Heç kimin yanında nə gəzdirdiyini bilmək olmur...

Alqış HƏSƏNOĞLU

Neçə müddətdir ki, icra strukturundkı mərkəzi orqanların rəhbərləri rayonlara intensiv səfərlər edir.

Rayon sakinləri ilə görüşlər təşkil olunur, problemi olan vətəndaşlar qəbul edilir. Və cox yaxşıdır ki, bu proses davamlı hal alıb.

Artıq mart ayında şəhər və rayonlarda keçiriləcək qəbulların vaxtı açıqlanıb. Bu çox lazımlı və vacib bir işdir. Belə addımlar təqdimatsız-filansiz, qeydsiz-şərtsiz təqdir edilməlidir.

Deyim ki, səlahiyyət sahibli olan “şəhərli qonaqların” əyalət adamları ilə bu cür davranışı, nazir - kəndli dialoqu çoxaspektli və müsbət nəticələr doğura bilər.

Məmur-vətəndaş ünsiyyətinin bu forması, hər şeydən öncə, profilaktik əhəmiyyət kəsb edir.

Adama qulaq asmaq, başa düşülmək izahedilməz bir ovqat yaradır: Vətəndaş görür ki, onu dinləyirlər, dərdini paylaşırlar, üzləşdiyi çətinliyin, qarşılaşdığı problemin nədən ibarət olduğu ilə yüksək səviyyədə maraqlanırlar. Və o saatca “kəndli abir-həyası” dediyimiz bir alicənablıq işə düşür, şikayətçinin hirsi-hikkəsi ötüb keçir.

Sualına dərhal və yerində konkret cavab tapmasa belə, ümidlənir.

İçindəki giyey-güzar isə aqressiv xilta, siyasi enerjiyə keçmədən "buxarlanır".

Yekunda, ona fikir verilmədiynə görə çəkicini çıxaran kondinsioner ustasından, idmancı-fəhlədən fərqli olaraq, nazirini, komitə sədrini qarşısında onun "xidmətçisi "statusunda görən kəndli, öz orağına (yaxud yabasına, dırmığına) əl atmağa heç bir ehtiyac görmür.

Və oraqla çəkicin birləşmə ehtimalını və bu ehtimalı siyasi perspektiv kimi arzulayan neçə-neçə bədxahı, xaini, satqını, cildini dəyişmiş bürokratı neytrallaşdırır.

Xüsusü vurğulanmalıdir ki, bu ilin-günün belə qarmaqarışıq vədəsində əldə oluna biləcək çox böyük müvəffəqiyyət hesab olunmalıdır. (Yeri gəlmişkən, "çəkicli " adam haqqında bir neçə kəlmə: əslində o, gərəkli bir peşənin sahibidir, evlərimizə təmiz hava yayan məişət cıhazını təmir eləyir. Sadəcə olaraq, yüngül bir kobudluq onu cəmiyyətimizə, həm də evimizə, eşiyimizə "polis maşınını əzmək" kimi çox pis nümunə yaymaq həddinə gətirib çıxardı. Xeyirxah usta ziyanlı şəxs oldu. Şübhəsiz ki, o cəzasını çəkməlidir. Eyni zamanda bu qeyri- adi "çəkic aktını" ibrət dərsinə, düşünüb- daşınmna aktına yönləndirməyin məqamıdır.

Deməli, heç kimə , heç kimin sorğusuna, müraciətinə etinasiz qalmaq olmaz. Əks təqdirdə, kimin cibində , yanında nə gəzdirdiyini, başında hansı düşüncəni daşıdığını, kimin qəlbində hansı hissləri bəslədiyini proqnozlaşdırmaq müşkülə cevriləcək.)

Qeyd etdiyim kimi, "nazir-kəndli" anlaşmasının çox aspektli təsiri idarəçiliyin özünə də yeni məzmun təlqin edə bilər.

Təbii ki, rayona gələn rəhbər, sözün müstəqim və birbaşa mənasında havasını dəyişib, problemləri həll etmə tərzini yeniləməyə məhkumdur.

Mən bu cür "havadəyişmə"lərin siyasi düşüncədə köklü, kamilliyə tərəf dəyişmələrə transfer olunacağına inanmaq istəyirəm.

Ancaq belə vətəndaş qəbulları haqqında ziddiyyətli və gerçəyə bənzəyən məlumatlar da eşidirik.

Aydındır ki, vətəndaşların qaldırdıqları problemlər qəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanının səlahiyyətlərinə aid olmalıdır. Təəsüf ki, bir sira icra başçıları bu əsas və düzgün prinsipə "yaradıçı" yanaşırlar.

Nə baş verir?

Məsələn, tutaq ki, kənd təsərrüfatı naziri gəlir .

Onunla görüşə, həmin nazirin səlahiyyətlər dairəsinə dəxli və aidiyyəti olmayan müəllimələri, həkimləri gətirirlər.

Təhsil naziri gəlirsə, onun qəbuluna kənd təsərrüfatı işcilərini dəvət edirlər.

Bu prezident tərəfindən irəli sürülmüş sağlam təşəbbüsə birbaşa qəsddir. Bu ideyanı beşiyində boğmaqdır.

Əgər bu faktlar varsa, bu heç də təkcə icra başcısının təxəyyülündən qaynaqlanan bir fəndə oxşamır.

Görünür, daha çox qəbul kecirməyə gələn nazirlə, komitə rəhbəri ilə gəbulu təşkil edən icra başçısı arasindakı sövdələşmənin məhsuludur.

Sual yaranır: Bəs nə etməli?

Mənim cavabım belədir: Mətbuat, televiziya bu prosesə qoşulmalıdır.

Amma, KİV-lərin iştirakı "televiziya çəkdi, göstərdi", "qəzet informativ bir yazı verdi" - bəsdi, deyə məhdudlaşmamalıdır.

Bu qəbullarda səsləndirilən məsələlər ictimailəşməlidir, vətəndaş hansı problemi qaldırdı və onu necə həll etdilər və ya niyə həll etmək mümkün deyil , bu mətbuat səhifələrində əks olunmalıdır.

Belə olsa "filankəs qabaq qapıdan girib, dal qapıdan qaçdı" kimi ittihamlar da səslənməyəcək.

Əgər qəbul və KİV bir yerdə yola gedə bilmirlərsə, KİV-lər bu "proseduru" birtərəfli qaydada həyata keçirə bilər.

Yetər ki, Dövlət televiziyası, mərkəzi mətbuat qapılarını ərizə və şikayətlərin, problemlərin üzünə açsin.

Özü də taybatay.

Mən son bir neçə ildə rəsmi mətbuatda nəinki icra başçısını, hətta ən xırda bir məmuru tənqid edən bircə cümləyə belə rast gəlməmişəm.

Səhvimizi birinci özümüz deməliyik, yazmalı və göstərməliyik.

Unutmayaq ki, belə etməyəndə qarşı tərəfə hücum etmək üçün hazır tezislər bağışlayırıq...

(28-may.az)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar