Oyanmağın vaxtı çatıb qardaşım!

Nureddin-Ismayil-238x300111

Nurəddin İSMAYIL

Dost düşməni ayırd elə vətəndaş,

Hünərini yaydır elə vətəndaş,

Təpərsizsə, demək zaydır vətəndaş,

Oyanmağın vaxtı çatıb qardaşım.

Zülm dirənib İskəndərin səddinə,

Zalım minib zərif, incə qəddinə,

O , seyiddir hey güvənər cəddinə,

Oyanmağın vaxtı çatıb qardaşım.

Yatmaq ilə nicat olmaz millətə,

Yatan millət daim düşər zillətə,

Son qoymalı nadanlığa, cəhlətə,

Oyanmağın vaxtı çatıb qardaşım.

Dirənişdir haqsızlığın cavabı,

Əməl yoxsa yetməz sənə səvabı,

Sənələrdir yaşadırlar əzabı,

Oyanmağın vaxtı çatıb qardaşım.

Qışqırmaqla donuz çıxmaz darıdan,

Bal tutmağın yolun öyrən arıdan,

“Savaş” əmri gəlmiş bizə Tanrıdan,

Oyanmağın vaxı çatıb qardaşım.

Nurəddin, ərz eylə sözün düzünü,

Vermə əldən haqqı görən gözünü,

Dağla ürəyini, oyat közünü,

Oyanmağın vaxtı çatıb qardaşım.

12 fevral 2016

Ər ol!

Torpaq hər eybini örtər deyə

nə bacardın onu da etdin.

Boyundan artıq ucalmadın sən,

alçaqlığın ən uca zirvəsinə yetdin.

Qul oldun bir qarın çörəyə,

bir qab yala,

Məgər yalaq olmaq üçünmü

xəlq etmiş səni, Allah təala?

Adamsan, Adəmdir adın,

Bəsdir günah içinde hey çabaladın.

Hürr yaradıb bizi yaradan,

Ağı seçmək gərək qaradan.

Sındır qəfəsi, yırt pərdəni,

Boşuna aparma qəbrə

ruhundan güc alan

boyu, buxunu, gərdəni.

Burax bir qarın çörəyə, bir qab yala

qul olmağın qəmini,

Ər ol, itirmə heç vaxt ərdəmini.

1 mart 2016

Gözlə gələr

Eşq dərdinin yox çarəsi,

Bir bəladır, gözlə gələr,

Tutar səni sel-yağışa,

Lal sükutlu sözlə gələr.

Səni səndən alıb gedər,

Eşq oduna salıb gedər,

Ruhuna sarılıb, gedər,

Ay çöhrəli üzlə gələr.

Zünnar bağladar belinə,

Sözün düşər el dilinə,

Yandığın, öz külünə,

Sinəndəki közlə gələr.

Haraylayar neylə səni,

Məst eyləyər meylə səni,

Allah bilər, neylər səni,

Buraxdığın izlə gələr.

Dəli-dəli danışdığın,

Oda közə qarışdığın,

Taleyinlə barışdığın,

Gülər üzlün, gözlə, gələr.

26 yanvar 2016

Gülə, gülə

Ömrü verdin bada getdi,

Yanıb döndün külə, külə,

Can bəslədin, o da getdi,

Bəlkə könlüm gülə, gülə.

Dedim durub yazı yazım,

Gözəldəki nazı yazım,

Mizrab vurmur, sazı yazım,

Bəlkə könlüm gülə, gülə.

Zili gəzən, bəmdən olar,

Şehli çiçək nəmdən olar,

Sevinc varsa, qəmdən olar,

Bəlkə könlüm gülə, gülə.

Gözdən axan yaşın olsun,

Baş qoymağa daşın olsun,

Dost sənin sirdaşın olsun,

Bəlkə könlün gülə, gülə.

Gəzdiyin nazdır, işvədir,

Boynu bükük bənövşədir,

Söz səni yaman kövşədir,

Bəlkə könlünmgülə, gülə.

Yaş axıb yanağa gələr,

Sevən kəs qınağa gələr,

İpdir, doğanağa gələr,

Bəlkə könlüm gülə, gülə.

30 yanvar 2016

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar