“ERMƏNİLİK” VƏ XOCALI SOYQIRIMI

RUŞANZADƏ RUŞAN

AMEA-nın Fəlsəfə və Hüquq İnstitutu

Siyasi Nəzəriyyələr şöbəsinin elmi işçisi,

Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Siyasi elmlər üzrə fəlsəfə doktoru.

“Ermənilik” ideyasının yaranışında, patogen ideologiya olaraq, erməni kütləsinin buna yoluxdurulmasında, bu ideologiyanı mütəmadi olaraq şüurlara hopdurmaq və təbliğatının davamlılığı üçün elmi, ictimai-siyasi sferada erməni nümayəndələrin (təbliğatçıların, katalizatorların) formalaşdırılmasında I Pyotrdan etibarən, Rusiya imperiyası, sonralar Sovet Rusiyası, hazırda isə Putin Rusiyası tərəfindən birbaşa xüsusi fəaliyyət aparılmışdır, indi də aparılır. Başqa sözlə, Rusiya ənənəvi olaraq erməniliyin “carçı”larını doğmuş və bəsləmişdir. Bu fikrimi əsaslandırmaq üçün bu yaxınlarda, daha dəqiqi, 10.02.2016-cı ildə cəllad, bütövlükdə Qarabağ hadisələrində, xüsusən də Xocalı faciəsində türk körpələrinin qatili kimi məşhurlaşan cani Zori Balayanın səkkiz cildlik kitabının Rusyada dövlət səviyyəsində nəşr edilməsi və Rusyanın görkəmli nümayəndələrinin iştirakı ilə təntənəli təqdimatının keçirilməsini yuxarıda deyilənlərin əyani sübutu kimi göstərə bilərəm.

“Ermənilik” ideologiyası nədir? Buna cavab tapmaq üçün K.Rusiyanın “Ermənistan”- bu, sadəcə, ölkə deyil, ən azı sivilizasiyadır” xülyasına, yaxud, Q.Matevosiyanın erməniliyin atributu kimi qəbul edilən xülyalarına nəzər salaq: “Vətən Allahdan vacibdir. Vətəndən vacibi kilsə, kilsədən vacibi Böyük Tiqran, Böyük Tiqrandan vacibi isə Böyük Ermənistandır”.

Bu ideologiya təkcə qərbi Azərbaycanda, qədim İravan ərazilərində olan türk torpaqları ilə məhdudlaşmır. Belə ki, erməni quldurluğunun etnokorporasiya ideoloqlarından olan Sergey Vardanyana görə, İrəvandan savayı Türkiyə, Azərbaycan şəhərləri başda olmaqla Tiflis, Kiyev, Yerusəlim, Soçi, habelə, Aropada Almaniyanın Bavariya torpaqları və Macarıstan da daxil olmaqla, erməniliyin 22 paytaxtı var.

Bununla belə, “Ermənistan paytaxtları” kitabının müəllifi, jurnalistin “Görəsən, nə üçün belə az?” sualına cavab olaraq, sadəlövhcəsinə ah çəkir və “Ermənistanın bütün 22 paytaxtı haqqında yazmağa bir ömür bəs etmədiyini” “kədərlə” söyləyir. Yeri gəlmişkən, bu kitab Vatikan kitabxanasının rəflərində heç də az hörmətli yerdə qərar tutmayıb. Əgər həmin kitab Vatikan kitabxanasında belə “nüfuz”a malikdirsə, və hazırkı vəziyyətdə üzdə demokratiyadan, humanizmdən dəm vuran, arxada isə terror maşını olan işğalçı erməniliyi qidalandıran, dəstəkləyən xristian müttəfiqliyinin hansı məqsədlərdə bulunduğu buradan aydın olur. Və nəticə alınır ki, Azərbaycan ərazisində və müsəlman dövlətləri (Türkiyə, Cənub Azərbaycan və Şimali Azərbaycan) arasına yerləşdirilmiş ermənilik, xristian müttəfiqliyinin geosiyasi maraqları, xüsusən, Qafqazda xristianlığın ideoloji, maddi, coğrafi bazasının möhkəmləndirilməsi üçün xüsusi əhəmiyyətə malikdir. Məhz hazırda xristian birliklərinin QARABAĞ FACİƏSİ, XOCALI SOYQIRIMI həqiqətlərinə münasibətdə tutduqları mövqe riyakarlıqla ikiliyə əsaslanır və bu iki tərəflilikdə Azərbaycana olan formal və nəticəsiz münasibət çoxminillik yurdundan, ata-baba torpağından vəhşicəsinə təcavüzlə və zorla qovumuş, qaçqın, köçkün düşmüş, soyqırıma məruz qalan, kütləvi qırılan Azəri türkünün haqqına ürək yanğısı deyil, enerji siyasətinin təhlükəsizliyinin təmin edilməsi üçün göstərilən münasibətlərdir. Yəni əgər Azərbaycan enerji resurslarına malik olmasaydı, heç şübhəsiz ki, xristian birlikləri üçün əhəmiyyət kəsb etməzdi və arxalı erməniliyin işğalçılığı müqabilində ikitərəflilik yox, birmənalı olaraq işğalı alqışlama münasibəti nümayiş etdirərdilər. (Rusyanın Gürcüstanın ərazi bütövlüyünü pozduğu zaman 09.09.2008-ci ildə Fransa prezidenti N.Sarkozinin təcili olaraq Tiflisə gəlməsi, həmçinin Ukrayna hadisələrində Krımın işğalına rəğmən ABŞ-ın və Avropanın Rusyaya göstərdiyi təzyiqlər, sanksyalar yuxarıda qeyd etdiymiz xristianlıq amilinin bariz nümunələridir).

Erməniliyin "Dənizdən-dənizə Ermənistan" planına toxunan Ö.F.Nemanzadə hələ 1905-ci ildə "İrşad" qəzetində yazırdı: "Ermənilər öz planlarını həyata keçirmək üçün bizi İrəvandan, Qarabağdan və Qarsdan qovmağa çalışacaqlar. Biz bilməliyik ki, ermənilər bu yolda hər bir alçaqlığa əl ata bilərlər. Onlar qəsdən müsəlmanları öz üzərlərinə qaldıracaq, onların hücumuna və özlərinin bir qədər artıq itkisinə şərait yaradacaq və beləliklə bütün Avropanın diqqətini “əzabkeş” bir xalq olmalarına cəlb edəcəklər. Onlar, öz cinayətləri üçün tədricən planlar hazırlayır və onu həyata keçirməyə yollar axtarırlar".

Məhz tarixən Xocalı soyqırımına qədər baş verən hadisələrin hamısı belə planlar istiqamətində inkişaf edib. Lakin təəssüf ki, biz bir xalq olaraq lazımı ibrət almamış, düzgün nəticə çıxarmamışıq.

Erməniliyin nəinki neqativ səciyyə daşıdığını, hətta kütləvi pisxoz xarakterli patogen ideologiya olmasını təsdiq edən çoxsaylı faktlardan biri də onun öz daxili münasibətlərində ciddi intriqaların mövcudluğudur. Bunlardan diaspor və “Ay Dat” “kentronı xayer” və “benqladeşi”, arasındakı, ortodoksal ape, Qarabağ, İran, Rusiya, Suriya ermənilərinin ictimai-siyasi şüurundakı ziddiyyətlərdir. Buna konkret nümunə kimi ermənilərin Livandan deportasiya edilməsinə qarşı çıxan Klikiya Evi katolikosu I Avraamla diaspor arasında olan çəkişmələri göstərmək olar.

“Erməniliyin əvvəlki etnososial mühitdə yeni mifologemlər axtarışını dayandırmaq və milli ekokvadratdan çıxmaq cəhdi etnokorporasiyanın artıq hamıdan üstün olması kimi təhlükəli həddə gətirib çıxarıb və “bəşəriyyətin yaranmasında və inkişafında” xüsusi hal qismində özünün yeni konseptual “mən” cizgilərini, faktiki olaraq önə çəkib”.

Erməniliyin bir ideologiya kimi formalaşdırılması, zaman-zaman erməni kütləsinin beyninə yeridilməsi və bu parazit ideologiyanın təkcə qənim kəsildikləri türkə qarşı deyil, hətta məqsədlərinə müvafiq olmayan, başqa cür düşünən, elitar ermənilərin belə, terrorlarla sıradan çıxarılması faktları da mövcuddur. Bu faktın reallığını Amerika tədqiqatçısı erməni Jirayr Libaridyan da təsdiq edir ki, XX əsrin sonlarında erməni komitələrinin terrora məruz qoyduğu hər üç nəfərdən ikisi ermənilik ideologiyasına əleyhdar olan ziyalı ermənilər olmuşdur. 1999-cu ildə Ermənistan parlamentində törədilən silahlı qətliam hadisəsi də buna praktiki nümunədir.

Erməniliyin ideoloqlarından olan, daha çox “Njde” ləqəbi ilə tanınan Ter-Arutunyan mənsub olduğu kütlənin rəzil-dilənçi psixologiyasını yaxşı tanıdığından, həmin psixologiyanı da özlərinin nicat yolu kimi qabardır. Onun fikrinə görə, erməniliyin məqsədləri dünya dövlətlərinin qarşısında dilənçiliklə də olsa həyata keçirilməlidir. O, yazır: “Dilənmək və göz yaşları - bütöv bir xalqın psixologiyasıdır, bizim yeganə silahımızdır... Dilənçiyə ürəkləri yandığı üçün yox, iyrəndiklərindən kömək edirlər. İnsanların, hətta ən ləyaqətsiz adamların yazığı gəlməsi üçün zəhlətökən dilənçi eqoizmi mütləq təbii sayılır. Əgər o üstəlik əlildirsə, daha zəhlətökən və tələbkar dilənçi olur. Bax, dilənçi eqoizmi və əlil tələbkarlığı xalqın psixologiyasına çevrilib”. Buradan aydın görünür ki, ermənilərin xarici himayədarları və dünya ölkələrindən alınan maddi-fiziki yardım və siyasi divident hansı milli xarakter müqabilində əldə edilir. Həm də qeyd edilməlidir ki, dilənçilik psixologiyası, ən asan yolla əldə etmək hiyləsinin əlamətidir.

Demək olar ki, ermənilik son illərədək - Xocalı soyqırımı kimi bəşəri cinayətini məhz elə həmin dilənçiliklə, özünü yazıq və zavallı kimi göstərməklə pərdəlmişdir. Bu psixologiya öz dilənçilik sferasını o qədər genişləndirib və nifrət doğurur ki, bunu hətta erməni olan, “Mayk Arlen” kimi tanınan yazıçı Tiqran Kuyuncan Amerika mətbuatında “Ermənistan! Ah, rəzil qapıçı!” adlandırır.

Qeyd edim ki, erməniliyin rəzil-dilənçilik missiyası artıq ABŞ-ın siyasi elitasının da əlindən “ənam” almağa müvəffəq olub (Baxmayaraq ki, son illərdə ABŞ-ın bir neçə ştatında Xocalı soyqırımı qətliam hadisəsi kimi tanınıb). Dilənçi aqresiyası ilə özünə arxa qazanan, xislətində quduzluq, təcavüz olan ermənilik öz terrorlarını bundan sonra da həyata keçirəcək və heç vaxt sülhməramlı münasibətə meylli olmayacaqdır. Hətta Ter-Arutunyan öz mənfur ideoloqluğuna “sadiq” qalaraq üzünü kütləvi işğalçı psixozuna yoluxmuş erməni kütləsinə tuaraq deyir: “...sülh şəraitini hətta normal adlandırmaq olmaz. Bəşəriyyətə görə sülh şəraiti ermənilik üçün yorğunluqdan başqa, bir şey deyil. Şərqdə hökm sürən sülh bizim üçün tədrici məhv olmadır.”

Bura qədər göstərilən arqumentlər eybəcər ermənilik anlayışının mənfur mahiyyətinin açılması üçündür. Belə ki, Rus imperiyası 1828-ci ildən - parçala hökm sür siyasəti – apararaq, qədim İrəvan ərazisində əslində (həmin zaman üçün Osmanlıya) Türkiyəyə qarşı olaraq, “Ermənistan” yaratdı. Bununla yanaşı Güney Azərbaycanla Quzey Azərbaycanın arasında Qarabağ ərazisinə yaxın xariclərdən erməni kütləsi axıtdı. Bu proses hazırda da davam edir. Burada Türkiyəyə qarşı ifadəsinin xüsusi bir əhəmiyyəti var. Çünki daha çox I Pyotr hakimiyyətindən sonra sürətlənən, imperialist strategiya bu gün də davam edir və bu Rus imperiyası erməniliyi necə qondarıbsa, elə də zaman-zaman ondan 1905, 1915-1918, 1926, 1948, 1988-ci illərin hadisələrində siyasi kart kimi necə istifadə etmişdirsə, bu günədək Azəri türkünə, geniş planda və xüsusi maraqda isə Türk millətinə qarşı istifadə etməkdədir. Belə ki, öz imperialist siyasətini hər dövrdə bir başqa formada həyata keçirən Rusiya, ermənilik vasitəsilə hələ Xocalıya qədər (Şaumyanın icraçılığı ilə) 1918-ci ilin martında Bakıda, Şamaxıda, bir sözlə İpək Yolu boyunca olan rayonlarda təsvir edilməz vəhşiliklər, qətliamlar törətmişdir.

Məhəmməd Əmin Rəsulzadə «Azərbaycan Cümhuriyyəti» kitabında qeyd edirdi ki, “Şaumyanın cibində rus işğal ordusunu təxliyə edilən, Türkiyə ərazisi üzərində erməni muxtariyyatının elanına aid Leninin imzası ilə mumzi bir dekret bulunuyordu... Bu hadisə ilə bolşeviklər bir çox vilayətlərdə yapdıqları qanlı əməliyyatı Bakıda da tətbiq ediyorlardı... «Milli Müsəlman Şurası»na elani-hərb edən “Bakı Soveti” erməni alayları ilə biliştirak on minə qərib (yaxın) müsəlman qətl etdi. Qətl edilənlər miyanında əksəri əmələ (fəhlə) və füqara (yoxsul) sinfindən olmaq üzrə minlərcə qadın, cocuq və silah daşımalarına imkan bulunmayan ixtiyarlar (qocalar R.R.) vardır... Bakı türk milliyyətpərvərliyinin mərkəzi idi. Rus partiyası bulunan bolşevik firqəsi bu mərkəzi dağıtmaq istiyordu. Bu xüsusda o, Rusiyanın türklərə qarşı ənənəvi bir müttəfiqi olan erməniləri buluyordu... Toplar, metralyozlar erməni əsgərlərinin yaylım atəşləri, aeroplanlar həp müsəlman məhəlləsinə tövcih edilmişdi. Müsəlman məhləsinin başına od yağdırılyor, cəhənnəm püskürtülüyordu.”

Bu real faktların ifadəsi M.Ə.Rəsulzadənin qələmindən yadigar qalan, faciəli dünənimizin rəsmi tarixidir. Lakin faciəmiz dünənimizlə bitməmişdir. Nəhayət, əvvəlki illərin davamı olaraq Rus imperiyası erməni quldurlarının əlilə dünyanın gözü qarşısında 1990-cı ilin 19-20-i yanvarında Bakıda, ardınca 1992-ci ilin 25-26-ı fevralında Xocalıda Azəri türkünə qarşı soyqırım əməliyyatı həyata keçirdi. Əlbəttə, mən bura zaman-zaman xalqımızın görkəmli ziyalılarına qarşı törədilən kütləvi siyasi, psixoloji, fiziki terrorları, qətliamları və represiyaları da əlavə edirəm.

Məhz buna görə 1920-ci ilin aprelində Azərbaycan rus sovet ordusu tərəfindən işğal edildikdən sonra torpaqlarımızın bir hissəsi Ermənistana və Gürcüstana verildi. Bununla yanaşı ermənilər Qarabağın dağlıq hissəsini də ələ keçirmək üçün fəallaşdılar. Qarabağın dağlıq hissəsini ermənilərə verib onu birdən-birə Ermənistana birləşdirməyin mümkün olmadığını görən ermənilər rus sovet hakimiyyəti ilə daha hiyləgər bir yol tutdular. Belə ki, “1921-ci il iyulun 5-də Rusiya Kommunist (bolşeviklər) Partiyasının Qafqaz bürosu Moskvanın göstərişi ilə Qarabağın dağlıq hissəsində ermənilər üçün vilayət yaradılması və onun Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində saxlanılması haqqında qərar qəbul etdi. MK-nın Qafqaz bürosu plenumunun axşam iclasının protokolundakı iştirakçılar aşağıdakılardan ibarət olmuşdur: RK (b) P MK üzvü Stalin, Qafbüronun üzvləri: Orcenikidze, Kirov, Nazaretyan, Oraxelaşvili, Fiqatner, Nərimanov, Myasnikov, ASSR Xalq Xarici İşlər Komissarı Hüseynov.

Vurğulanması son dərəcə zəruri olan bir gerçəklik var. Biz hələ də düşmənlərimizi nə düzgün tanımışıq, nə də düzgün qiymətləndirmişık. Elə bu səbəbdən də zaman-zaman təkcə torpaqlarımız deyil, həm də şuurumuz qəsb edilib. Doğrusu, beynimiz torpağımızdan əvvəl işğal olunub. Bu işğaldan qurtulmağın yeganə yolu Türk dövlətlərinin «TURAN BİRLİYİ», daha geniş formatda isə bütün müsəlman dövlətlərinin «İSLAM İTTİFAQI» yaratmasl ilə mümkündür (Qeyd edim ki, Hüseyn Cavid, Əhməd Cavad kimi görkəmli şəxsiyyətlər məhz elə TURAN ideyasının qurbanı olmuşdur). Yalnız belə olduğu təqdirdə insanlığın faciəsi Xocalı Soyqırımına beynəlxalq hüquq müstəvisində ədalətli yanaşılmasına məcbur etmək olar və bu gün Rusiya fiqurlarının, yaxud, reallıqda ABŞ-da erməni lobbilərinin satın aldığı senatorların dəstəyini qazanan balayanların, köçəryanların, sarkisyanların cəzalandırılması reallaşar.

Soyqırım hadisəsi ilə əlaqədar olaraq burada qeyd edilməlidir ki, 09.12.1948-ci ildə BMT-nin Baş Assambleyasının 260 (III) A Qətnaməsi ilə qəbul olunan və 12.01.1951-ci ildən quvvədə olan “BMT-nin Soyqırım Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması Konvensiyası”nın II və III maddəsinə əsasən Xocalı hadisəsi soyqırım faktıdır. Həmin maddədələrdə göstərilir:

Maddə 2: Bu Konvensiyaya müvafiq olaraq soyqırım hər hansı milli, etnik, irqi və ya dini qrupun qismən və ya bütövlükdə məhv edilməsi məqsədilə törədilən aşağıdakı hərəkətlərdən biridir:

a) belə qrup üzvülərinin öldürülməsi;

b) belə qrup üzvlərinə bədən xəsarətləri və yaxud əqli qabiliyyətinə

təsir edən zərərin yetirilməsi;

c) qəsdən hər hansı bir qrupun tam və ya qismən fiziki məhvini

nəzərdə tutan həyat şəraitinin yaradılması.

Maddə 3: Aşağıdakı əməlləri törədən tərəf isə cəzalandırılır:

a) soyqırım;

b) soyqırım törətməyə yönəlmiş gizli sövdələşmə;

c) soyqırım törətməyə birbaşa və açıq təhrik;

d) soyqırım törətməyə qəsd;

e) soyqırımda iştirak.

III maddə bütövlükdə Ermənistanın despot və cani rəhbərliyi ilə əvvəlcədən sövdələşən, erməni quduzlarını təhrik və himayə edən 366-cı alayın sahibi, onun törətdiyi hadisənin məsuliyyətini daşımalı olan Rusiyaya şamil edilməlidir. Lakin qlobal iddialar, geopolitik maraqlar bunun yerinə yetirilməsinə maneə olur...

Son iyirmi beş illik reallıq sübut edir ki, hazırki dünyada təkcə siyasi maraqlar yox, həm də dini dünyagörüşlər toqquşur. Başqa sözlə, dünyada kapital müharibəsi ilə yanaşı din müharibəsi gedir. Bütün təzyiqlər, zərbələr müsəlman ölkələrinə dəyir. İstər Avropanın, istərsə də ABŞ-ın simasında heç bir xristian dövləti Azərbaycanın haqqnın bərpası istiqamətində nəinki əhəmiyyətli bir addım atmayıb, əksinə, erməniliyi qidalandırmaqla məşğuldur. İllərdir Azərbaycan ictimaiyyətində belə bir fikir dolaşır ki, biz faciələrimizlə bağlı beynəlxalq ictimaiyyətə lazımı məlumat çatdırmamışıq, düzgün təəssürat yaratmamışıq, gərək daha geniş təbliğat aparaq. Əlbəttə, bu zəruridir və Azərbaycan dünya ölkələrində diaspora siyasətini dinamik olaraq aparmalı və bu formatda öz faciələrini dünya ictimaiyyətinin diqqətinə yetirməlidir. Lakin belə informasiya çatdırılması və dünya sakinində Azərbaycan həqiqətləri haqqında təsəvvür yaradılması zəruri olduğu qədər də təsirsizdir. Ona görə ki, dünyanı idarə edən quvvələr, onların kəşfiyyat mərkəzləri və agentura şəbəkələri dünya hadisələrindən olduqca məlumatlıdır. Məsələn, XXI əsrdə ABŞ-ın imperiya konsepsiyasını beyinlərə hopdurmağa çalışan, demokratiyadan, insan haqlarından dəm vuran ABŞ rəhbərliyinin Milli Təhlükəsizlik üzrə müşaviri və Mərkəzi Kəşfiyyat Orqanlarına nəzarətlə məşğul olmuş Z.Bzejiniski QARABAĞ və XOCALI faciəsinin xırda detallarına qədər bilir, lakin bir dəfə də olsun belə dilə gətirməyib. Yaxud da B.Obama 24 il öncə baş verən Xocalı soyqırımını qulaq ardına vuraraq erməni lobbilərinin maraqlarına xidmət olaraq “genosid” terminindən istifadə etməyə çəkinsə də, guya bir əsr öncə baş vermiş, həqiqətdə isə heç bir əsası olmayan qondarma “erməni qırğını”ndan danışır. Maraqlıdır ki, 1987-ci ilin yanvarında ABŞ prezidenti Karterin sabiq köməkçisi Z.Bjezinski «Vaşinqton Tayms» qəzetinə verdiyi müsahibədə “Şər imperiyası”ı adlandırdığı SSR-nin gələcəyi ilə bağlı demişdir: “Gələcək 20-30 ildə dünyada milli və etnik münaqişələrin mərkəzi Sovet İttifaqı olacaqdır. Burada millətçilik canlı dinamik qüvvəyə çevriləcəkdir. Sovetlər öz millətlərinin problemini nəzarətdə saxlaya bilməyəcəklər. Onların sistemi ölümcül böhran ərəfəsindədir”. Siyasi analitika baxımdan burada həm də, görünməyən bir həqiqət mövcuddur. Z.Bjezinski özü də bilmədən, (bəlkə də bilərəkdən) Sovet İttifaqına qarşı olan xarici siyasi strategiyasını faş edir və ABŞ-ın planlarını dilə gətirirdi. Çünki onun danışığındakı “etnik münaqişələr” ifadəsi xüsusən diqqət çəkəndir.

Bir neçə il sonra Z.Bjezinskinin dünyada baş vermiş qlobal dəyişikliyə həsr olunan “Möhtəşəm iflas: XX əsrdə kommunizmin doğulması və məhvi” adlı kitabı nəşr edildi. Bu kimi digər məsələləri çox göstərmək olar.

Bunları göstərməkdə məqsəd yuxarıdakı mətləbi əsaslandırmaqdır ki, dünyanın Xocalı soyqırımından məlumatı var. Lakin bununla yanaşı hadisəyə hansı maraqlar kontekstində yanaşma problemi də var...

Lakin nə yaxşı ki, Azərbaycanın qan qardaşı Türkiyənin simasında Rəcəb.T.Ərdoğan BMT-nin tribunasında və B.Obamayla olan görüşündə cəsarətlə QARABAĞ məsələsini önə çəkdi. Həmçinin, İrandan tam fərqli olaraq, Pakistan erməniliyi məhkum etməklə yanaşı, Ermənistanı heç dövlət olaraq da tanımır.

Sonda Xocalı faciəsiylə bağlı bu faciəni dərk edən hər kəsə başsağlığı verirəm. Və inanıram ki, biz qisasımızı alacaq, öz yurdumuzu yağılardan azad edəcəyik.

Öz haqqı uğrunda alnına mübarizə yazılan bir milləti yaralamaq olar, lakin onun qələbə əzmini sındırmaq olmaz.

Bu gün sülhün yeganə yolu yalnız döyüşməkdir!!!

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar