“ABŞ-ın neft amilindən istifadə etməsi Rusiyanı çökdürə bilər” - ANALİZ

“Rusiyanın indiki dikbaşlığı sadəcə neftin qiymətinin yüksək olması ilə bağlıdır”

Politoloq Vaqif Mahmudovun Ukrayna hadisələri, Qərb-Rusiya qarşıdurması ilə bağlı AzPolitika.info-ya müsahibəsi

- Sizcə Ukraynada nə baş verir?

- Ukrayna ətrafında baş verən hadisələr tarixin fundamental həqiqətlərinin təzahürüdür və burada Avropanın, ABŞ-ın və Rusiyanın geopolitik konfiqurasiya uğrunda mövqe mübarizəsi gedir. ABŞ indi elə səviyyədədir ki, o daha qlobal və çox irəliləri görmək məsuliyyətini üzərinə götürməklə hərəkət edir. Avropanın lokomotivləri olan Almaniya ilə Fransa tarixi arzularının proyekti olan Avropa Birliyinin gələcəkdəki yerini möhkəmləndirmək siyasətini yürüdürlər. Rusiya isə tarixin inkişaf və sürət qanununa cavab verə biləcək mərhələdəki yarışda çoxdan autsayder vəziyyətinə düşüb. Rusiyanın istəyindən asılı olmayaraq, daha böyük siyasi şahmat oyunu onun sərhədləri yaxınlığında baş verir. Rusiya bir dövlət kimi tarixin inkişaf prosesində həmişə qərbdən - Avropadan geridə qalıb. Bu geriliyin hansı səviyyədə olduğunu Birinci Pyotr və İkinci Yekaterina yaxşı gördükləri üçün elə avropalı mütəxəssislərin köməyi ilə Rusiyanı yeniləməyə cəhd ediblər. Amma zaman keçsə də, Rusiyanın həm dövlət və həm də ki, ictimai-iqtisadi xarakterində köklü dəyişiklik olmayıb.

- Avropanın Ukraynadakı maraqları nədən ibarətdir?

- 45 milyondan artıq əhalisi və geniş ərazisi ilə Ukrayna geopolitik olaraq xüsusi və mühüm strateji məkan sayılır. Məsələ heç də çox tezliklə Ukraynanın Avropa Birliyinə girməsindən getmir. İndiki Ukrayna öz standartlarına görə Avropa kriteriyalarına qəti olaraq cavab vermir və orada açıq şəkildə hakimiyyət uğrunda dava gedir. Avropanın şərqə tərəf genişlənməsi üçün yol üzərində ərazi baxımından Ukrayna durduğundan, tədricən bu ölkə mənimsənilməlidir. Lakin Rusiya əngəli işləri ləngidir. Digər tərəfdən isə Avropaya yeni böyük bir bazar lazımdır. Çox böyük ehtimalla, almanların Ukrayna üçün xüsusi bir proqramı var. Ancaq onlar bunu hələlik açıqlamaq istəmirlər. Belə hesab edirlər ki, bu siyasi baxımdan tələskənlik olar. Yəni Amerika öncədən xəbərdar olmasın. Ona görə ki, geopolitik və strateji perspektivdə ABŞ ilə Avropa ciddi rəqibdirlər.

- Hal-hazırda Rusiyanın Ukraynadakı hədəfi nədir, nəyin qarşısını almaq istəyir?

- Rusiya yaxın xaric adlandırdığı post-sovet məkanına müəyyən formada nəzarət etməklə, xüsusi məqsəd güdür. Rusiya qərb dünyası ilə özü arasında bu ölkələr vasitəsilə bufer zona yaratmaq istəyir. Həmin əraziləri öz maraq dairəsi hesab edir. Onlar Avropanın Rusiya ilə həmsərhəd və qonşu olmasını qətiyyən qəbul etmirlər. Sərhəd perimetri boyunca olan zonaları nəzarətdə saxlamaq fikrindədirlər. Sonra isə həmin ölkələrdəki dövlət idərəetmə üsulunun Rusiyanınkına bənzəməsini istəyirlər. Orada baş verən qərblə yaxınlaşma və daha mütərəqqi idarətmə sisteminin yaranmasının nə zamansa Rusiyaya keçəcəyindən bərk qorxurlar. Ona görə də aqressiv tədbirlərə əl atırlar. Əvvəl istəyirdilər ki, Ukraynanı Avrasiya İttifaqına gətirsinlər. İndi bu alınmır. Moskvanın məqsədi Ukraynanın Avropa yolunu kəsməkdir. Bütün vasitələri işə salmaqla Avropanı bu sevdadan vaz keçməyə məcbur etmək fikrinə düşüblər. Moskva hesab edir ki, Krım ətrafında müxtəlif manevrlər etməklə, problemi siyasi yolla öz xeyrinə yonəldəcək. Krım məsələsini qərblə danışıq predmeti kimi istifadə etməyə cəhd edəcəklər. Rusiya çalışacaq ki, Krımı Ukraynadan qoparsın. Bunun üçün Ukraynanın şərq tərəfindəkiləri mərkəzi Kiyev hakimiyyətinin tabeliyindən tam ayırmağa cəhd edəcək. Ruslar şərqdəkilərin əhval-ruhiyyəsini bölünmə istiqamətində kökləməyə çalışacaq. Təxribatçı qruplar işə salınacaq. Rusiya istəyir ki, Ukraynanın şərqindəki bölünmə səviyyəsini yerli əhalinin iştirakı ilə elə vəziyyətə gətirsin ki, ölkənin qərbi ilə şərqinin qarşıdurması dərinləşsin və lazım olsa vətəndaş qarşıdurması başlasın.Onda ölkə real parçalanma ilə qarşılaşar. Onlar yaxın tarixi təcrübəyə dayanaraq hərəkət edirlər. Belə ki, Rusiyanın Gürcüstana girməsindən sonra qərbin yalnız sərt tənqidlərindən başqa ciddi bir müqavimətlə qarşılaşmamışdılar. Belə düşünürlər ki, ən kritik həddə çatsa onsuz da Ukraynanın qərb hissəsinin əldən çıxacağı təqdirdə şərq tərəfinin kontrolunu özlərində saxlasınlar. Digər yandan isə Moskva çalışacaq ki, Avropa ilə Amerika arasındakı ziddiyyətlərdən də istifadə etsin. Ümumiyyətlə isə bu hadisə ətrafında bir- birinə oxşar müxtəlif ssenarilər qurmaq olar.

- Maraqlıdır ki, Krımın işğalını Rəsmi Kiyev sadəcə seyr etməklə məşğuldur. Bundan sonra Ukrayna hansı addımları ata bilər?

- Hal-hazırda Ukrayna bir dövlət olaraq bərbad günə salınıb. Hərbi sənaye kompleksinin mövcudluğuna baxmayaraq, ordu zəif haldadır. Yanukoviç həmişə belə hesab edib ki, ordu artıq bir şeydir və ona pul xərcləməyə dəyməz. Ukraynanın hərbi büdcəsi 1,6 milyard dollardır. Belə böyük ölkə üçün bunu pul saymaq olmaz. Onların Rusiya ilə mübarizədə hansı taktikanı tutacağını demək çətindir. Kiyevdəki yeni hökumətin qarşısında xeyli problemlər dayanır. Ölkə maliyyə iflasından qurtulmalıdır. Kiyev hakimiyyəti istəyir ki, birbaşa qarşıdurma və döyüş olmadan Qərbin sərt təzyiqləri ilə rusları geriyə addım atmağa məcbur etsin. Ukraynaya müəyyən qədər vaxt lazımdır ki, könüllülərdən ibarət vətənpərvər və döyüşmək enerjisi olan ordu qursun. Həmin ordunun maliyyə məsələsini lazım bilsə Qərb həll edər. Özlərinin silahları var. Rusiya keçmışə baxaraq Gürcüstandakı və ya Çeçenistandakı müharibə ilə Ukraynanı eyniləşdirsə yaxın tarixinin ən böyük yanlışlığına yol vermiş olacaq. Ukrayınlar yaxşı təlim keçdikdən və əhalinin psixoloji vəziyyətini müharibəyə hazırladıqdan sonra döyüşə atılsalar təkcə Krımdakı rus əsgərlərinin vəziyyətində deyil, ümumiyyətlə Rusiyada çox ciddi gərginlik və panika yaranacaq .

- ABŞ Rusiyaya qarşı sanksiyaların anonsunu verib. Bu sanksiyalar nə kimi nəticələr doğurar?

- Ölkənin uğurlu strategiyası üçün onun müasir tələblərə cavab verə bilən effektli dövlət idarəetmə və səmərəli iqtisadi sosial modelə sahib olması vacib şərt hesab edilir. Bu da ki, Rusiyada xeyli zəifdir. Ona görə də Rusiyanın Qərblə böyük konfrantasiyaya getməsi və bunu uzatması avantüra olar. İndi tez-tez belə bir fikir səslənir ki, Rusiyaya qarşı təzyiq vasitəsi kimi neftin dünya bazarındakı qiyməti aşağı salına bilər. Bunu həyata keçirə biləcək yeganə güc, şübhəsiz ki, ABŞ-dır. Neft amili Rusiyaya qarşı ən optimal təzyiqdir. Başqa vasitələr də var. Amerikanın neft amilindən istifadə etməsi Rusiyanı çökdürə bilər. Lakin daha masştablı və dərin təhlilə görə belə vasitəni işə salmaq xeyli risk də daşıyır. Hesab edək ki, Rusiya zəiflədi, əldən düşdü və ən cüzi müqavimət imkanlarını da itirdi. Bundan ən çox kim qazana bilər sualı meydana gəlir. Zəifləmiş və taqətsiz Rusiya şərq tərəfdən onunla uzun sərhəddə malik olan Çin kimi ölkəyə daha əlverişli olar. Qərb istiqamətində isə şübhəsiz ki, Avropanın dominantlıq etmə imkanı artacaq. Bu variant ən kritik anda və xüsusi proqramın hazırlanmasından sonra tətbiq edilə bilər. Bunlar ancaq versiyalardır.Təbii sərvətlər və istehsal üzərində hökmranlıq dövrü ötüb gedib. İndi onların yerini kapital üzərində hakimiyyət tutur. Rusiyanın nə qədər nefti olur-olsun, əgər onun qiymətini Amerika öz valyutası ilə tənzimləyə bilirsə, deməli qlobal nəzarəti də onlar həyata keçirəcək. O ki, qaldı Rusiyanın indiki dikbaşlığına, bu sadəcə neftin qiymətinin həddən ziyadə yüksək olması ilə bağlıdır. Dövlətlər də, sanki, özünü bəzi insanlar kimi aparır. Xeyli pul yığıblar və bu onları sakit durmağa qoymur. Gələcək tarixi strateji mübarizədə Amerika Rusiyanı özünə rəqib hesab etmir. O, sadəcə olaraq əl-ayağa dolaşaraq lüzumsuz başağrısı verər.

Əgər onlar irrasional riskə gedərək, ABŞ-ın böyük strateji maraqlarının qarşısına çıxıb, məsələni tündləşdirmək istəsələr vəziyyətləri bərbad olacaq. Onda həqiqətən də məzlum gününə salınarlaq müflis edilərlər. Heç şübhəsiz ki, Amerikanın Rusiya ilə əlaqədar böyük planı mövcuddur. ABŞ hər bir ölkəyə itaətkar olmaları üçün xüsusi rol ayırmağa çalışır. Burada qeyri adi və qəribə heç nə yoxdur. Siyasətin və dövlətin planlaşdırması olar. Onlar Rusiyanı özlərinin tərtib etdiyi sosial iqtisadi quruluşa malik ölkə qismində görmək istəyir. SSRİ –dən fərqli olaraq, Rusiya əsasən Amerikanın hazırlayıb inkişaf etdirdiyi maliyyə- bank sisteminə daxil olub və topladıqları pullar da qərbdədir. Moskvanın hazırlanmış kordinatdan kəskin kənara çıxması mümkün deyil. Amerikaya görə, Rusiya nə hədsiz güclənməli, nə də ki, zəifləyib taqətdən düşməlidir. Ukrayna qarşıdurmasında Rusiya özünün də belə xəbəri olmadan ABŞ-ın tərtib etdiyi plana uyğun formada oynadılacaq.

- Ukraynaya görə Qərb-Rusiya qarşıdurmasında Çinin mövqeyi də maraq doğurur...

- Çin dünyadakı siyasi münaqişə ocaqlarına müdaxilə etmək siyasəti yürütmək fikrində deyil. Onların başqa metodları var. Hələlik tamamilə kənarda dayanmağı üstün tuturlar. Çin Ukraynaya investisiya yatırıb. Əlbətdə ki, pullarının batmasını istəməzlər. Rusiyanın Amerika və Avropa ilə dalaşması strateji olaraq bəlkə də Çinə sərf də edir.

- Ukraynada Qərb-Rusiya qarşıdurmasından başqa çox da nəzərə çarpmayan Avropa-ABŞ çkişməsi də hiss olunur...

- Hələ ki, dünyanın yeganə super gücü ABŞ-dır. Avropa Birliyi konkret olaraq vahid dövlət olmasa da, gələcəkdə super bir mərkəzə çevrilə bilər. Avropanın siyası mühəndislərinin başında Almaniya və Fransa gəlir. Avropanın bu iki güclü dövlətini tarix bir yerdə olmağa vadar edib. Başqa yolları da yoxdur. İllər ərzində Avropa addım–addım şərqə doğru irəliləyir. Avropa Birliyi Almaniya və Fransanın gələcək dünyada aparıcı mövqeyə sahib olma yolunda hazırladıqları layihə hesab edilir. Vahid Avropa ailəsinin qurulması istiqamətində çoxlu sayda çətinliklər və səhvlər olub, bu səhvlər yenə də davam edir. Ancaq bu səhvlər analiz olunur və lazımlı təcrübə kimi nəzərə alınır. Bəzən Avropa Birliyini Almaniyanın iqtisadi çəkisinin üstünlüyünə görə “Dördüncü Reyx”də adlandırırlar. Avropa yaranmış fürsəti tarixin təbii axarı üzərində dəyərləndirəcəyi halda nailiyyət əldə edəcək. Yox, əgər vaxtsız və yersiz avantüraya meyl etsə, əldə etdiklərini də itirə bilər. Avropa ilə ABŞ–ın dövlət idərəetmə üsulu, sosial- mədəni quruluşu və eyni zamanda da iqtisadi-maliyyə sistemləri bir –birinə daha çox yaxındır, nəinki Rusiya və ya Çin ilə. Elə bu səbəbdən də onların rəqabəti ciddi şəkildə nəzərə çarpmır.

Amerika Avropanı NATO çərçivəsində görmək istəyir. Diqqət etsək görərik ki, Avropa Birliyi Şərqə doğru genişlənərək vaxtilə Sovet orbitində olmuş ölkələri və Pribaltika respublikalarını üzv qəbul etdikcə, NATO da analoji addım ataraq onları hərbi alyansa daxil etməyə başladı. Yəni Avropa Birliyi Şərqə tərəf necə diffuziya edibsə, NATO da onu təkrarlayıb. NATO-nun baş meneceri isə məlumdur ki, Amerikadır. Ukrayna Avropanın nəzarət və maraq dairəsinə NATO-nun iştirakı olmadan girməyəcək. ABŞ-ın məqsədı hadisələrin hansı yöndə getməsindən asılı olmayaraq, həm Rusiyanı, həmdə Avropanı incə siyasi gedişlərlə özünə ehtiyac duyulacaq vəziyyətə gətirməkdir. Ukrayna ətrafında aparılan siyasət də bu platforma üzərində qurulacaq. Amerika ağlı, gücü və pulu birləşdirərək qüdrətini davam etdirmək niyyətindədir.

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar