“PUTİN DZÜDOKRATİYASI” – Rusiya iqtisadiyyatı kimlərin əlindədir?

ÖLKƏNİN BEŞ SAHİBİ

Oyunçular buz meydançasında cərgə ilə düzülmüşdülər və şərhçi təntənəli şəkildə onların hər birinin adını elan edirdi. Parıldayan şlemlər, sifətləri tam aydın seçməyə mane olurdu. Səliqəli xokkey forması isə bu qeyri-adi komandanın, qarınları önə çıxmış və qamətləri bükülmüş üzvlərinin eyiblərini yaxşıca örtürdü. Budur, səsgücləndirici vasitəsilə elan edilir: Vladimirrrrr Putinnnnn!

Bütün stadion bərkdən hayqırır. Ancaq onu demək lazımdır ki, bu altmış yaşlı kişilər qalib gəlməyi çox sevirlər. (“El Confidencial” - İspaniya)

Yalnız Rusiyada görə biləcəyimiz bu cür səhnəni keçən ilin oktyabr ayında, Rusiya prezidentinin 63 illik doğum günündə müşahidə etmək olardı. Vladimir Putinlə bir komandada əfsanəvi xokkeyçilər Vyaçeslav Fetisov və Pavel Bure də oynayırdılar. Beş qol fərqi ilə uduzan digər heyətdə isə Putinin dzü-do və sambo ilə məşğul olan dostları toplaşmışdılar.

Onların arasında milyonerlər Gennadi Timçenko və Arkadi Rotenberqi görmək olardı. Timçenko “Ordu İdman Klubu”na (OİK) rəhbərlik edir və prezidentlə həmyaşıddır. O, ”Forbes” jurnalının versiyasına görə, ən varlı rusiyalılar arasında 62-ci yeri tutur. Enerji, nəqliyyat və infrastruktur aktivləri üzrə ixtisaslaşmış özəl investisiya qrupu “Volqa”, Timçenkoya məxsusdur. Rusiyanın ən nüfuzlu biznesmenlərindən biri də Arkadi Rotenberqdir və Putindən bir yaş böyükdür. O, qardaşı Boris ilə birlikdə Rusiyanın ən iri qaz kəmərlərinin və elekrtik stansiyalarının tikintisini həyata keçirən “Stroyqazmontaj” şirkətinə rəhbərlik edir. A.Rotenberqin var-dövləti milyard avro ilə hesablanır.

Bu səviyyəyə çatmaq üçün onların hər ikisi əməllicə “tərləməli” olublar, lakin auditoriyalarda deyil, güləş döşəyi üzərində. Timçenko və Rotenberqlər, öz köhnə dostları Vladimir Putin kimi, dzü-do ilə məşğul olurlar. Onlar gənclik dövrlərində hərdən ölkə prezidentinin kürəyini yerə vurduqları ilə qürrələnə bilərlər. Rotenberq nə vaxtsa Putinin sparrinq-yoldaşı olub və Putin Kremldə peyda olduqdan sonra tale həmişə onun üzünə gülüb. Arkadi Rotenberqin baş direktor olduğu “Yavara-Neva” dzü-do klubu, demək olar ki, bütün digərlərini sıxışdırıb çıxarıb, Rotenberqin özü isə, cəmi bircə ayın içərisində “Forbes”in varlılar siyahısında 17 pillə önə keçib.

Rotenberq və Timçenko öz kapitallarının böyük bir hissəsini dövlət sifarişləri hesabına qazanıblar. Dövlət Arkadi Rotenberqə çoxlu işlər tapşırır. Rotenberq üçün 2008-ci il həlledici olub. Beləki, həmin il o, ”Qazprom”un bir neçə müəssisəsinə sahiblənib. Bunun ardınca “Qazprom” həmin müəssisələrə xeyli sifarişlər verməyə başladı. Nəticədə pullar göydən yağış kimi yağırdı. Putin hakimiyyətə gələnə kimi Rotenberq kiçik və orta sahibkarlıqla məşğul idi.

- ÖLKƏNİN BEŞ “SAHİBİ”

Bu beşlikdə ilk yerdə Arkadi Roteberq gedir. Prezidentə heç də az xidmətlər göstərməyən Timçenko uçüncü yerdədir. Dördüncü – Kiril Şamalovdur. Əksəriyyətin dediyinə görə, o, Putinin qızlarının biri ilə evlənib. Beşinci - Arkadi Rotenberqin oğlu İqordur. Siyahıda adı ikinci çəkilən seçilmiş və yüksəklərə qaldırılmış adam, prezident ilə praktik baxımdan hər-hansı əlaqəsi olmayan Leonid Mixelsondur. Putinin yaxın ətrafına daxil olmamasına baxmayaraq, ancaq L.Mixelson Timçenkonun yaxın yoldaşıdır. Yəni, necə deyərlər, burada özgə adam yoxdur.

Putin etibarlı və yoxlamalardan çıxmış insanları axtarır və onları gözlərinin rənginə görə seçmir. Bu beş nəfəri “ölkənin sahibləri” sayırlar. Amma korrupsiya problemləri üzrə ekspert Nina Joub bu yanaşma ilə qətiyyən razılaşmır. O, “El Confidencial”-a verdiyi müsahibəsində deyib: ”Onlar Rusiya iqtisadiyyatının sahibləri deyillər, bu şəxslər iqtisadiyyatı yalnız dövlətin dəstəyi ilə müvəqqəti idarə edirlər. Əvvəl-axır, əgər dövlət istəyərsə, istənilən anda sənin əlindəkiləri tutub ala bilər”.

Nyu-York Universitetinin pfofessoru, analitik Mark Qaleotti bütün bunları Rusiya “dzüdokratiyası” adlandırır.

Onlar Putinə lazımdırlar, çünki şəxsi hakimiyyət sistemində, iri miqyaslı layihələr prezidentin birbaşa nəzarəti altında qalmalıdır. Putinin dzü-do üzrə məşqçisi Anatoli Raxlinin dediyi kimi, “prezident etibarlı adamlar axtarır və onları gözlərinin rənginə görə seçmir”. Raxlin 2013-cü ildə vəfat edib. Putin onun dəfn mərasiminə gedərək, dərin hüznünü bildirmişdi.

Keçirilən böyük tenderlər zamanı, Rotenberq və Timçenko soyadlarını, çox tez-tez eşitmək mümkündür. Hətta, bir çox hallarda həmin tenderlərdə heç bir rəqabətə belə rast gəlinmir. Bir neçə ay bundan öncə müxalifətçi Aleksey Navalnı qəzəblə bidirmişdi: ”Onlar heç də yaxşı biznesmenlər deyillər, sadəcə onları prezident təyin edib”.

- KÜRÜ QİYMƏTİNƏ ASFALT!

Bir çox məsələlərdə Rusiya KİV-lərinin susmasına baxmayaraq, hər halda ölkədəki narazılıqlar üzə çıxır. Bu yaxınlarda Rusiya hökuməti magistral yollardan istifadə edən yük avtomobillərinə vergi tətbiq etməyi qərara almışdı. Məxsusi olaraq, Rusiya üçün qeyri-adi olan bir hadisə yaşanmışdı. Sürücülər genişmiqyaslı etiraz aksiyaları keçirirdilər. Haqqında söhbət salınan həmin vergi yığımı İqor Rotenberqin şirkətinə həvalə olunmuşdu. Yük maşınlarının sürücüləri öz plakatlarında “Rotenberqə yığılan vergilər” sözü yazmışdılar.

Rotenberq qardaşları futbol üzrə dünya çempionatının infrastruktur tikintilərini öz üzərlərinə götürüblər. Tikilən yollardan biri elə yüksək qiymətə başa gəlib ki, qəzetlərin apardığı hesablamaya görə, həmin yolu kürü ilə döşəmək daha ucuz başa gələrmiş. Rotenberq qardaşları ilə əlaqədar anoloji vəziyyət 2013-cü ildə Soçi qış olimpiadası ilə bağlı tikilən infrastruktur obeyktlərinin tikintisi zamanı da yaşanıb. Qəzetlər onda da yolun kürü ilə örtülməsinin daha ucuz olmasından yazmışdılar.

Dövlət Dumasının deputatı Dmitri Qudkov deyir: “Həmin “beşliyin” iqtisadiyyatın sahibləri olmasına heç bir şübhə yoxdur və həm də ki, bu artıq sirr sayılmır. Lakin indi rusiyalıların 82 faizinin ölkədə böhran yaşandığını etiraf etdiyi bir vaxtda, yuxarıda əyləşənlər üçün vəziyyət daha narahatedici olmağa başlayıb. Hakimiyyətdəkilər vəziyyətin pisləşməsində maraqlı deyillər. Biznes üçün yaxşı şərait yaradılmalıdır. Həm də sahibkarlıq fəaliyyəti istiqamətində hüquqi təminat bazası yaratmaq gərəkdir”.

Siyahıdakılardan fərqli, lazımı şəhərdə, lazımı adamla və lazımı idman növü ilə məşğul olanların heç də hamısı ən yuxarıya çıxmayıb və miliyonçuya çevrilməyiblər. Putinin dzü-do üzrə yoldaşlarından biri Viktor Zolotov prezidentin təhlükəsizlik xidmətinə rəhbərlik edib. Vasili Şestakov isə dzü-do məşqçisindən “Yedinstvo” partiyasının rəhbərliyinədək qalxmışdı. Bu partiya sonradan “Yedinaya Rossiya” partiyasına çevrilmişdi. İndi Şestyakov “Spravedlivaya Rossiya” partiyasından Rusiya Dövlət Dumasının üzvüdür. O, miyonçu yox, sadəcə varlı bir adamdır.

Çevirdi: Vaqif NƏSİBOV

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar