Metropolitendə “təmizləmə” başladı- Tağı Əhmədovun adamları “vuruldu”

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 27-də Bakı Metropoliteni və "Azərtunelmetrotikinti" Səhmdar Cəmiyyətini ləğv edərək, onların əsasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti yaradıb.

Nəticədə Bakı Metropoliteninin rəisi Tağı Əhmədov vəzifəsini itirib. Yeni yaradılan "Bakı Metropoliteni" QSC-yə sədr isə Zaur Hüseynov təyin edilib. "Bakı Metropoliteni"nin yeni sədri QSC-də hansı dəyişiklik aparır?

Modern.az saytı "Bakı Metropoliteni"nindən bəzi məlumatlar əldə edib. Verilən məlumata görə, hazırda yeni qurumun formalaşdırılması prosesi gedir, QSC-nin nizamnaməsi hazırlanır. Nizamnamə hazır olandan sonra "Bakı Metropoliteni"nin yeni rəis müavinləri də ölkə başçısı tərəfindən təsdiqlənəcək.

Bildirilir ki, "Bakı Metropoliteni"nin yeni rəhbəri Zaur Hüseynov işə başlayandan sonra Tağı Əhmədova yaxın aşağı ranqlı bəzi kadrlar vəzifədən kənarlaşdırılıb. İşdən çıxarılanların ən birincisi isə Tağı Əhmədovun köməkçisi olub. Bundan başqa, Tağı Əhmədovun Bakı Metropolitenində metro sahəsi üzrə ixtisaslı kadr olmayan, amma müxtəlif vəzifələr tutan bir neçə qohumu da işdən kənarlaşdırılanlar arasındadır.

"Bakı Metropoliteni"ndən əldə etdiyimiz digər məlumata görə, Tağı Əhmədovun metro keçidlərindəki ticarətə nəzarət imkanları da tamamilə onun əlindən alınıb. Eyni zamanda yeraltı keçidlərdəki ticarət işlərinə nəzarətdə Tağı Əhmədova yardım edən və ona çox yaxın şəxslər də bu sahədən kənarlaşdırılıblar.

"Bakı Metropoliteni"nin baş mühəndisi Fuad Tağızadənin də işdən çıxarılacağı barədə məlumatlar var. Bildirilir ki, yeni rəis onunla işləməyəcəyi barədə xəbərdarlıq edib.

Zaur Hüseynov işə başlayandan sonra "Bakı Metropoliteni"ndə Tağı Əhmədova yaxın olan bəzi yüksək vəzifəlilər isə işdən getmək barədə könüllü ərizə yazıblar. Ərizə yazanlar sırasında Metropoliten rəisinin müavini, Tikilən Bakı Metropoliteni Müdiriyyətinin rəisi Arif Rəsulovun da olduğu bildirilir. Lakin 2007-ci ildən bu vəzifədə çalışan Arif Rəsulovun təcrübəsini nəzərə alan yeni rəis onun işdə qalmasını istəyib.

"Bakı Metropoliteni" QSC-də hər şeyə yaxın iki aydan - qurumun yeni Nizamnaməsi təsdiqlənəndən sonra aydınlıq gələcək. O zaman kimin işdə qalıb, kimin qalmayacağı da konkretləşəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar