"Hökumət genişmiqyaslı özəlləşdirmə proqramına başlamağa hazırdır"

"Hökumət genişmiqyaslı özəlləşdirmə proqramına başlamağa daha çox hazırdır". "Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “The New York Times” qəzetinin baş müxbiri Deyvid Sangerin sualına cavabında bildirib.

"Əslində, mən hesab edirəm ki, neftin qiyməti yüksək olduqda hökumət, əlbəttə ki, iqtisadiyyatın ən önəmli və cəlbedici sektorlarını öz əlində saxlamaq üçün əlindən gələni edəcək. Lakin neftin qiyməti 30 dollar olduqda hökumət genişmiqyaslı özəlləşdirmə proqramına başlamağa daha çox hazırdır. Buna görə də düşünürəm ki, xarici investorlar üçün neftin bugünkü qiyməti ilə bağlı olan vəziyyət ən cəlbedicidir. Çünki bu gün aktivlərimizin özəlləşdirilməsi investorlardan daha çox bizim özümüzə lazımdır. Əlbəttə ki, biz bu sahədə bir balans tapmalıyıq ki, hökumət və investorlar da öz payını ala bilsinlər. Burada biz vacib olan iqtisadi islahatlara, biznes mühitinin yaxşılaşdırılmasına, özəlləşdirmə yolunun davam etdirilməsinə və neftdən asılılığın azalması məsələsinə gəlirik.

Səmimi desəm, biz indi yaşadığımız vəziyyəti neft hasilatının azalmağa başladığı bir dövrdə - ola bilsin, 15-20 il bundan sonra proqnozlaşdırmağa çalışırdıq. Biz bu dövrə hazır deyildik. Əslində, biz postneft dövrünə 2030-cu ildən sonra hazırlaşmağı planlaşdırırdıq. Lakin bu yaxınlarda Nazirlər Kabinetinin iclasında söylədiyim kimi, neftdən sonrakı dövr artıq bizim üçün başlamışdır və bu, gözlənilməz idi. Səmimi söyləsəm, hesab edirəm ki, neftin qiymətinin dörd dəfə aşağı düşəcəyini heç kim təsəvvürünə gətirə bilməzdi. Biz hazır deyildik, heç kim hazır deyildi. Ona görə çox qısa vaxt çərçivəsində biz büdcənin necə tarazlaşdırılması, sosial proqramların necə davam etdirilməsi və hansı investisiya layihələrinə maliyyələşdirmənin dayandırılması yolunu tapmalı idik. Bu, asan deyildi. Çünki biz 100 dollardan baha olan qiymətə öyrəşmişdik. Əlbəttə ki, bizim uzun illər üçün nəzərdə tutulmuş inkişaf planımız var idi. Bizim daha yüksək neft qiymətinə əsaslanan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyamız var idi. İndi isə neftin qiyməti aşağıdır.

Beləliklə, bu, real bir çağırış idi. Lakin yenə də qeyd etmək istəyirəm ki, biz iqtisadiyyatımızın şaxələndirilməsi və infrastruktura sərmayə qoyuluşu siyasəti sayəsində, hesab edirəm ki, bu vəziyyətdən minimum itkilərlə çıxmağı bacardıq", - deyə dövlət başçısı qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar