12 illik təhsilə mexaniki keçid yolverilməzdir!

Elə olmasın, bu keçid də “kurikulum” kimi fiaskoya uğrasın...

Nadir-Israfilov0211-242x300-242x3001-242x3001-242x3001-242x300Nadir İSRAFİLOV

12 illik təhsilə keçid məsələsi yenidən gündəmə gətirilib. Bu dəfəTəhsil Nazirliyində təşkil olunan “dəyirmi masa”da 12 illik ümumi təhsilə keçidin strukturu, məzmunu və bu məsələnin cəmiyyətə çatdırılması yolları barədə müzakirələr aparılıb. TPİ-nin direktoru Qulu Novruzovun dediyinə görə, hazırda 12 illik təhsilə keçid zamanı uşaqların məktəbə qəbulla bağlı yaş məsələsi, təhsilin strukturu, ibtidai təhsil, orta təhsil, tam orta təhsilin necə olacağı və digər mövzular müzakirə edilir.

Olsun, təqdirəlayiq haldır. Məsələ burasındadır ki, bu sistemə keçidlə bağlı müxtəlif yanaşmalar hələ də ekspertlər və ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmayan məsələlərdən biri olaraq qalmaqdadır. Yəni, bu sistem Avropa standartlarına uyğun olsa belə, bir çox insanlar bu qənaətdədirlər ki, əlavə bir il vaxt itkisidir. Bu mənada belə müzakirələrin keçirilməsi, bu istiqamətdə işlərin davam etdirilməsi, problemə tam aydınlıq gətirmək və təhsilimizin bir daha kurrikulum fiaskosu yaşamasına yol verməmək baxımından nəinkı lazımdır, hətta son dərəcə vacibdir.

Bir daha xatırlatmaq yerinə düşər ki, hələ "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında Azərbaycanda 2020-ci ilədək 12 illik təhsil sisteminə keçid nəzərdə tutulub. Ölkə başçısının 2013-cü il oktyabrın 24-də imzaladığı "Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"na əsasən isə, Azərbaycanda onillik ümumi orta təhsil və iki illik tam orta təhsil modelinə mərhələli şəkildə keçidi təmin etməklə 12 illik ümumi təhsil sistemi yaradılması xüsusi olaraq vurğulanıb. Bildiyim qədər hətta bu məqsədlə Mərkəzi və Qərbi Asiyadan olan təhsil üzrə beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən konfransda Azərbaycanın 12 illik təhsil sisteminə dair müzakirələr də aparılıb.

12 illk təhsilə keçidin zəruriliyini şərtləndirən səbəblərdən biri də Dünya Təhsil Forumunda 12 illik təhsilin minimum standart kimi tətbiq olunması barədə deklorasiya layihəsində bu məsələnin öz əksini və təsdiqini tapmasıdır. Hazırda 12 illik ümumi təhsili tətbiq edən ölkələrin dünya üzrə çoxluq təşkil etməsi də beynəlxalq təhsil sisteminə inteqrasiya baxımından bu keçidi zəruri edir. Hesab edilir ki,12 illik təhsilə keçid uşaqların tədris yükünün, eləcə də fənlər üzrə təlim yükünün hansısa mərhələdə yüngülləşməsinə xidmət edəcək.

Digər tərəfdən “Strategiya”nın müəyyən etdiyi istiqamətlərə əsasən təhsilin peşəkar inkişafı, məzmunca yeniləşməsi, təmayülləşmə və ixtisaslaşmanın həyata keçirilməsi, təhsil proqramlarının həddən artıq yükləmələrdən azad olunması, digər pedaqoji, psixoloji, habelə iqtisadi xarakterli məsələlərin həllinin də qaçılmaz olmasıdır. Ən başlıcası isə, artıq çoxdan bəri çərçivə sənədi kimi qəbul edilən “Təhsil haqqında qanun”da və digər normativ-hüquqi aktlarda müvafiq dəyişikliklərin aparılması zərurətinin yetişməsidir.

Bununla belə təhsil naziri Mikayıl Cabbarovun son açıqlamalarından belə nəticə hasil olunur ki, 12 illik təhsil sisteminə keçidə mexaniki bir dəyişiklik kimi baxılmamaldır. Bu, çox mühüm bir məsələdir və ciddi müzakirələrin aparılmasını tələb edir. 12 illik təhsil sisteminə sadəcə məktəbdə oxunan illərin artırılması kimi deyil, seçilən yolun düzgün və aparıcı beynəlxalq təcrübəyə əsaslanan bir yol olduğuna əmin olduqdan sonra keçilə bilər. "Bu, bir nəfərin qərarı olmamalıdır. Bu sistemə düşünülmüş şəkildə, mütəxəssislərin iştirakı ilə, dünya ölkələrinin təcrübələrinə, real imkanlarımıza, hədəflərimizə nəzər salmaqla keçiləcək”.

Reallıqdan çıxış etsək və mövcud vəziyyəti nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, keçid prosesi bir sıra ciddi maneələrin aradan qaldırılması və həll oluması baxımından qeyri-müəyyən müddətə ləngiyə bilər və ləngidilməlidir də. Yəni, deyək ki, hazırda V siniflər üçün nəzərdə tutulmuş kurikulumlar 11 illik təhsil sisteminə hesablanıb. Bu sistemlə oxuyan şagirdlər bir müddətdən sonra - 2019-cu ildə məktəbi bitirəcəklər. Növbəti ildə oxuyacaq V siniflər üçün yeni kurikulumlar hazırlanmalıdır. Bu qısa müddət ərzində sənədlərin hazırlanması, elmi araşdırmaların aparılması müvafiq strukturlardan çox ciddi iş tələb edir. Dərsliklərin də yeni kurikuluma uyğun yazılması üçün müvafiq təcrübə və müddət tələb olunur. Bunun qəbul sisteminə təsiri, yeni tədris planları, yeni proqramlar, müəllim hazırlığı, əlavə ediləcək 1 ilin təhsilin hansı pilləsinə artırılması, təhsil pillələrinin 4+6+2 və yaxud 5+5+2 və ya digər sxem əsasında qurulması və s. kimi məsələlərin dərindən düşünülmüş həlli tələb olunur.

Yəqin ki, təhsillə bağlı məsələlərlə az-cox maraqlananlar bilməmiş deyillər ki, bu model artıq dünya ölkələrində çoxdan tətbiq olunur. Hətta, Kanada, Fransa, Hollandiya və Çexiyada hazırda ümumi təhsilin müddəti 14, Almaniya, Böyük Britaniya, İsveç, Avstraliya və Yeni Zelandiyada 13 ildir. ABŞ, Finlandiya, Cənubi Koreya, Polşa və bir sıra digər ölkələrdə isə ümumi təhsilin müddəti 12 ildir. Bununla belə, hazırda dünya üzrə 12 illik ümumi təhsili tətbiq edən ölkələr çoxluq təşkil edir. Son statistik məlumatlara görə, belə ölkələrin sayı 180-nə yaxındır. Çox az sayda ölkədə ümumi təhsilin müddəti 11 il təşkil edir. Bununla bərabər 11 illik tədris sistemi ilə yüksək təhsil nailiyyətləri əldə edən ölkələr də var.

Məsələ heç də təkcə bununla bitmir. Deməyim odur ki, bu məsələ düşündüyümüz qədər də sadə və operativ bir proses deyil. Təsəvvür edin ki, Qazaxıstan kimi bir ölkə 2003-cü ildən 12 illik təhsilə keçidi hədəfləyib. İlkin olaraq bunu 8 məktəbdə eksperiment kimi aparıblar. Daha sonra məktəblərin sayını 45-ə çatdırıblar. Bütün ölkə üzrə bu proses mərhələli şəkildə tətbiq olunur. Keçidin tam başa çatdırılması 2020-ci ilə nəzərdə tutulub. Demək proses üçün 17 il vaxt lazım olub. Hətta keçiddən imtina olunması barədə təkliflər və təşəbbüslər də qaldırılıb.

Gedişatı zaman göstərəcək. Bir də ki, təhsilin keyfiyyətini yüksəltmək üçün onun müddətinin artırılmasına ümid etməklə, gözləmə mövqeyi tutmaq böyük yanlışlıq olardı. Nazirin təbirincə desək, “ölkədə vaxtilə yeni kurrikulum sisteminə keçdik, amma müəllimləri buna lazımi səviyyədə hazırlamadıq. Nəticədə bu gün bir çox problemlərlə rastlaşırıq”. Keçidin nə vaxt baş tutub-tutmamasından asılı olmayaraq, təhsil öz axarı ilə getməli, müzakirələr davamlı olaraq, özü də ki, daha geniş tərkibdə davam etdirilməli, məsələ ilə bağlı müzakirəyə çıxarılan hər hansı bir rəy, təklif layihə imkan daxilində geniş işıqlandırılmalı və ictimailəşdirilməlidir.

Bir dəfəlik razılaşaq və hamılıqla qəbul edək ki, təhsil təkcə ümumdövlət işi deyil, ümummilli məsələ olaraq həm də ümumxalq işidir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar