NİZAMİ QOCAYEV YENİ VƏZİFƏYƏ TƏYİNAT ALDI - Məşhur polis rəisi ədliyyə sisteminə keçdi

İsmayıllı rayon Polis Şöbəsinin rəisi işdən çıxarılıb. APA-nın məlumatına görə, şöbənin rəisi Nizami Qocayev xidmətdə olmanın son yaş həddi ilə bağlı tutduğu vəzifədən kənarlaşdırılıb. Rayon Polis Şöbəsindən APA-ya N. Qocayevin işdən çıxarılması xəbərini təsdiqləyiblər.

Bildirilib ki, şöbənin rəisi vəzifəsini hazırda rəis müavini Şöhrət Kərimov icra edir. APA-nın əldə etdiyi məlumata görə, N.Qocayev daha yüksək vəzifəyə təyinat alıb.

İsmayıllı rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilən Nizami Qocayev isə Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin Gəncə şəhəri üzrə icra idarəsinin rəisi təyin edilib.

Bununla bağlı ədliyyə naziri Fikrət Məmmədov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, bu gün səhər saatlarında KİV-lərdə İsmayıllının polis rəisi Nizami Qocayevin artıq xeyli müddətdir boş olan Penitensiar Xidmətə rəis gətiriləcəyinə dair xəbərlər yayılmışdı.

Hətta bəzi media orqanları Mədət Quliyevin Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) rəis təyin olunmasından sonra - ötən ilin oktyabrından boş qalan rəis yerinə artıq Nizami Qocayevin təyin olunduğu xəbərini vermişdilər. Məlumatlarda deyilirdi ki, bununla bağlı əmr artıq hazırdı və bu günlərdə açıqlanacaq.

Belə bir təyinatın gerçəkləşmə ehtimalını həm də Nizami Qocayevin Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovla qohumluq əlaqələrinin olması da gücləndirirdi.

Ancaq son məlumat bu ehtimalın doğrulmadığını göstərdi. Bununla belə xeyli müddətdir Bakıda yüksək vəzifəyə gəlməyə çalışan Nizami Qocayevin karyerasında müəyyən yüksəlişə nail olduğunu söyləyə bilərik.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar