“Qara müəllimi Haçı Qara eləməyin anlamı nədir?”

Alqış HƏSƏNOĞLU

Əlbəttə, şəksiz-şübhəsiz, elə belə də olmalı; dövlət, yeri gələndə, qayğı göstərməlidir; hamıya, hər şeyə nəzarət etməlidir; yön seçməli, istiqamət verməlidir. Bu "dövlət baba"nın ali missiyasıdır.

Amma...

Qayğı və nəzarət tələb-təklif həddini keçəndə dövlət, cəmiyyət və vətəndaş heç kimin təsəvvür edə bilmədiyi, arzulamadığı, gözləmədiyi sürprizlərlə üzləşir.

Necə ki, bu gün belə idbar nümunələrlə üz-üzə, göz-gözə, döş-döşə gəlməyə məhkumuq.

Mənim bir müəllimim var: Qara müəllim. Ədəbiyyatçıdır. Adı kimi şəxsiyyəti də böyükdür. Qayım-qədim kişilərdəndir.

Bir neçə il əvvəl onu dövlət hesabına Həcc ziyarətinə göndərmək istəmışdilər. O, birmənalı olaraq imtina etdi. Xeyli israrla, xahış-minnətlə yola gətirməyə çalışsalar da, heç bir faydası olmadı.

Mənim müəllimim ortaya elə arqument qoydu ki...

Qara müəllim dedi: "Mən Qara müəlliməm. Əgər Həccə getsəm, mənim indiyəcən qazandığım ad-sandan əsər əlamət qalmır, imicim təhrif olunur, onda hamı məni Hacı Qara deyə çağıracaq. Axı mən dərs deyirəm, özü də Axundovu tədris edirəm, nəzərə alın ki, mənim sözdən söz çəkən yüzlərlə tələbəm var. Hər gün auditoriya qarşısına çıxıram.

Mən dövlətimə güvənirəm. Ancaq onun qayğısını mənə tətbiq etsəniz, tamam başqa şey alınacaq. Bu "proyekt" mənə də, hökumətə də sərf eləmir, heç birimizə uğur gətirməyəcək. Bunu nə dövlətimə, nə də özümə rəva bilirəm.

İmkan verin elə Qara müəllim olaraq, əvvəlki inam və imanla dövlətimə, peyğəmbərimə xidmət eləyim..."

Mən Müəllimimin bu etirazını, əslində, çox müdrik qərarını dövlət və ziyalı, hakimiyyət və ictimai mənəvi dəyərlər arasındakı tənzimlənmənin, əməkdaşlığın mükəmməl bir modeli, siyasi resepti kimi qəbul edirəm.

Deməli, qayğı, nəzarət yerli şəraitə, məkanın parametlərinə, şəxsin miqyasına və öçlülərinə uyğunlaşmalı, əyninə oturmalıdır.

Əks təqdirdə dövlətin heç bir şifarişi, layihəsi, qayğısı, vəsaiti, tökdüyü pullar öz adekvat və effektiv qarşılığını tapa bilməyəcək. Və tapa bilmir. Cünki...

Son vaxtlar dövlət idarəçiliyində iki qeyri-məqbul, ziyanlı yanaşma özünə möhkəmcə yer eləyə bilib.

Söhbət nədən gedir?

Birinci, belə bir əsassiz təsəvvür formalaşıb və oturuşub ki , probem varsa, o mütləq institusionallşmalıdir: yəni, problemi həll etmək üçün yeni bir qurum təsis edilməli, struktur yaradılmalıdir.

Elə də olur, yeni idarə yaranır və yaranan təsisatın xaruqələr kəşf edəcəyinə sadəlövh bir inam bəsləyirik. Və çox çəkmir, əksinə, təəssüflənməli oluruq. Gözləntilər özünü heç cür... heç cür doğrultmur.

Məsələn, düşünürük ki, bayraq, bayraq meydanı varsa, niyə bayraq meydanı idarəsi olmasın. Yekunda nə baş verir?

Çox qısa zaman ərzində məlum olur ki, Milli Bayrağımızı, mili bayrağımızın timsalında mlli şərəfimizi etibar etdiyimiz şəxsin nəinki əlləri, vicdanı, hətta etnik mənşəyi belə təmiz deyil, onun genetik kodunda şübhəli məqamlar var...

İkinci qüsur əlavə səlahiyyət tələb etmək meylidir. Hesab olunur ki, qarşıya problem qoyulubsa, onu çözmək üçün əlavə səlahiyyət kərəkdir, stuktur genişlənməlidir və s... Səlahiyyətlər verilir... sonra da əks proses başlayır.

Səlahiyyətləri qayçılamağa əşəddü ehtiyac yaranır... Misallar üzərində dayanmayaçağam.

Və bu işlək ənənə, belə demək mümkünsə, idarəçilikdəki "artıq tamah" həvəsi sirayətedici bir mərhələyə daxil olub: məsələn, həmin "dalğa" özünü eynən Dini Qurumlara iş üzrə Dövlət Komitəsinin iş prinsipində büruzə verir.

Yəqin ki, komitənin öz təklifi və təqdimatı ilə İcra strukrurlarının əsasnaməsinə dəyişiklik edilib; İcra hakimiyyətlərində "Din" ştatı yaradılır. İctimai-humanitar şöbənin müavinlərindən biri dini işlərin təşkili ilə məşğul olacaq. Üstəlik, dini işlər üzrə əlavə komissiyaların yaradılması haqqında məlumatlar alırıq.

Olsun.

Bu ardıcıllığı davam etdirmək də mümkündür. Eyni prinsiplə Milli Məclis sədrinə yeni, dini işlərlə məşğul olan müavin seçmək olar.

Baş nazirə yeni, dini işlərə məsul müavin təyin etmək olar və. s. Çünki hər yerdə, hər tərəfdə din var.

Mən bu qərarları təftiş etmək fikrində deyiləm.

Amma əminəm ki, bu gediş problemin həllinə yox, qıcqırıb yayılmasına təkan verəcək.

Axı bu komitənin bəlli bir adı var. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi.

Belə də isə bu qurum dövlət işləri üzrə dini komitəyə cevrilir. Məhz dini komitəyə!

Və bu çevrilmənin əlamətləri həm də komitə rəhbərliyinin leksikonunda acıq-aşkar hiss olunur.

Komitənin məsul şəxslərindən biri müsahibəsində deyir: "Biz Allahın evi olan məsciddə siyasətlə məşğul olmağa imkan verə bilmərik".

Bəli, məscid Allaha ibadət məkanıdır, müsəlmanlar üçün müqəddəs yerdir.

Məscidi Allahın evi elan etmək isə mollanın cari siyasətidir, Qurana ziddir, laməkan dediyimiz Allahın inkarıdır!

Əgər Dövlət Komitəsi mollanın dediyini təkrarlayırsa, onda eyni məntiqlə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsini də Allahın evi hesab etmək mümkündür.

Dövlət Komitəsinin vəzifəsi məscidlə inzibati binanın, mollayla məmurun, siyasətçi ilə axundun sərhəddini cızmaqdır.

Komitə məsulu, siyasi xadim mollanın, axundun dediyini təkrarlayırsa, molla kimi, axund kimi danışmağa üstünlük verirsə, bu komitənin cahilliyə, dini fanatizmə qarşı apardığı izahat, maarifləndirmə işi kimin xeyrinə işləyəcək?

Çexovun məşhur hekayəsini xatırlayıram: Əyalət monastrının baş rahibi bir neçə günlük şəhərə gedib, qayıdır və rahibləri toplayıb, gördüyü pisliklərdən, xaosdan, söhbət açır. Şəhər həyatına nifrinlər yağdırır.

Sabah isə monastra gələndə görür ki, heç kim yoxdur, monastr bom-boşdur. Məlum olur ki, rahiblər hamısı monastrı tərk edib, birdəfəlik şəhərə köçüblər...

Strukturu böyüdə-böyüdə, ştat cədvəlini uzada-uzada (burada təkcə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsini nəzərdə tumuram) aparılan maarifləndirmə, izahat və qeyri izahat işlərinin təsiri "baş monastrın" aqibətini yaşaya bilər.

Axı Qara müəllimi Haçı Qara eləməyin anlamı nədir?

Neft ucuzlaşır və tükənir, manat dəyərini itirir.

Qlobal təlatümlər qapımızı döyüb, gah əlcək, gah papaq atır.

Belə bir ərəfədə eksperimentlər keçirməyin heç yeri deyil.

Allah xatirinə, belə etməyin!

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar