Rusiyanın pressinqi, Qərbin susqunluğu...

Eldar SABİROĞLU

Rusiya Ermənistanı silahlandırmaqda davam edir. 200 milyon dəyərində bağlanmış kredit anlaşması artıq qüvvəyə minmişdir. Sövdələşməyə əsasən, Rusiyadan bufer dövlətə aşağıdakı müasir silah və texnikanın göndərilməsi nəzərdə tutulur:

1. “Smerç” tipli reaktiv yaylım atəşli sistemlər;

2. “İqla-S” zenit raket sistemləri;

3. Yerüstü radiotexniki kəşfiyyat kompleksinə malik “Avtobaza-M” qurğuları;

4. “TOZ-1A” ağır odpüskürən sistemləri;

5. “9 M 113-M” idarəolunan raketlər;

6. “RPG-26” qumbaraatanları;

7. Müasir snayper tüfəngləri;

8. “Tiqr” zirehli avtomobilləri, mühəndis, rabitə sistemləri və s. ağır silah və texnikalar.

Bunlar Ermənistana yola salınacaq sursatın bir qismidir. Lakin indiyə qədər də işğalçı dövləti silahlandırma prosesi dayanmadan hayata keçirilib. Bu yaxınlarda Rusiya Ermənistandakı 102–ci bazasının döyüş qabiliyyətini möhkəmləndirmək məqsədi ilə oraya modernizə edilmiş yeni helikopter və “MİQ” qırıcı döyüş təyyarələrinin göndərilməsini təmin etmişdir. Türkiyə ilə sərhəddə yerləşən hərbi bazanın son zamanlar daha ağır silah və texnika ilə təchizində Rusiyanın məqsədini izah etməyə ehtiyac yoxdur. Lakin necə təminat vermək olar ki, sabah Dağlıq Qarabağda muharibə başlayacağı təqdirdə 102-ci bazadan Azərbaycana qarşı istifadə olunmayacaq. İnandırıcı deyildir. Birinci Qarabağ savaşını yada salaq. Rusiyanın hərbi imkanları və Ermənistana güclü siyasi dəstəyi nəticəsində torpaqlarımızın 20 faizinin anneksiyası sübut edir ki, növbəti müdaxilənin Rusiya tərəfdən ediləcəyi şəksizdir. Şimal qonşumuz bunu heç bir vəchlə inkar edə bilməz. Dağlıq Qarabağ ərazisində döyüş əməliyyatı aparılarkən Azərbaycan əsgərləri tərəfindən vurulub endirilən vertalyotun kabinəsindən Rusiya SQ-nin yüksək rütbəli zabitlərinin cəsədlərinin çıxması dediklərimizin tutarlı təsdiqidir. Xocalıda törədilən qətliam, 613 soydaşımızın öldürülməsində 366-cı motoatıcı alayın xüsusi rolunu kim inkar edə bilər?! İşğal faktı tam yekunlaşana qədər alay Dağlıq Qarabağda azərbaycanlılara qarşı silahlı ermənilərlə birlikdə axıradək vuruşmuşdur. Fakt özlüyündə sübut edir ki, dediklərimiz nağıl yox, həqiqətdir. Qədim Qarabağı daşnak ermənilər yox, məhz ruslara məxsus birləşmə və hissələr ilhaq edərək Ermənistana təhvil verdi.

Bu siyasət, rus çarı I Pyotrun dövründən başlayaraq, prezident Putinin indiki hakimiyyətinədək, tarixə dəfələrlə öz qanlı səhifələrini yazmışdır. Rusiya bütün bəşəriyyət üçün təhlükədir. Dünya müharibələrinin motivlərini araşdırmalı olsaq, milyonlarla qanın axıdılmasında Rusiyanın birbaşa, ya da dolayısı yolla iştirakını görə bilərik.

200 milyonluq məlum kredit sazişinin 10 il müddətinə bağlanması hələ o demək deyil ki, vaxt bitdikdən sonra ödəniş tələb olunacaq. Dəfələrlə Ermənistanı əvəzsiz olaraq böyük silah arsenalı ilə təmin edən şimal qonşumuz, 2008-ci ildə də 1 milyard həcmində müasir silah və texnikanı marionet dovlətə göndərmişdir.

Hazırda Rusiyanın hökumət və hərbi dairələri həmin sazişin tələblərini tezliklə yerinə yetirmək üçün münasib və maneəsiz hava məkanının tapılması istiqamətində bir sıra ölkələrlə intensiv danışıqlara başlamışlar. Bəzi ekspertlərin fikirinə görə, İranın hava məkanı Rusiya üçün daha əlverişli yol hesab olunur. Burda hardasa bir həqiqət var və bizdə bu qənaəti bölüşürük. İndiyədək Ermənistana Rusiya tərəfdən edilən əksər yardımlar İranın hava məkanı vasitəsi ilə daşınıb. Lakin Prezident İlham Əliyevin İran İslam Respublikasına uğurlu səfəri və əməkdaşlığın gücləndirilməsi məqsədi ilə dövlətlərarası bir neçə mühim müqavilənin bağlanması, deyəsən, Rusiya ilə Ermənistanı ciddi narahat edib. Yəqin bu səbəbə görədir ki, müttəfiqlər vaxt itkisinə yol vermədən məlum hərbi sazişi qısa zaman kəsiyində reallaşdırmağa can atırlar. Rusiyanın müdafiə naziri Şoyqunun tələm-tələsik İİR-na səfərinin də bununla bağlı ola biləcəyini kənara atmaq olmaz. Nələrsə var...

Həm 102-ci bazanın, həm də Ermənistanın hərbi imkanlarının artırılmasının paralel həyata keçirilməsi diqqəti cəlb edir. Göründüyü kimi, hərbi plana boş yerə sürət verilməyib. Mərkəzi xətdə iki amil dayanır:

1. Türkiyəyə təhdid;

2. Dağlıq Qarabağda savaş başladığı halda ermənilərin müdafiə üstünlüklərinin təmin edilməsi.

Başqa, üçüncü niyyət varsa, göstərin. Müttəfiqləri tələsdirən də məhz budur. Rusiya xarici siyasət idarəsi rəsmisinin hərbi sazişi sığortalamaqla hər iki ölkəyə bərabər qaydada silah satışını dilə gətirməsinin həqiqətlə qətiyyən əlaqəsi yoxdur. O, sadəcə olaraq beynəlxalq ictimai rəydə yarana biləcək narazılığın önünü almaq üçün bu cür qabaqlayıcı bəyanatla çıxış etməyə məcbur olmuşdur. Bəli, Azərbaycanın Rusiyadan silah alması sirr deyil. Şimal qonşumuz bir fakt belə meydana qoya bilməz ki, Azərbaycana hansısa sadə bir silahı ödənişsiz hədiyyə edib. Amma onlarla fakt gətirə bilərik ki, son 20 ildə Ermənistana göndərilən bütün silah və sursatlar qarşılıqsız olaraq düşmənlərimizin ixtiyarına verilib. Fərq buradadır. Ona görə də Rusiya XİN-i rəsmisinin aldadıcı açıqlaması heç bir əsaslı mahiyyət daşımır.

Yeri gəlmişkən, daha bir vacib məsələyə toxunmağı zəruri hesab edirəm. Rusiyanın ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri kimi də, hansı mövqe seçdiyi maraqlı görünür. Burada da Ermənistana yaxınlığı ilə diqqət çəkən Rusiya, öz siyasi dəstəyini forpost ölkədən əsirgəməyib. Dağlıq Qarabağ probleminin dinc yolla həllinə, status-kvonun aradan götürülməsinə edilən maneçilikləri də Rusiyanın birtərəfli fəaliyyətində axtarmaq lazım gəlir. Hər şey öz adı ilə çağırılmalıdır. Düşünülmüş şəkildə müdaxilələr artıq Minsk Qrupunun özünü əhəmiyyətsiz və qeyri-işlək quruma çevirmişdir. Beynəlxalq təşkilatın iyirmi iki illik dövrü əhatə edən ”təcrübəsində” hansısa təsirli bir qərarına və konkret addımına rast gəlmək mümkünsüzdür. Ağır səslənsə də, Minsk Qrupunun simasında sanki beynəlxalq turist agentliyinin fəaliyyətinə xas olan cəhətlər nəzərə çarpır. Formatın dəyişdirilməsi qaçılmazdır. Bunun baş vermədiyi halda MQ-nun effektiv işinə ümid bəsləmək yanlışlıq olardı.

Yaxşı, Rusiyanı başa düşdük, bəs beynəlxalq təşkilatların, Qərbin və Avropanın susqunluğunu necə anlayaq? Fikrimcə, MQ-nun həmsədr ölkələri kimi, ABŞ və Fransa da işğalçı Ermənistanı incitmək istəyində deyillər. Çox maraqlıdır ki, digər regional konfliktlərin müzakirəsində sözləri çəpləşən hər üç ölkənin Ermənistana münasibətdə nəinki mövqeləri parçalanır, hətta işğalçının müdafiəsi zərurəti meydana çıxarkən, birlik nümayiş etdirməkdən çəkinmirlər. Müdafiə Nazirliyində çalışarkən xidməti vəzifəmlə əlaqədar qurumun rəhbərliyi tərəfindən Minsk Qrupu nümayəndələrinin qəbullarının, demək olar ki, əksəriyyətində iştirak etmişəm. Elə şeylər var ki, bunu indi də mətbuata açıqlamaq olmaz. Lakin sabiq nazir Səfər Əbiyevlə görüşə gələn həmin nümayəndələrdən biri ilə aparılan söhbət bu gün də yadımdan çıxmayıb. Ermənistandan Xocalı aeroportuna uçacaq təyyarələrə Azərbaycanın hava məkanını açmasını xahiş edərkən, S.Əbiyevin birbaşa və sərt cavabı qonağın halını dəyişdirdi. Söhbət zamanı müdafiə nazirinin “dövlətin təhlükəsizliyini və sərhədlərini qorumaq mənim konstitusion vəzifəmdir. Mən bunun üçün Ali Baş Komandanım qarşısında cavabdehəm. Ermənistan beynəlxalq qanunlara zidd olaraq bu uçuşlara cəhd edərsə, dərhal vurulacaq, bunu xəyaldan çıxarmaq lazımdır” sözləri xarici nümayəndəni əməlli-başlı məyus etdi. Sərnişin təyyarələrinin uçuşları haqda nazirə verilən suala da müsbət cavab almayan ATƏT təmsilçisi, xudahafizləşərək otağı tərk etdi.

Qərb və Avropa prosesə ədalətli münasibəti bərqərar etməyincə, Azərbaycan ictimai fikirindəki etimadsızlığı, inamsızlığı əvvəlki məcrasına qaytara bilməyəcəkdir. Bütün bunların əvəzində isə nələri görürük? Müxtəlif hədələr və sanksiyalarla Azərbaycanı qorxutmağa çalışırlar. Halbuki Azərbaycan Rusiyanın güclü təqib və təyziqlərinə baxmayaraq, bütün qlobal iqtisadi layihələri Qərbə doğru istiqamətləndirdi. Nəticəsi nə oldu? İşğalçıya münasibət yenə də dəyişməz olaraq qaldı. Qərb, demək olar ki, bu prosesdə heç də Rusiyadan geri qalmır. Ona görə də Qərbə və Avropa strukturlarına Azərbaycan ictimai fikrində etimadsızlığın, inamsızlığın baş qaldırmasını təbii qarşılamaq gərəkdir. Qərbin boş vədlərinə bir daha inanıb başımıza Gürcüstanın əhvalatını gətirə bilmərik. Yoxsa gözümüzü açıb bir də görərik ki, çölün düzündə qalmışıq.

Problemlərin kökündəki daha bir təhlukəli amil diqqəti cəlb edir. Dünyada hökm sürən vəziyyətin bir ucunun da islamafobiyaya bağlı olduğu şəksizdir. Azərbaycanın da bu təzyiq arealından kənarda qalmaması acı təəssüf doğurur. Rusiya da daxil olmaqla, dünyanın aparıcı və güclü dövlətləri həqiqətin harda və nədə olduğunu gözəl bilirlər. Okeanın dibində balinanın dərdini duyan bu dövlətlər nədənsə Azərbaycanın Dağlıq Qarabağ kimi süni yaradılmış probleminə biganə qalırlar.

ABŞ, bəzi Qərbi Avropa ölkələri və Rusiyanın Yaxın Şərqdə müsəlman ölkələrinin üzərinə silahlı yürüşləri göstərir ki, yuxarıda toxunduğumuz faktorun əhəmiyyətli təsiri vardır. Əsrlərlə dövlətçilik ənənəsinə malik olan İraq, Suriya, Liviya, Yəmən və digər islam ölkələrində realizə edilən hərbi intervensiya nəticəsində ali təsisat kimi dövlət öz yerini xaotik məkana vermişdir. İndi adlarını çəkdiyimiz həmin ölkələrdə mərkəzləşləşdirilmiş dövlət sistemi barədə danışmaq mümkünsüzdür.

Bir sıra məkrli qüvvələr Yaxın Şərqdəki hadisələri ölkəmizə daşımaq üçün dəridən-qabıqdan çıxırlar. Buna heç bir mənada xalqımız fürsət verməməlidir. Milli təhlükəsizliyimiz və dövləti maraqlarımız baxımından ölkə iqtidarının yürütdüyü qətiyyətli siyasətə dəstəyimizi əsirgəməməliyik. Bu taleyüklü məsələdə xalqın hakimiyyətlə birgə addımlaması, Prezident İlham Əliyevə dayaq durması çox zəruridir. Müəyyən edilən bu siyasətin axıradək müdafiəsi yalnız və yalnız müstəqil dövlətimizin yaşamasına, suverenliyimizin daha da bərkiməsinə xidmət edə bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar