«Prezidentə minnətdaram» - Leyla Yunus (VİDEO)

leyla yunus 1«Mən prezident İlham Əliyevə minnətdaram ki, bizi həbsdən buraxdı. Biz ölmədik, amma müalicə də olunmadıq. Lakin istənilən vaxt ölə bilərik. Biz hələ yanvar ayından təcili müalicəyə başlamalı idik».

Azadlıq radiosunun məlumatına görə, Leyla Yunus məhkəmədəki çıxışında belə deyib. Bu gün - martın 11-də keçirilən məhkəmədə Leyla və Arif Yunusların müraciətinə baxılıb. Onlar ölkədən çıxışlarına məhdudiyyətin aradan qaldırılmasını istəyiblər. Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesə Həsən Əhmədov sədrlik edib.

Leyla Yunus Həsən Əhmədovun sədrlik etdiyi hakimlər kollegiyasına müraciət edərək, bu işdə qərarın onlardan asılı olmadığına əminliyini vurğuladı: «Başa düşürəm ki, qərarı siz vermirsiniz, sadəcə, onu təsdiqləyirsiniz. Amma əsas hakim Allahdır. Sizlərdən də kimsə xəstələnə bilər. Çünki xəstəlikdən heç kim sığortalanmayıb. O zaman çarpayıda uzananda bizi yada salıb, Allahdan kömək istəməyin».

Prokuror Seyhun Azadəliyev apellyasiya şikayətinin təmin olunmamasını istədi. Məhkəmə də şikayəti təmin etmədi.

Yunusların vəkili Elçin Sadıqov bildirdi ki, qərardan Ali Məhkəməyə kassasiya şikayəti veriləcək.

Leyla və Arif Yunuslar 2014-cü ilin iyulunda həbs olunublar. Onlar dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurdular.

2015-ci il avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il azadlıqdan məhrum edilmişdi. Sonradan Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, CM-nin 70-ci maddəsi tətbiq olunmaqla, onlara verilən cəza şərti hesab olundu və Yunuslar həbsdən buraxıldı.

Hüquq müdafiəçilərinin üzərində şərti cəza olduğu əsas gətirilərək, ölkəni tərk etmələrinə yasaq qoyulub. Yunuslar ölkədən çıxışlarına qadağa ilə bağlı Yasamal rayon Məhkəməsinə müraciət etsələr də, iddia təmin olunmamışdı. Bakı Apellyasiya Məhkəməsinə də həmin qərardan şikayət verilmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar