SİSERON - vicdanı nitqindən üstün natiq, dövlət xadimi, filosof...

İlyas İsmayılov

Ədalət Partiyasının sədri,

hüquq elmləri doktoru

“Dahinin qisməti əbədiyaşar şöhrətdir”

S.Propersly

Həyat və fəaliyyəti müsbət və mənfi çalarları ilə insanlar üçün həmişə nümunə, örnək, bu baxımdan da daim öyrənilməli olan tarixi şəxsiyyətlərdən biri də məşhur Roma natiqi, görkəmli dövlət xadimi və mütəfəkkiri Mark Tulliy Siserondur (e.ə. 106-43-cü illər).

Tədqiqatçıları təsdiq edirlər ki, o, hərtərəfli qabiliyyəti, fəaliyyətinin çoxşaxəliliyi  və mənbələrinin zənginliyinə görə, qədim dünyanın bizə bəxş etdiyi ən qiymətli şəxsiyyətdir; Roma fəlsəfəsi məhz ondan, romalaşmış Qərb fəlsəfəsi isə Roma fəlsəfəsindən qaynaqlanır, ilham alır.Ona görə də Siseron bir çox aspektlərdən – həm tam, bütöv bir şəxsiyyət kimi, həm həyatı və dövlət fəaliyyəti baxımından, məhsuldar yazıçı, parlaq natiq, dərin filosof və mütəfəkkir kimi, həm də sonrakı nəsillərə təsir nöqteyi-nəzərindən öyrənilmiş, öyrənilir və gələcəkdə də öyrəniləcək. Onun bizə gəlib çatan 58 məhkəmə və siyasi çıxışı, fəlsəfəyə, ritorikaya və siyasətə dair 19 trakatı (“Dövlət haqqında”, “Qanunlar haqqında”, “Vəzifələr haqqında”, “Falçılıq haqqında”, “Tale barədə”, “Tuskulan söhbətləri”, “Tanrıların təbiəti barədə”, “Böyük Katon, yaxud qocalıq haqqında ”, “Leliy, yaxud dostluq haqqında”, “Xeyir və Şərin hədləri barədə” və s.) ən yaxın dostu Attika, qardaşı Kvintə, M.Bruta və başaqalrına yazdığı 100 kitabdan ibarət olan 800-dən artıq məktubu ciddi tədqiqat obyekti olub və olacaqdır.

O, hələ lap uşaq vaxtlarından yaşıdlarından ciddi fərqlənir, məşhurlaşır, həmyaşıdlarının valideynləri Siseronun qibtəediləcək dərrakəsinin, elmlərə, necə deyərlər, ildırım sürətilə yiyələnməsinin şahidi olmaq üçün onun dərslərində iştirak edir, hətta bəziləri öz uşaqlarını “balaca Mark” kimi olmadıqlarına və həmişə hörmət əlaməti olaraq onun ətrafına toplaşdıqlarına görə danlayır, məzəmmət də edirdilər.

Əlbəttə, yaddaş, diqqət və dərrakə əqlin əlamətləridir və kimdə bu keyfiyyətlər daha mükəmməldirsə, onun əqli fəaliyyətinin potensial imkanları, nəticələri də daha yüksək olur. Bu keyfiyyətlərin hansı məqsədlərə qulluq etməsi isə şəxsiyyətin həyata baxışından, meylindən, təmayülündən asılıdır.

Güclü yaddaşa, iti diqqət və mükəmməl dərrakəyə malik olmaq, hər şeylə dərindən maraqlanmaq, ruh yüksəkliyi, səylə işləmək, ehtiyatlılıq Siseron şəxsiyyətinin səciyyəvi cəhətləri və uğurlarının əsas rəhni, mənbəyi, səbəbi idi.

siseron-2.jpg

İnsan ən mürəkkəb varlıqdır. Bəşəriyyət kosmik aləmi fəth etmək və daha uzaq planetləri dərindən öyrənməklə öz imkanlarını nümayiş etdirsə də, insan təbiətini dərk etmək sahəsində, demək olar ki, hələ də uğurlu nəticələrə nail ola bilməyib, ancaq ehtimallar burulğanında dolaşmaqdadır. Böyük və örnək olan şəxsiyyətlərin təbiəti barədə doğru-dürüst fikirlər söyləmək, onların mahiyyətini açmaq isə olduqca çətindir. Çünki bu insanlarda müsbət və mənfi keyfiyyətlər elə culğalaşır ki, onlardan hansına üstünlük vermək bir o qədər asan olmur. Biz bu barədə ancaq ötəri fikirlər söyləyə bilərik. Çox təəssüf ki, insanların söylədikləri və yazdıqları da heç də həmişə onların mahiyyət əlamətlərindən xəbər vermir. TarixdəTaleyran fenomeni də var və onun “dil insanlar öz fikirlərini gizlətmək üçün verilmişdir”– sözləri də, şübhəsiz, reallığı əks etdirir. İnsana qiymət verməyin yeganə meyarı onun əməlləri, qabiliyyətini imtahana çəkən fövqəladə situasiyalarda atdığı addımlardır. Bir də insanın gələcək fəaliyyəti əhəmiyyətli  dərəcədə aldığı tərbiyədən, təhsilindən, xeyir və şər, ədalət və haqsızlıq və digər əxlaqi kateqoriyalar haqda formalaşan dünyagörüşündən asılıdır.

Bu baxımdan, Siseronu az-çox dərk etmək yollarından biri də ona köhnə Roma ənənələrinin və yunan təhsilinin təsirini öyrənməkdir.

Siseron əsil vətənpərvər kimi, köhnə Roma ənənələrinə sadiq idi: o, nəzəri yaradıcılığında və praktik siyasi fəaliyyətində (kvestor, Senat üzvü, edil, pretor və konsul kimi) Roma qanunlarını, Respublika quruluşunu, dövlətin idarə olunmasında mərkəzi orqan kimi Senatın səlahiyyətlərini, magistrlərin hakimiyyətini, xalq iclaslarını müqəddəs, toxunulmaz sayırdı. Siseron tərəqqini ancaq Roma qanunları çərçivəsində görür və heç vəchlə onların pozulmasına haqq qazandırmırdı. Onun hərbi diktatura və həm birinci (Pompey, Sezar və Krass) və həm də ikinci (Antoniy, Oktavian və Lepid) triumviratın hökmranlığı əleyhinə çıxışları da məhz Roma ənənələrinə sadiqliyindən iləri gəlirdi. O, Sezarın şəxsi hakimiyyət rejimini “Respublikanın qaranlıq gecəsi”“azadlığın dövlətdə itirilməsi” ,“tiraniya” kimi qiymətləndirirdi. Onun qətlində (e.ə. 44-cü il) iştirak etməsə və əlaqəsi olmasa da, Roma ənənələrinə sadiq qalaraq, Respublika quruluşunu öz şəxsi hakimiyyət rejimi ilə əvəz edən “tiran”ın zorakılıq yolu ilə hakimiyyətdən uzaqlaşdırılmasını alqışlayırdı. O, hətta Sezarın ölümündən sonra Kapitoliyə – üsyançıların yanına gedərək, gələcək planları barədə məsləhətləşmələr aparır, Senatın elə birinci iclasında daxili sülhün qorununb saxlanması və üsyançılara amnistiya tətbiq edilməsi barədə parlaq nitq də söyləyir.

Roma ənənəsi Romanın keçmişini, böyük insanlarını da "müqəddəs" kimi xarakterizə etdiyindən, hamı da onlara oxşamağa çalışırdı. Bu vətəndaşlıq şərəfinin daşıyıcılarına oxşamaq üçün Roma ənənəsinə sadiq olan Siseron da məharətlə özündə onlarda olmuş keyfiyyətləri tərbiyə edirdi. Təbiət etibarilə zərif, yumşaq olan bu insan əvvəl əyalətləri, sonralar isə bütün Romanı idarə edərkən hərbi rəhbər kimi, öz vəzifələrini ləyaqətlə, görünməmiş qətiyyətlə yerinə yetirirdi. O, siyasi xadim olaraq da özünü məhz oxşamaq istədiyi şəxslər kimi aparırdı.

Roma ənənələrinə bu cür sadiqlik həyatı boyu onun üçün çətinliklər, bir çox hallarda isə real təhlükələrə gətirib çıxarırdı və nəticə etibarilə də onun məhvinə səbəb oldu.

Yunan təhsili isə (e. ə. 79-77-ci illərdə Süllanını qurxusundan səhhətini bəhanə edərək,Yunanıstana gedir və orada natiqlik və fəlsəfə sahəsində təhsilini davam etdirir, əslən romalı, 20 il Afinada yaşayan məşhur Tit Pomponiy Attika ilə dostluq edir, Rodos adasında Molondan ritorikadan dərs alır) Siseronun ritorika və fəlsəfəyə yiyələnməsinə səbəb olur. O, yunan fəlsəfəsinin təsiri nəticəsində əqli, idrakı, təfəkkürü ön plana çəkir və idrakda praktiki fəaliyyətin və həyati maraqların rolunu inkar edirdi. Siseron bununla fəxr edir və ona məşhur natiq və dövlət xadimi kimi yox, məhz filosof kimi müraciət edilməsini istəyirdi. Çünki o, özünü filosof sayırdı.

Siseron yunan fəlsəfəsinin parlaq nümayəndələri – Sokrat və Herakletin “Özünü dərk et” kəlamına hörmətlə yanaşır, bu işin nə qədər çətin olmasına baxmayaraq, ruhun mahiyyətini, onun xarakterik əlamətlərini və fəaliyyətini, həmçinin öz fərdi xüsusiyyətlərini, nöqsan və qəbahətlərini anlamağa çalışırdı. Bu, bir tərəfdən nöqsanlardan azad olmaq, xeyirxahlıq haqda təsəvvürlərin təkmilləşməsi üçün zəruri idisə, digər tərəfdən də insanın öz güc və qabiliyyətinə uyğun olan fəaliyyət sahəsi və həyat tərzi seçməsinə kömək etməklə, nəticə etibarilə onu bir çox uğursuzluqlardan və bədbəxtliklərdən qoruyurdu.

Əlbəttə, insanın özünü dərk etməsi həm də mənəvi və fiziki keyfiyyətlərin inkişaf etdirilməsinə imkan yaradır, bədənin sağlam, onun gücünün isə ağıla tabe olmasına, ruhun da Tanrıya yaxınlaşmaq istiqamətində təkmilləşməsinə təkan verir. Bütün bu proseslərin normal məcrada cərayan etməsi üçün yunan fəlsəfəsi xudbinlik, eqoizm kimi qəbahətlərdən azad olmağı məsləhət görürdü. Platona görə, eqoizm insanı kor edir, onun özünün özünə əsassız olaraq həmişə müsbət qiymət verməsinin və deməli, bütün qəbahətlərinin səbəbi olur. Xudbinlik insanda xeyir və şər, ədalət və ədalətsizlik və digər əxlaqi kateqoriyalar haqda doğru-dürüst təsəvvürün formalaşmasına əngəl törədir, hər şeyi öz xeyrinə yozmağa səbəb olur. Belə olan hallarda cahillər özlərini müdrik sayır və bunun da nəticəsi olaraq özləri səhv yolla getmələri ilə yanaşı, həm də cəmiyyətə, insanlara ciddi zərər vururlar. Odur ki, yunan fəlsəfəsi insana öz nöqsanlarını görməyə və başqalarının haqqında qərəzsiz mühakimə yürütməyə imkan verməyən və beləliklə də, özünü dərk etmək yolunda böyük əngəl, maneə olan eqoizmi, xudbinliyi məhv etməyə çağırırdı.

Yunan fəlsəfəsinə görə, fəlsəfənin təyinatı həqiqəti dərk etməkdir və həqiqəti dərk etmək yolu da bilikdən keçir və həyatın özü də bilik əldə etmək üçündür. Məhz bilik vasitəsilə varlığın mahiyyətini açmaq olar. Həqiqət də sübutlar vasitəsilə əldə edilir, sübutların əsasını da sillogizmlər təşkil edir. Odur ki, sillogizmlər ve dialektikanı öyrənmək həqiqəti müəyyən edərək başqalarına göstərməyin ən etibarlı yoludur. Lakin yunan fəlsəfəsi təkcə kitablar yazmaqdan, sillogizmləri həll etməkdən və kafedra arxasndan ağıllı mühakimələr yürütməkdən ibarət deyildi. Bu fəlsəfə, mahiyyət etibarilə, insanlara məhz ləyaqətlə yaşamağı öyrədirdi (buna bariz misal: Makedoniyalı İskəndər həmişə “Atam Filippə mövcudluğuma, Aristotelə isə məhz ləyaqətlə yaşamağı öyrətdiyinə görə borcluyam” deyərdi); insanın obyektiv aləmdə yerini, onun mənəvi dünyasına və vəzifələrini aydınlaşdıran bu fəlsəfə onu ruhən, mənən maarifləndirir, paxıllıq, tamahkarlıq, şöhrətpərəstlik və s. kimi alçaq hisslərdən azad edir, əvəzində ona başqa insanlarla münasibətlə, ailədə, siyasi fəaliyyət və dövlət idarəçiliyində şərəfli meyillər, kamal, ehtiyatlılıq, həlimlik, soyuqqanlılıq və mətanət göstərmək, özünü  aparmaq bacarığı, qabiliyyəti aşılayırdı. Bu fəlsəfə, qısaca desək, ədalətə və qanuna qulluq etməyə çağırırıdı.

Yunan təhsilinin əsasını musiqini öyrənmək və gimnastika ilə məşğul olmaq təşkil edir. Belə ki, musiqi və gimnastika bədən və ruhu  ahəngdar inkşaf etdirirdi. Ancaq Platon və digər yunan filosoflarına görə, musiqi mənəvi ləzzət mənbəyi deyil, ruhi aləmi nizamlamaq və ahəngə gətirmək üçündür; musiqi həm qəmdə, həm hirsli zamanlarda çox faydalıdır, nəhayət, müharibələrdə, vuruşlarda insanı cəsarətləndirir. Yunan təhsilinin təsiri nəticəsində bədəncə arıq və cılız olan Siseron gimnastika ilə məşğul olaraq, fiziki cəhətdən çox mətinləşir və gənçlik sağlamlığına nail olur.

siseron-5.jpg

Plutarx tarixin bizə təqdim etdiyi ən görkəmli natiqləri – Demosfenlə Siseronu müqasiyə edir. Gözəl və aydın danışmaq istedadını gəlir mənbəyinə çevirən, biri digəri ilə məhkəmədə çəkişən Forminlə Apollodranın hər birinə pul qazanmaq naminə çıxışlar hazırlayan, hökmdarlardan pul və hədiyyələr qəbul etdiyinə görə özünü rüsvay edən, nəhayət, Qarpoladan rüşvət aldığına görə məhkum olunan Demosfendən fərqli olaraq, tamahkarlığın, acgözlüyün çiçəkləndiyi bir zamanda, hərbi rəhbərlərin və canişinlərin əyalətləri talan etdikləri, rüşvət almağın məhəbbətlə qarşılandığı bir şəraitdə özünün bütün fəaliyyətində Siseron zəhmətsiz gəlir əldə etməyə qarşı çıxır, özünün insansevər, tərbiyəli, mötədil, həyəcanlandırıcı dərəcədə təmənnasız və təmiz bir insan olduğunu sübut edir; ən qiymətli sərvət saydığı insanları sevməyi, onların hörmətini qazanmağı var-dövlət toplamaqdan üstün tutur; Romada formal olaraq konsul seçilsə də, ancaq faktiki Respublika quruluşunu devirmək istəyən Katilina və onu tərəfdarları ilə mübarizə üçün məhdudiyyətsiz diktator səlahiyyətlərinə malik olduqda belə, Platonun “güclü hakimiyyət müdriklik və ədalətlə birləşdiyi hallarda dövlət bəlalardan xilas olar”– fikrinə sadiq qalır (Yeri gəlmişkən, məhz Respublika quruluşunu Katilina və onun tərəfdarlarının sui-qəsdindən qoruyub saxladığına görə, Senat ona “Millətin atası” adını verir. Siserona qədər bu ad heç kimə müyəssər olmamışdı).

O, bütün dövlət vəzifələrində heç kimdən, hətta Romadan sürgün edildiyi zaman dostlarından belə, bəxşişlər qəbul etmirdi. Təbiət etibarilə çox yumşaq və zərif olsa da, prinsiplərini qoruyub saxlamaqda həmişə möhkəm, mətin xarakter nümayiş etdirərdi.

Siseron şəxsiyyətinin mürəkkəbliyi onda qeyd olunan və olunmayan fəzilətlərlə yanaşı, həm dəözünəvurğunluq, şan-şöhrətə can atma və s. kimi qəbahətli xüsusiyyətlərlə də xarakterizə olunur. O, təbiəti etibarilə qədim romalılara xas olan hissi ləzzət almağa çox da meyilli deyildi, mədəsi xəstə olduğundan, çox az yeyirdi. Lakin insanlar tərəfindən ona göstərilən zahiri hörmət, söylənilən təriflər, yalançı sadiqlik, çox da əhəmiyyətli olmayan fərqləndirmə cəhdləri belə, onu çox sevindirir, mütəəssir edirdi. Psixoloqların təsdiqinə görə, özünəvurğunluğu ilə seçilən insanlarda insan həyatının əhəmiyyətini hədsiz dərəcədə şişirtmək və deməli, özünüqoruma, təhlükə qarşısında vahimə hissləri çox güclü olur. Lakin Roma ənənələrinin və yunan fəlsəfəsinin təsiri nəticəsində Siseron bu hisslərlə daim mübarizə aparır, bəzən də bu işdə uğur qazanırdı. Belə ki, o, öz şəxsi həyatını yaxınlarının və dövlət həyatının bir hissəsi hesab edərək bəzən böyük ruh yüksəkliyi və cəsarətlə təhlükələrə qarşı gedirdi. Beləliklə də, özünüqoruma hissi ehtiyatlılıq, siyasi müdriklik aktına çevrilirdi.

Siseron bir filosof kimi, həmişə “necə yaşamalı” sualına cavab axtarırdı. O, bu sualın cavabını Qədim Yunanıstan və Romada materializmlə idealizm arasında tərəddüd edən və rasionalist fəlsəfi nəzəriyyə – stoisizmdən gələn “əgər biz təbiətin tələblərinə əml etsək, onda heç vaxt yanılmarıq” prinsipində görürdü. Lakin “təbiət” dedikdə, onun sadə anlayışını deyil, insanın təkmilləşmiş təbiətini, yəni əqlininəzərdə tuturdu. Ona görə, insanın bu təkmilləşmiş təbiəti olan əqli də özünü insan ruhunun dörd istiqamətində büruzə verir: birincisi, dərk etməkdə; ikincisi, ictimai əlaqədə; üçüncüsü, birincilik istəyində və nəhayət, dördüncüsü, ahəngdarlıq və qayda-qanuna can atmaqda.

Siserona görə, bu sadalanan dörd istiqamət də hər birinə uyğun dörd fəzilət üzərində cərəyan edir: dərk etmək – müdriklikdə; ictimai əlaqə – ədalətdə; birinicilik istəyi – mərdlikdə; ahəngdarlıq və qayda-qanuna hörmət – xasiyyətdə ağırlıqda, mötədillikdə.

Hər bir istiqamətdən də insan üçün  müvafiq vəzifələr yaranır. Məsələn, ictimai əlaqəyə can atmaq bizdən insanlara qulluq etməyi, birinciliyə can atmaq isə insanların bizə qulluq etməsini tələb edir.

Siseron ağlı təbiətin bizə verdiyi ən qiymətli hədiyyə sayır və göstərir ki, məhz ağla əsaslanaraq insan özünün üç əsas dəhşətli düşmənlərinə – qocalığa, ağrılara və ölümə qalib gələrək xoşbəxt yaşaya bilər. Bir tərəfdən, qocalıqda insanın fiziki qüvvəsi azalsa da, bunun əvəzində fiziki qüvvə tələb edən arzu və istəklər də sıradan çıxır. Digər tərəfdən, ağıllı həyat tərzi qocalıqda ağıl və əxlaqi keyfiyyətlərin inkşafına, vüsətinə  səbəb olur və ölənə qədər insanı tərk etmir. Ağrıların təsirini isə bir tərəfdən ağlı və ruhu daim məşq etdirməklə, digər tərəfdən fəzilətlərə qulluq etməklə azaltmaq olar.

Ölümdən də qorxmağa dəyməz. Çünki ruh ölməzdir və bu halda insan öləndə o, daha rahat dünyaya köçür. Yox, əgər bu, belə deyilsə, onda ölümlə insan şüuru da ölür ki, beləliklə də, biz ölüm qorxusunu, dəhşətlərini hiss etmirik. Belə olan halda, biz həyatın bizə verdiyi iki yüksək mənəvi sərvəti –bir şəxsin sənə hörmət və izzətindən ibarət olan dostluğu və cəmiyyətin hörmət və izzətindən ibarət olan şərəfi çox yüksək qiymətləndirməliyik.

Qədim dünya, onun ən layiqli nümayəndələrindən olan Siseron insanlar arasında əsil dostluğu həyatın yaraşığı, ən böyük dəfinəsi, onun, nece deyərlər, duzu, ikinci varlıq, ikinci “mən” sayaraq, çox yüksək qiymətləndirirdi. Lakin əsil dostluq və əsil şərəfi yaltaqların inhisarında olan yalançı dostluqdan və saxta şöhrətpərəstlikdən fərqləndirirdi. Ona görə, əsil dostluq yaxşı adamlar arasında, xüsusilə də mənəvi aləmdə ümumi dəyərləri rəhbər tutanlara məxsus olur. Lakin bütün hallarda qanun, ədalət, ictimai fayda dostluqdan üstün olmalıdır. "Platon mənim dostumdur, ancaq həqiqət ondan üstündür"- kəlamı da yunan fəlsəfəsindən bizə gələn mənəvi sərvətdir.

Dostluğun “xüsusi səsi” də qəbahətlərinə görə dostu çəkinmədən tənqid etmək kimi mənəvi hüquq idi. Məhz bu səslə də dostluğun əxlaqi-tərbiyəvi əhəmiyyəti özünü biruzə verirdi.

Dostluq bir sosial inistutdur ki, insan burada sosiallaşma prosesini keçir. Hər mədəniyyət də bu instituta öz özəllikləri ilə təsir edir. Məsələn, yaponlar “dostluğa sadiqlik”lə “qanuna sadiqlik”arasında həllolunmaz  ziddiyyət yarandıqda, sadiqsizliyin obyektini özlərində görürlər – özlərinə sui-qəsd edirlər. Beləliklə, hər iki fenomen qarşısında öz ölümləri hesabına sadiqlik nümayiş etdirirlər. Necə deyərlər, seçimi öz ziyanlarına edirlər. Görünür, ölmək bacarığı olan xalqlar daha yaxşı və şərəfli yaşaya bilirlər. Dostluğun, dövlətçiliyin, Vətənin, qanunun, ədalətin ən böyük, möhtəşəm və şərəfli qurbanı insanın öz həyatına şüurlu surətdə son qoymasıdır. İlahi həqiqət bunu deyir: Mənim ölümümlə Vətən, dostluq və yaxud qanun yaşayırsa, deməli, bu edilməlidir (Sokrat fenomeni)! Böyüklük onda deyil ki, dostluğa, dövlətçiliyə, Vətənə və s. ölümcül qorxu varsa, qaçıb gizlənəsən, yaxud da cildi dəyişib “yaxşı adam” olasan. Mədəniyyətində bu sokral məna olmayan xalq heç vaxt uzunmüddətli suverenliyə, layiqli başçıya, müstəqil dövlətçiliyə nail ola bilməz. Tarix buna gözəl sübutdur.

Yeri gəlmişkən, dostluğu və şan-şöhrəti yüksək qiymətləndirən Siseron məhz bu iki keyfiyyətin də qurbanı olur.

Siseron şəxsiyyətinin xarakterik əlamətləri – zəriflik və yumşaqlıq da möhkəm dostluğun və məhəbbətin əsası idi. O, dostluğa çox sadiq idi. Lakin onun faciəsi də elə dost bildiklərinin ona həmişə xəyanət etməsində idi. Siseron yaxın dostu, müəyyən mənada həm də Katilinanın sui-qəsdi zamanı ona cangüdənlik edən Klodiyi həmişə yüksək qiymətləndirir, hətta onu dövlət çevrilişinə cəhd edən Katilina ilə əlbir olmasına dair ittihamdan xilas etmək üçün şahidlik də edir. Bu yaxşılğın qarşılığında isə Klodiy xalq tribunu seçildikdən sonra Siseronu ölkədən qovur, ona heç bir kömək göstərməmək, hətta sığınacaq belə verməmək barədə fərman verir, onun evini yandırır və yerində də məbəd tikdirir; Siseron Sezarın bacısıoğlu, sonralar “Müqəddəs Avqust” ləqəbi almış Roma imperatoru Oktavianın hakimiyyətə gəlməyinə hər cür kömək göstərir, o da qarşılığında Siseronu öz atası adlandırırdı. Ancaq Oktavian hakimiyyətə gəldikdən sonra ona xəyanət edir, onun düşməni Mark Antoniy və Lepidlə birləşərək, triumvirat yaradır, Antoniyin təkidi ilə Siseronun adını proksripsiya adlanan məhkəmə hökmü olmadan “ölməli insanlar” siyahısına salır. Ölümdən qaçmaq istəyən Siseronu isə onun qardaşı Kvint tərəfindən azadlığa buraxılan və Siseronun tərbiyə etdiyi, elm öyrətdiyi, keçmiş qul olan Filoloq adında gənc satır və beləliklə də, vaxtilə “Millətin Atası” kimi etiraf edilən məşhur Siseronun başını və əllərini kəsib, Antoniyin göstərişi ilə gəminin burnunda qayıqları yerləşdirmək və avarları yığmaq üçün nəzərdə tutulan tirlərin üstündə tribunaya qoyurlar.

Maraqlıdır ki, Plutarxın təsdiqinə görə, Siseronun qətlindən sonra ona xəyanət edən Filoloqu özü ilə bərabər öldürülən qardaşı Kvintin həyat yoldaşı Ponponiyə verirlər. O da Filoloqu başqa əzab-əziyyətlərlə yanaşı, öz ətini kəsib bişirməyə və yeməyə məcbur edir. Beləliklə, həyat bununla bir daha sübut edir ki, satqınların aqibəti həmişə heyrətamiz dərəcədə dəhşətli olur.

Tarixçilər Siseronun məhvini Mark Antoniydən görürlər. Vaxtilə Demosfenin Makedoniya çarı II Filippin əleyhinə olan çıxışları tarixə “filippiki” kimi daxil olmuşdur. Sonradan Siseron da dəfələrlə Senatda Mark Antoniyi ifşa edən hiddətli, qəzəbli “filippiki” adlanan nitqlər söyləmişdi. Siseronun əleyhdarlarından olan Metell Nepod ona “Sən müdafiə nitqləri ilə xilas etdiklərindən daha çox insanları ittiham nitqləri ilə məhv etmisən” – ittihamına qarşı belə cavab verir: “Mən səninlə tamamilə razıyam. Məndə vicdanım danışmaq qabiliyyətimdən üstündür”.

Siseronun Mark Antoniyə qarşı çıxışlarını onun məhvinin səbəbləri hesab edirlər. Lakin mənə elə gəlir ki, bu məsələnin əsl səbəbi başqadır. Onun şəxsiyyəti və fəaliyyəti heç kimi laqeyd qoymurdu. O, iti ağlı, dərin və hərtərəfli biliyi, parlaq natiqlik istedadı, çarlar və tiranlara qarşı çıxmağa imkan verən görünməmiş cəsarəti, vətəndaş azadlığına, ümumiyyətlə Roma ənənələrinə sadiqliyi, başqaları kimi özünə, öz maraqlarına deyil, xalqa qulluq etdiyi üçün, təvazökarlığı və şəxsi təmizliyi ilə xalqın böyük hörmətini qazanaraq hamının həsəd apardığı şöhrətə və qüdrətə malik idi. Bütün bunlar onun paxıllığını çəkən siyasi rəqiblərini daim narahatlıq burulğanında boğurdu. Paxıllıq, xüsusilə də siyasi fəaliyyətdə çox təhlükəli stimuldur. Bu paxıllıq hissinin güclənməsində təbiətləri etibarilə özləri də bu hissin qurbanı olan yaltaqlar olduqca mənfi rol oynayırlar.

Siseron onun paxıllığını çəkən, siyasi ambisiyaları şəxsi keyfiyyətləri ilə, yumşaq desək, uzlaşmayan, əslində isə rüsvayçı dərəcədə ziddiyyət təşkil edən şəxslərin narahatlıq mənbəyi idi. Onu öz istəkləri yolundan kənara tullamasalar, məhv etməsələr, şəxsi ambisiyalarını təmin edə bilməzdilər.

Fikir verin: Konsul seçkilərində ona uduzan, sonralar dövlət çevrilişi etmək istəyən Lutsiy Katilina kim idi, cəmiyyət üçün hansı keyfiyyətlərin daşıyıcısıydı?! Ö qızı ilə yaşayan, qardaşını öldürən bir yaramaz!!! Siyasi baxışları da alçaq hisslərinə uyğun idi. Siseronu ölkədən qovan, evini yandıran Klodiy hər üç bacısı ilə yaşayan, Sezarın arvadı ilə boşanmasının səbəbi olan əxlaqi keyfiyyətləri və praktik fəaliyyətində Roma ənənəsini inkar edən bir şəxs idi. Siyasi ambisiyaları çox güclü olan, zaman-zaman onun sayəsində siyasi pillədə addım-addım irəli gedən Krass, Pompey, Sezar belə, onu öz şöhrətpərəstlik yollarında, inkişaflarında əngəl sayırdılar. Ona görə də o, siyasi səhnədən getməli, fiziki cəhətdən bu dünyanı tərk etməli idi! Təsadüfi deyil ki, Siseron öləndə onun qətlində iştirakçı olan, sonralar “Müqəddəs Avqust” kimi məşhurlaşan Oktavian, Antoniyə qələbə çalıb konsul olanda, Siseronun oğlunu özünə yaxınlaşdırır, ona vəzifə verir. Siseronun pərəstişkarı olan nəvəsi onun qorxusundan oxuduğu Siseronun kitabını gizlətdikdə, o, kitabı alır, ayaq üstə oxuyur və deyir: “Mənim balam, Siseron alim adam, öz ölkəsini sevən vətənpərvər idi”. Elə bu vaxtdan da Senat Antoniyin bütün heykəllərini məhv edir, qərara alır ki, Antoniylərdən heç kim “Mark” adını daşımasın.

Onu da qeyd etmək yerinə düşər ki, Siseronun əleydarlarının hamısı – Sezar, Krass, Pompey, Antoniy, Katilina, Klodiy və başqaları – zorakılığın qurbanı olaraq həyata “Əlvida!” deməli oldular. Xəyanətin, paxıllığın ədalətli cəzası məhz budur və gələcəkdə də, şübhəsiz, belə olacaq. Bu, tarixin dərsidir. Bunu hamının dərk etməsi gərəkdir!

(Strateq.az)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar