Arıf Alışanov Qulu Məhərrəmliyə qarşı qisas savaşına başlayır?

"Mən hansısa əxlaqsızın vəzifəsindən sui-istifadə edərək asılı və zavallı adamları mənəvi cəhətdən istismar etməsi barədə heç nə deyə bilmərəm"

Televiziyanın 60 illik yubileyi AzTV rəhbəri A.Alışanova düşməyib. Ölkənin vicdanlı söz adamlarından biri, media eksperti, professor Q.Məhərrəmlinin Moderator.az saytına verdiyi müsahibə, onun kefinə "soğan doğrayıb". Bəzi qəzetlərdə gedən tərifli yubiley yazılarından fərqli olaraq, bu müsahibədə AzTV-dəki mənfi tendensiyalar haqqında da danışılıb və imkanları, tutduğu sədr vəzifəsinə uyğun gəlməyən Alışanov barədə tənqidi fikirlər səsləndirilib. İctimaiyyətdə, bəzi rəsmi dairələrdə, elə AzTV-nin özündə də ciddi rezonans doğurmuş bu müsahibədəki tənqidlər hədəfə dəydiyi üçün, dərhal hücuma keçən alışanovçular Q.Məhərrəmlini qərəzli olmaqda qınayıblar. Bununla ürəyi soyumayanlar sosial şəbəkələrdə teletənqidçinin ünvanına təhqiramiz ifadələr yağdırıblar.

AzTV-dən aldığımız məlumata görə, hazırda kanal rəhbərliyi çaşqınlıq içindədir. Bir tərəfdən, Alışanovun işdən çıxarılacağı, ciddi maliyyə yoxlaması aparılacağı ilə bağlı telekanalda yayılmış xəbərlər, digər tərəfdən isə məlum müsahibə ciddi gərginlik yaradıb. Adətən, tənqidi yazılardan sonra üzdə özünü soyuqqanlı göstərən A.Alışanov bu müsahibədən sonra bir növ müvazinətini itirib. O, özünə yaxın adamlarla Q.Məhərrəmlidən necə qisas almaq yollarını müzakirə edib. Bu yollardan biri kimi “uğurları gözü götürməyən” peşəkar televiziyaçını ekranda “ifşa” etmək üçün bir veriliş hazırlamaq və onu reket saytlarında yaymaq variantı seçilib.

AzTV-dəki bir neçə mənbədən aldığımız məlumata görə, hazırda bu verilişin çəkilişi sona yetib. Çəkilişlərə ixtisasca kitabxanaçı olan sədr müavini Elsəvər Dünyamalıyev, keçmiş AMİP-çi Xatirə Qasımova və 8 il əvvəl rüşvət üstündə çıxarılmış, amma bu günlərdə AzTV-də yenidən vəzifə almış Bəxtiyar Qaraca adlı şəxs rəhbərlik edib. Koordinasiya işlərinə proqram-buraxılış direktorluğundan İlham Alışanov baxır. Verilişdə, əsasən AzTV və İTV-nin rəhbər işçiləri və yaxşı maaş alanlar sədri tərif edən, Q.Məhərrəmlinin “əməllərini” ittiham edən ifşa nitqi söyləyirlər. Bu barədə artıq “öz sözünü demiş” Məqsəd Nur, Vəli Əkbərlə yanaşı, Alışanovun tabeliyində çalışan Sadıq Elcanlı, Telman Nəzərov, Fikrət Adıgözəlli, Telli Pənahqızı, Ramiz Həsənoğlu, Şəfəq Sultanlı, Eldost Bayramov və başqaları çıxış ediblər. Ümumiyyətlə, 20-dən çox şəxs danışıb, onların bir qismi əlacsızlıqdan sədri tərifləsə də, Q.Məhərrəmli haqqında danışmayıb. Bizə bu ləyaqətsiz kampaniyadan imtina edən şəxslərin də adı məlum olub.

Məsələyə münasibət bildirən Qulu Məhərrəmli “mən hansısa əxlaqsızın vəzifəsindən sui-istifadə edərək, asılı və zavallı adamları mənəvi cəhətdən istismar etməsi barədə hələlik heç nə deyə bilmərəm” cavabını verib.

Xatırladaq ki, AzTV-də belə kütləvi “ifşa” kampaniyaları əvvəllər mərhum Elşad Quliyevə qarşı aparılıb və bu işə indiki mühasib-sədr Arif Alışanov rəhbərlik edib. (Moderator.az)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar