Əli Əhmədov fırıldaqçı qardaşına qahmar çıxır

İlyas-İliç Əhmədovun həbsi YAP icra katibinin zəngləri ilə önlənir

"YAP-ın icra katibi Əli Əhmədovun yalan danışmağı, şər atması zatən təbiidir. Əhmədov hazırkı vəzifəsinə elə yalanları ilə çatıb. Onun Cəmil Həsənlini fırıldaqda ittiham etməsi də, sadəcə, gülüncdür". YAP icra katibinin məlum çıxışından sonra redaksiyamıza müraciət edən bir neçə şəxs YAP icra katibini fırıldaqçı qardaşının əməllərini ört-basdır etməkdə suçladılar.

Dedilər ki, Əli Əhmədovun qardaşı İliç-İlyas Əhmədov onlara 2007-ci ildən fırıldaq gəlib. “Yeni Müsavat” YAP icra katibinin qardaşının dələduzluqları haqda onlarla yazı dərc edib. Həmin yazılarda Əhmədovun dələduzluğu, fırıldaqçılığı faktlarla ortaya qoyulub. Son belə yazı “Yeni Müsavat”ın 5 iyun 2013-cü il tarixli sayında “Əli Əhmədovun qardaşının daha bir dələduzluğu üzə çıxdı” başlığı ilə dərc olunub. Həmin yazı “YAP icra katibi Əli Əhmədovun qardaşı İliç Əliyevin dələduzluq etməsi haqda redaksiyamıza müraciət edənlərin ardı kəsilmir” sözləri ilə başlayır. İcra katibinin qardaşının aldatdığı isə düşmən təcavüzü nəticəsindən ev-eşiyindən, mal-mülkündən olan Ağdam köçkünü Tərlan Əliyevadır.

O, “Yeni Müsavat”a yazılı müraciətində qeyd edirdi: “İlyas kimi tanıdığımız İliç Əliyev məndən və 10-a yaxın şəxsdən dələduzluqla 2 milyona yaxın pul alıb. Bizlər 15 ildir ki, hüquq-mühafizə orqanlarına müraciət edirik. Amma saysız müraciətlərimizə baxılmır.

İlyas şəhərdə gəzə-gəzə hüquq-mühafizə orqanları məktublarımıza cavablarda yazırlar ki, guya onun yerini müəyyən edə bilmirlər. Baş Prokurorluq Əli Əhmədova görə şikayətimizə baxmır".

Qeyd edək ki, bu yazıdan bir neçə ay əvvəl redaksiyamıza Əmircan qəsəbə sakini İntiqam Nəzərli müraciət edərək Əli Əhmədovun qardaşından şikayət etmişdi. Şikayətçi bildirmişdi ki, İliç Əhmədov qardaşı, YAP icra katibi Əli Əhmədovun adından istifadə edərək 6 nəfərə külli miqdarda pul “atıb”.

YAP icra katibinin qardaşının əməllərindən şikayət edənlərdən biri də Şəmsiyyə Nadirxanova idi. İ.Əhmədov qadından evinin qarşısındakı 2 sot torpağı sənədləşdirmək üçün 4 min manat alıb. Milliyyətcə ləzgi Sudya Babayev də İ.Əhmədova inanaraq ona 2 min manat verdiyini bildirmişdi.

Şikayətçilərin bildirdiyinə görə, İ.Əhmədovdan pullarını geri ala bilməyən rəsmən 6 zərərçəkən var - Babayev Sudyabəy Ağaşirin oğlu, Şıxmirov Şərafəddin Şıxhəmzə oğlu, Əlizadə Tahir Mustafa oğlu, Nadirxanova Şəmsiyyə (4 min), Əli Babayev (10 min), İntiqam Nəzərli.

Şikayətçilər qəzetimiz vasitəsilə prezidentə müraciət edərək pullarının geri qaytarılması üçün tədbir görülməsinə göstəriş verməsini xahiş etmişdilər.

Bu günə qədər də İ.Əhmədovun dələduzluq, fırıldaqçılıq etməsinə hüquqi qiymət verilməyib. Bu da əbəs deyil. Əli Əhmədov qardaşının dələduzluq, fırıldaqçılıq “peşə”sinə özünün töhfəsini verir. Hər dəfə hüquq-mühafizə orqanlarının rəhbərlərinə qardaşını həbsə almamaq üçün müraciət etməklə. Bu hərəkəti ilə Əli Əhmədov qardaşının fırıldaqçılığına və dələduzluğuna şərik çıxır.

YAP icra katibinə bir məsləhətimiz də var - Əli müəllim, ətrafınızdakıların adını başqasına qoymazdan əvvəl imkanınız olsa bir güzgüyə də baxın.(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar