"ƏLİ NAĞIYEVLƏ HEÇ ZAMAN GÖRÜŞMƏMİŞƏM..." - Pərviz Həşimli (VİDEO)

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə “Bizim yol” qəzetinin müxbiri, hüquq müdafiəçisi Pərviz Həşimlinin və Təvəkkül Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Məhkəmə iclası qalmaqallı keçib, iki şahid ifadə verib.

Pərviz Həşimli 2013-cü il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həbs edilib. Jurnalist Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci və 228.2.2 (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama-təkrara törədildikdə) maddələri ilə ittiham olunur. İttihama görə, Pərviz Həşimli və Təvəkkül Qurbanov İrandan gətirilən silahların alveri ilə məşğul olub.

İlk öncə vəkil Bəhruz Bayramov Təvəkkül Qurbanovun avtomobilindən götürülən pulun üzərindəki pulların üzərindəki əl izləri ilə bağlı ekspertiza təyin edilməsi barədə qərara qəbul edilməsini məhkəmədən xahiş edib. “Həşimlinin pul verməsi ilə bağlı iddialar absurddur”.

Vəkil həmçinin götürülən tapançaların Rusiya istehsalı olduğunu bildirib. “Silahlar üzərində ciddi nəzarət var. Bu səbəbdən götürülmüş silahların nömrə nişanları ilə istehsalçı ölkəyə müraciət edilməlidir. İttihama görə, silahlar İrandan Azərbaycana keçirilib. İstehsalçı ölkə silahları hansı ölkənin sifariş verdiyi, sərhəddən nə vaxt İrana keçirildiyi barədə məlumat verməlidir”, deyə vəkil məhkəmə qarşısında vəsatətlə çıxış edib.

Nədənsə istintaq bu ekspertizaları təyin etməyib.

Məhkəmədə həmçinin Pərviz Həşimli Təvəkkül Qurbanovun oğlunun ifadəsinə istinadən deyib ki, onun oğlunun imtahanlardan kəsir problemi olmayıb. Belə isə Qurbanovun məndən oğluna kömək etməyimi xahiş etməsi şübhə doğurur, deyə o qeyd edib.

Təvəkkül Qurbanov isə Pərviz Həşimliyə AXCP Rəyasət Heyətinin üzvü olduğu, belə olan halda məmurlarla, o cümlədən Cavid Qurbanov (Milli Məclisin deputatı, “Azəravtoyol” Dövlət Şirkətinin rəhbəri), Əli Nağıyevlə (Milli Təhlükəsizlik nazirinin keçmiş müavini, hazırda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisinin müavini) niyə əlaqələri olduğu barədə sual verib. O, həmçinin ailə üzvlərinin təhqirə məruz qaldığını deyib.

Pərviz Həşimli isə uzun müddət “Bizim Yol” qəzetinin parlament müxbiri olduğunu, istənilən deputat və məmurla əlaqələrinin olduğunu diqqətə çatdırıb. “Mənim Əli Nağıyevlə əlaqələrim olmayıb, onunla heç zaman görüşməmişəm. Amma Əli Nağıyevin qardaşı Vəli Nağıyevlə əlaqələrim olub. Mənim deputatlar arasında, nazir müavinləri, məmurlar, hətta MTN əməkdaşı səviyyəsində mənbələrim olub”, deyə Həşimli qeyd edib.

Həşimli eyni zamanda MTN-in nəzarətində olduğu medianın həbsindən qabaq həbs ediləcəyi və Cavid Qurbanovla əlaqələri barədə yazılar dərc edildiyini məhkəmənin diqqətinə çatdırıb. Onun dediyinə görə, MTN hakimiyyətdaxili qruplarda rəğbəti olmayanlara qarşı belə üsullardan istifadə edir. Bu zaman hakim Həşimlinin sözünü kəsib və onun düzgün danışmadığını xatırladıb. Hakim Həşimlinin nəzərinə çatdırıb ki, MTN belə üsullardan istifadə etmir və istəsə, özü media təsis edə bilər.

Şahid Zaur Abdullayev məhkəmə zalına “spirt iyi” ilə gəlib. Onun məhkəmə tribunasında ifadə verdiyi zaman qəbul etdiyi alkoqolun iyinə zalda narahatlıq yaranmışdı. Bu zaman Həşimli hakimə müraciət edərək, şahidin sərxoş olduğunu xatırladır. Hakim “spirtli içkinin qəbulunun bir həddi var, insan anlaqlıdır”, deyərək, şahidi suallara cavab verməsini davam etdirməyə çağırıb.

Şahid Nəsimi rayon Polis İdarəsində qeydiyyatdadır. O, yol ilə gedərkən Milli Təhlükəsizlik Nazirliyinin həyətinə dəvət edilib və orada Təvəkkül Qurbanovun avtomobilindən 2800 dollar pul və şəkillərin götürüldüyünü görüb. “Şəkillər üzü çıxarılmışdı və ağ qara idi. Şəkillərdə nə olduğunu görmədim”, deyə bu arada şahid istintaq ifadəsində şəkillərdə əntiq əşyaları olduğunu yazıb.

Abdullayev “əntiq əşya nədir?” sualına cavabda deyib ki, “bahalı əşyalardır”. “Mənə cənab prezidentin şəklini göstərsələr, deyərəm cənab prezidentdir. Əntiq əşyaya nə deyim?”, deyə təəccübünü bildirib.

Şahid Osman Rasimov Binəqədi qəsəbə icra hakimiyyətində məsləhətçidir. O, bundan öncə də şahidlik etdiyini bildirib. Sadəcə Həşimlinin evinə ərazini yaxşı tanıdığı üçün MTN əməkdaşları tərəfindən dəvət edilib. O, ifadəsində əvvəlcə humanist adam, müsəlman olduğunu xatırladır və Həşimlinin evində kobud rəftara yol veriləcəksə, protokola qol çəkməyəcəyini MTN-çilərə dediyini bildirib. Bu zaman hakim onun diqqətinə məhkəməyə düzgün ifadə vermədiyinə görə məsuliyyət daşıdığını xatırladıb. O, məsuliyyətini dərhal dərk edib və hər-hansı kobud rəftar olmadığını görərək, protokola imza atdığını bildirib. Hətta Rasimov əvvəlcə Həşimlinin pəncərəsinin dəmir çərçivəsinin yerindən qoparıldığını da görməyib. Lakin istintaqa ifadəsində dəmir çərçivənin çıxarıldığını yazıbmış. Bu xatırladılanda şahid yenidən əlini üzünə qoyaraq, dərindən fikirləşir və nə isə yadına düşür. “Yox, MTN əməkdaşları dəfələrlə qapını döydülər, qapının açılmasının vacibliyini Həşimlinin xanımına xatırlatdılar. O, qapını açmayanda pəncərədən evə daxil olunacağını bildirdilər və çərçivəsini yerindən çıxarmağa başlayanda qapı açıldı”, deyə şahid bildirib. Rasimov nədənsə Həşimlinin kiçik yaşlı qızının göz yaşı tökərək qorxudan ağladığını da yadda saxlamayıb. Ancaq tapança və qumbaraların haradan tapıldığını, nəyə büküldüyünü yerbəyer yadında saxlayıb.

Hakim şahidə sual edir ki, istintaqa verdiyin ifadəni, yoxsa məhkəməyə verdiyin ifadəni təsdiq edirsən? Şahid cavabda “hər ikisini” deyir. Məhz bu cavab zalda qəhqəhə ilə qarşılanır, hətta hakim heyəti də gülüşünü saxlaya bilməyib. Amma sədrlik edən yalnız zaldakılara xəbərdarlıq edir: “gülmək olmaz”.

Məhkəmənin belə məcrada davam etməsi zalda gərginliklə müşahidə edilib. “Gülməli danışırlar, deyirlər gülmək olmaz. Bəs nə edək? ”, deyə qadınlardan biri sual edir.

Digər bir qadın isə əsəblərini cilovlaya bilmir. “Öl-öl kişisən, evə kişi çörəyi aparırsan... ... kişi üzünə... Kişisiniz? Məni də tutun!”, deyə qadın uca səslə etiraz edir. Hakim qadına xəbərdarlıq edir, dərhal məhkəmə zalından çıxarır. Bu zaman digər qadın şahidə “Kişisən? Kişi yalan danışar? Kişi evinə belə çörəyi aparmaz”, deyə xatırladır. Şahid pərt və həyəcanlı halda məhkəmə zalını tərk edir.

Daha üçüncü şahidin dindirilməsinə ehtiyac qalmır. Belə gərgin şəraitdə məhkəmə martın 18-i saat 10:30-dək təxirə salınır.(contact.az)

)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar