid bütün təhsil mərkəzlərinə sponsorluq etmək “həvəsinə düşməsi” isə təsadüfi sayılmır. Ən azı ona görə ki, “Hizmət”ə aid təhsil mərkəzlərinin sponsora ehtiyacı yoxdur. Bu mərkəzlərdə təhsil haqqı yüksək olduğundan, onsuz da gəlirlə işləyirlər. Odur ki, ARDNŞ–in bu addımı sadəcə hakimiyyət tərəfindən “Hizmət”ə göstərilən YARDIMLARI LEQALLAŞDIRMAQ məqsədi daşıya bilərdi.

“Gülən camaatı”na bağlı şəxslərin son illər yüksək vəzifəyə təyin olunması təsadüfdürmü?

“Gülən camaatı”na bu yaxınlaşmanın səbəbi kimi isə “AzPolitika.info”-ya verilən məlumatda həmin vaxt qarşıdan gələn və hakimiyyər üçün xeyli zorlu görünən prezident seçkiləri göstərilir. Yəni bu, ABŞ-ın İlham Əliyevin 3-cü prezidentliyinə loyal yanaşmasını təmin etmək planının tərkib hissəsi ola bilərdi. Hətta iddiaya görə, bu istiqamətdə hakimiyyətin Fətullah Gülən və onun bağlı olduğu dairələrlə müzakirələrə başlamasının tarixi daha öncəyə - “ərəb baharının” başladığı 2011-ci ilin əvvələrinə təsadüf edir.

Bu danışıqların detalları, hansı məsələlər ətrafında razılığın olub-olmadığı, əlbəttə bizə məlum deyil. Ancaq “Gülən camaatı”na bağlı olduğu bildirilən yüksək postlardakı şəxslərin əksəriyyətinin son bir neçə ildə vəzifəyə təyin olunması faktını təsadüfi hesab etmək çətindir. Bu sırada Strateji Araşdırmalar Mərkəzinin sədri Fərhad Məmmədovun, ASAN xidmətinin rəisi İnam Kərimovun, dini komitənin sədri Elşad İsgəndərovun, onun müavini Gündüz İsmayılovun, gənclər və idman nazirinin müavini İntiqam Babayevin, Gənclər Fondunun sədri Fərhad Hacıyevin və digərlərinin adlarını qeyd etmək olar.

Elnur Aslanovun hakimiyyətdə güclənən mövqeləri və "Hizmət"in əsas hədəfləri

Bu və digər faktlar, o cümlədən SON İLLƏR “Gülən camaatı”na yaxın olduğu bildirilən Prezident Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı Şöbəsinin müdiri Elnur Aslanovun hakimiyyətdə mövqelərinin GÜCLƏNMƏSI, onun təşəbbüsü ilə yaradılan və kurasiyasında olan “İrəli” Gənclər Hərəkatının hakimiyyətin KADR BAZASINA ÇEVRİLMƏSI, bu təşkilatdan parlamentə (məsələn, Ceyhun Osmanlı kimi) və yüksək vəzifələrə (Fərhad Məmmədov kimi) adlayanların sayının artması iqtidar içərisində “nurçu”ların güclənməsinə şərait yaradıldığını əyani göstərir. Bu da ortada Fətullah Gülənə hakimiyyət arasında qarşılıqlı maraqlara söykənən müəyyən razılıqların olmasından xəbər verir.

Yeri gəlmişkən qeyd edək ki, “Gülən camaatı”nın Azərbaycanda və eləcə də dünyanın digər ölkələrindəki fəaliyyətinin ƏSAS MƏQSƏDİ heç də pul qazanmaq deyil. Onların missiyası dinə əsaslanan öz ideoloğiyalarını bütün dünyaya yaymaq, tərəfdarlarının cəmiyyətdə, dövlət qurumlarında, eləcə də, hökumətdə söz sahibinə çevrilməsini təmin etməkdən ibarətdir. Bu günlərdə ortaya çıxan məlumatlar, eləcə də “Çağ” Öyrətim İşlətmələrinin rəhbəri, türkiyəli iş adamı Ənvər Özərənin Fətullah Gülənə göndərdiyi iddia olunan məktub “Gülən camaatı”nin Azərbaycandakı istəklərinə böyük ölçüdə nail olduğunu göstərir. Bu məktubdan görünür ki, GENİŞ ŞƏKİLDƏ TƏŞKİLATLANMAQ, ŞƏBƏKƏLƏŞMƏK, SÖZ SAHİBLƏRİNDƏN BİRİNƏ çevrilmək istiqamətindəki hədəflərinə kifayət qədər yaxınlaşa biliblər.

“Gülən camaatı”na yaxın şəxslərin “Paşayevlər”in kadrı kimi tanınması nə ilə bağlıdır?

Bəzi müşahidəçilər “Gülən camaatı”na yaxın olduğu bildirilən bəzi şəxslərin eyni zamanda “Paşayevlər”in kadrı kimi tanınmasını əsas gətirərək, onların vəzifə təyinatında bu amilin rol oynadığını iddia edirlər. Ancaq bu səpgili iddiaları ciddiyə almaq çətindir. Əvvala, adları “Gülən camaatı”na yaxın kimi çəkilən şəxslərin bir çoxunun “Paşayevlər”lə heç bir bağlılığı yoxdur.

İkincisi, hətta belə olsa da belə, bu məsələnin mahiyyətini dəyişmir. “Paşayevlər” hakimiyyətdəki ən güçlü qruplaşmalardan biri, müəyyən mənada ELƏ HAKİMİYYƏTİN ÖZÜDÜR... Bu baxımdan, “Gülən camaatı”na xidmət edən şəxslərin “Paşayevlər”ə “yol” tapması, onların etibar etdiyi kadrlara çevrilməsi təsadüfi sayılmamalıdır. “Hizmət” hərəkatı Azərbaycanda möhkəmlənməsi, dövlət aparatında vəzifələrə öz adamlarını yerləşdirməsi üçün təbii ki, həm də HAKİMİYYƏTDƏ SÖZ SAHİBİ olan qruplarla yaxınlaşmalı, onların etibarını qazanmalıdır. Bu baxımdan, “Gülən camaatı”nın son illər getdikcə güclənən “Paşayevlər”ə yaxınlaşmasının “Hizmət” hərəkatının müəyyən mənada reallaşdıra bildiyi hədəflərindən biri olduğunu söyləyə bilərik...

Ancaq bu o demək deyil ki, “Gülən camaatı” Azərbaycanda “Paşayevlər”in himayəsi altında güclənib. Əsla. “Hizmət” hərəkatının Azərbaycanda şəbəkələnməsi “Paşayevlər”in hakimiyyətdə bir qruplaşma kimi ortaya çıxmasından xeyli əvvələ təsadüf edir.

“Hizmət”çilər niyə Zakir Həsənovla isti münasibətlər qurmaq istəyiblər?

Hərakatın dövlətdə güclənməsi isə, yuxarda qeyd etdiyimiz kimi, siyasi hakimiyyətlə Fətullah Gülən arasındakı qarşılıqlı maraqlara söykənən razılaşmalar əsasında baş verib. Fətullah Gülənin dolayısıyla Azərbaycan hakimiyyətində ciddi dayaqlarının olduğunu təsdiqləməsi də bundan xəbər verir.

Daha açıq desək, rəsmi Bakı eynən Türkiyədə AKP hökuməti kimi, Fətullah Güləni və onun bağlı olduğu dairələri özünə dost bildiyindən, “Gülənçilər”in hakimiyyətin içinə yerləşməsində, müxtəlif dövlət qurumlarında yüksək və orta vəzifələri tutmasında problem görməyib. Əksinə, kifayət qədər savadlı və səviyyəli, modern təhsilə malik bu insanların hakimiyyətin yanında yer almasından məmnunluq keçirib, onları özünün əsas kadr bazasına çevirib. Son illər müxtəlif vəzifələrə təyinatda YAP-ın Gənclər Təşkilatına deyil, əksəriyyəti “Gülənçi” olan “İrəli” Gənclər Hərakatına üstünlük verilməsi də bunu təsdiqləyir. İş o yerə çatıb ki, hətta içra hakimiyyətləri belə “yuxarı”nın bir gənc müavin tapşırığını yerinə yetirmək üçün “İrəli”yə müraciət edir. Təbii ki, burda “Hizmət” hərakatının Prezident Administrasiyasındakı adamının da böyük rolu var...

Son aylara qədər bu proses “Gülən camaatı”nın arzuladığı istiqamətdə gedib. Hətta yayılan məktublardan görünür ki, “Hizmət” hərakatı Azərbaycanla bağlı daha böyük hədəflər planlaşdırıb. Hər halda Gülənin səs yazılarından məlum olur ki, “Hizmət”çilər yeni müdafiə naziri Zakir Həsənovla isti münasibətlər qurmaq istəyiblər. Şübhəsiz ki, bunun arxasında ordu rəhbərliyinə də “Gülən camaatı”na yaxın şəxsləri yerləşdirmək niyyəti dayanıb...

Başqa hansı hədəflər, “Gülən camaatı”nın qarşıdan gələn parlament seçkilərilə bağlı nə planları olub, söyləmək çətindir. Ancaq Türkiyədə baş verən proseslərin bu planları pozduğu, hərakatın sürətli yüksəlişinin qarşısını aldığı faktdır.

“Camaatın” AKP hökumətinin başına açdığı oyunlar Bakını qorxuya salıb

“AzPolitika.info”-ya verilən məlumata görə, “Gülən camaatı”nın Türkiyədə faktiki olaraq “paralel dövlət” qurduğunun ortaya çıxması Bakıda SOYUQ DUŞ effekti verib. Xüsusən də, bir dövrlər müttəfiq kimi hərəkət etmələrinə, hətta eyni yolun insanları kimi tanınmalarına baxmayaraq, “camaatın” bu gün AKP hökumətinin başına açdığı oyunlar rəsmi Bakını, sözün həqiqi mənasında qorxuya salıb. ABŞ-dan gələn tapşırıqla Ərdoğanı hakimiyyətdən salmağı hədəfləyən bir kampaniyaya başlayan “Gülən camaatı”nın, bir gün eyni ssenarini Bakıda da işə sala biləcəyi əndişəsi iqtidarı dərhal hərəkətə keçməyə sövq edib.

Prezident Administrasiyasından “Gülən camaatı” ilə bağlı tapşırıq

Bizə verilən bilgiyə görə, Prezident Administrasiyasından dövlətin bütün strukturlarına yerləşdirilmiş “Gülən camaatı”na bağlı şəxslərin müəyyənləşdirilməsi, yüksək vəzifədə olanların adlarının ictimailəşdirilməsi tapşırılıb. Bu işdə Azərbaycan xüsusi xidmət orqanları ilə yanaşı, Türkiyə hökumətinin də yardımlarından istifadə olunur.

Azərbaycanın İstanbuldakı Baş konsulu Həsən Zeynalov da məhz Bakıdan verilən tapşırıq əsasında bu işlə məşğul olub. Və Türkiyədəki müvafiq dairələrdən Azərbaycandakı “nurçu”larla bağlı əldə etdiyi məlumatları hesabat şəklində Prezident Administrasiyasına göndərib. Hansı ki, onun bir hissəsi mətbuata da sızdırılıb...

Bakının bu addımları “Gülən camaatı”nda müəyyən narahatlıqlara səbəb olsa da, ciddi təşviş yaratdığını söyləmək mümkün deyil. Bunu adı “nurçu”luqda hallandırılan vəzifəli şəxslərin bəyanatlarında sərt ritorikaya üstünlük vermələri də aydın göstərir. Belə görünür ki, ABŞ siyasətinə təsir edən dairələrlə bağlılıq “camaat”da Azərbaycanla bağlı özünəarxayınlığa yol açıb.

Təsadüfi deyil ki, “Hizmət”in Azərbaycandakı ana strukturu olan “Çağ Öyrətim İşlətmələri” MMM-in rəhbəri Ənvər Özərənin Fətullah Gülənə yazdığı iddia edilən məktubda, Güləndən Azərbaycana ABŞ-dan daha çox təzyiq edilməsi üçün hərəkətə keçmək xahiş olunur. Sitat: Prezident Administrasiyasındakı dostumuzun dediyinə görə, hazırda Azərbaycan ABŞ-la münasibətlərini gücləndirmək üçün lobbi fəaliyyətlərini artırıb. Azərbaycan dövləti nəzdində lehimizə fəaliyyət göstərməyi üçün ABŞ-dakı dostlarımızın bunu nəzərə almağını istəyirik”.

“Gülən camaatı”na qarşı hansısa ciddi addımların atılması mümkünsüz və təhlükəlidi

Qeyd edək ki, ABŞ-dan hər hansı təzyiq olmasa belə, Azərbaycanda “Gülən camaatı”na bağlı şəxslərə qarşı hansısa ciddi addımların

atılması mümkünsüz və təhlükəli iş kimi görünür. Niyə?

Əvvala, artıq gecdir. 20 ildən artıq müdətdə “Hizmət” hərəkatı yaradılan münbit şəraitdən istifadə edərək, geniş şəkildə şəbəkələşib, şaxələniblər. Bakıdan Gülənə göndərilən məktubda qeyd edildiyi kimi, “Hizmət” hərəkatı Prezident Administrasiyasından tutmuş Daxili İşlər, Maliyyə, Təhsil, Ədliyyə və digər nazirliklər, qədər, hamısına kadrlarını yerləşdirə bilib. Bunda “Gülən camaatı”na aid təhsil mərkəzlərini bitirən şəxslərin bir-birilə sıx bağlılığı da mühüm rol oynayıb. Bu məktəbləri bitirən birinin səlahiyyət əldə etməsi kifayət edir ki, ətrafındakı digərlərinin də ələ çatan yerdə vəzifə tutmasına səbəb olsun. Ötən illər ərzində təkçə türk litseylərini və “Qafqaz” universitetini bitirənlərin, onların içərisindən vəzifəyə gedənlərin sayını nəzərə alsaq, “Gülənçilər”in hər yerdə olduğunu söyləyə bilərik.

İkincisi, vəhhabilər kimi hər hansı fərqlilikləri olmadığından “Gülən camaatı”na bağlı şəxsləri müəyyənləşdirmək də asan deyil. Nəzərə alsaq ki, “Hizmət” hərəkatının genişlənməsi üçün “Gülən camaatı”na bağlı şəxslərə, hətta lazım gəlsə Fətullah Gülən əleyhinə danışmağa, bu topluma məxsus bütün dəyərlərdən imtina etməyə içazə

verilir, onda bunun nə qədər çətin olduğu bir daha aydınlaşar. Onda gərək bütün “Gülən camaatı”na aid təhsil mərkəzlərini bitirən şəxsləri tutduğu vəzifədən xaric edəsən ki, bu da nə mümkündür, nə də buna ehtiyac var. Təkcə ona görə yox ki, “Gülən camaatı”na bağlı şəxslərin bir hisəsi vəzifəli şəxslərin, imkanlı, nüfuzlu insanların övladları, yaxınlarıdır. Həm də ona görə ki, əksəriyyəti həqiqətən çox savadlı mütəxəssis olan bu insanları işdən çıxarmaq həm hakimiyyətin özünə, həm də Azərbaycan dövlətinə ziyan gətirər.

Üçünçüsü və ən əsası. “Gülən camaatı”na bağlı şəxslərə qarşı hökumətin tədbir görməsi üçün ortada hər hansı bir əsas yoxdur. “Hizmət” hərəkatının özəlliklərindən biri də odur ki, lazımı zamana qədər hakimiyyətin yanında yer alır, onun ən yaxın müttəfiqinə çevrilir, hər hansı şübhəli fəaliyyətə yol vermir. Türkiyədə olduğu kimi. Bu baxımdan Azərbaycan hakimiyyətinin kim(lər)ə və nəyə qarşı mübarizə aparacağı məlum deyil. Daha doğrusu, qarşıda bir GÜÇ var, ançaq GÖZƏGÖRÜNMƏZDİR.

“Gülən camaatı”nın gücü Azərbaycan dövlətini TƏHDİD edir

Başqa faktorları da qeyd etmək olar. Ancaq qeyd etdiklərimiz, hakimiyyətin necə bir çətinliklə qarşılaşdığını və narahatçılığının nə qədər əsaslı olduğunu əyani göstərir.

Hər halda, ƏN BAŞI xaricdə müəyyən dairələrə bağlı bir HƏRƏKATIN Azərbaycanda böyük gücə çevrilməsi arzuolunan hal deyil. Bu yalnız hakimiyyəti deyil, bütövlükdə Azərbaycan dövlətini, onun siyasi-iqtisadi müstəqilliyini TƏHDİD edir.

Ona görə də, “Gülən camaatı”na bağlı şəxslərin nəzarətə götürülməsi istiqamətində addımları başa düşmək olar. Ancaq bunun indiki kimi hay-küylə aparılması, total xarakter alması, “nurçular”ın az qala düşmən kimi təqdim olunnması ağıllı variant deyil. Bəzi şəxslərin və dairələrin Roma papasından artıq xristian olub özünü “nurçular”la mübarizənin önünə atması isə sadəcə gülünc görünür...

Bu cür təbliğat bir tərəfdən cəmiyyətdə bölünmələrə, mənasız qarşıdurmalara səbəb olur, digər tərəfdən də “Gülən camaatı”na bağlı şəxslərin daha da “kilidlənmələrinə” gətirib çıxarır.

Ona görə də, hakimiyyətin bu istiqamətdəki fəaliyyəti maksimum ehtiyatlı və gizli olmalıdır.

Fikrimizcə, bütövlükdə “Gülən camaatı”na bağlı şəxslərin deyil, yalnız “Pensilvaniya ilə” əlaqələri olanların fəaliyyəti nəzarətə götürülməlidir...

Murad Məmmədov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar