Fuad Qəhrəmanlı ekspert rəylərini imzalamaqdan imtina etdi

Nardaran hadisələri ilə bağlı dövlət əleyhinə çağırışlarda təqsirləndirilərək həbs olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı təqsirləndirildiyi hadisələrlə bağlı təqdim edilən ekspert rəylərindən imtina edib. Bu barədə Trend-ə F.Qəhrəmanlının vəkili Fəxrəddin Mehdiyev məlumat verib.

Vəkil bildirib ki, təqsirləndirilən şəxs dünən istintaqı aparan müstəntiqlə görüşüb: "Dünən mənim iştirakımla görüş oldu. Müstəntiq Fuad Qəhrəmanlıya ekspert rəylərini və ittiham aktını təqdim etdi. Fuad Qəhrəmanlı ittihamları qəbul etmədi və bildirdi ki, bu ittihamların ona heç bir aidiyyəti yoxdur. Həmçinin ona təqdim olunan ekspert rəylərini də imzalamaqdan imtina etdi".

Qeyd edək ki, F.Qəhrəmanlı barəsində Cinayət Məsəlləsinin 281.1-ci (hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) və 283.2.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması - zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

F.Qəhrəmanlı isə bu ittihamlarla razılaşmayaraq sosial şəbəkələrdə tənqidi fikirlər səsləndirdiyini deyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar