ZİYA MƏMMƏDOVDAN "XƏZƏR ADALARI"NA QADAĞA - "İki həftədir süni maneələr yaradılır"

“İnanıram ki, Ziya Məmmədov bu kiçik problemin aradan qaldırılmasına öz köməkliyini göstərəcək”

“Avesta” konserninin prezidenti, iş adamı Hacı İbrahim Nehrəmlinin “Khazar Island” (“Xəzər adaları”) layihəsində problemlər yaranıb. İki həftəyə yaxındır ki, dənizi qurutmaq üçün kənardan torpaq daşınmasına süni maneələr yaradılıb.

Bu barədə “Yeni Müsavat”a danışan Hacı İbrahim qeyd etdi ki, bu günə kimi dənizdə süni ada yaradılması üçün kənardan daş-torpaq daşınıb: “İndiyə qədər Bakıdan kənardan və bir də dənizə yaxın böyük təpəlikdən daşıyırdıq. İki həftədir süni maneələr yaradılır. Guya qum, torpaq daşıyan maşınlarımız yolları dağıdır.

Bizim maşınlar heç bir magistral yola çıxmır. Ara yollardan keçib torpağı daşıyır. Əgər maşınlarımız yolu dağıdırsa, mən həmin yolu təmir etməyə hazıram. Guya yolları ağır tonnajlı maşınlar dağıdır. Ona görə bu dəqiqə maşınlara 5 kubdan artıq torpaq daşımağa icazə vermirlər. Bu da bizim işimizə mane olur.”

Hacı İbrahimin sözlərinə görə, yaranmış vəziyyətə görə Qubada iki qum-çınqıl karxanasını bağlamaq məcburiyyətində qalıb: “Quba, Xaçmazdan qrabel, qum gətirə bilmirik. Deyirlər ki, qanunda yolların sağlam saxlanması, qorunması haqqında müddəa var. Guya bizim maşınlar da həmin yolları dağıdır. Ancaq bu, təkcə mənimlə bağlı deyil. Ümumiyyətlə, 5 kubdan çox yük daşımağa qoymurlar. Yüklərin əsasən dəmir yolu ilə daşınmasına icazə verilir. Onlar da fürsətdən istifadə edib, tarifləri 35 faiz artırıblar. Üstəlik yükləri daşımaq üçün yük vaqonları çatışmır. Yük vaqonu çatışmır deyə qum daşımağın qiyməti 35 faiz artıb. Belə getsə, yaxın vaxtlarda tikinti sektorunda böhran yaranacaq. Yük maşınlarına qadağa qoyulub, dəmiryolu ilə də çatdırmaq olmur”.

İş adamı problemlə bağlı nəqliyyat naziri Ziya Məmmədova müraciət etdiyini bildirdi: “İnanıram ki, məsələ müsbət həllini tapacaq. Cənab nazirə məktub göndərmişəm. Ziya müəllim mənim çoxdankı dostumdur, o da bu ölkədə qurub-yaradan məmurlardandır. Ümidvaram ki, o, mənim bu xırda problemimin həllinə köməklik göstərəcək, 300 metrlik magistral yolun təmirini mənə həvalə edəcək və bununla da hər şey öz həllini tapacaq”.

Hacı İbrahim yaranmış problemin layihənin inşasına mane olmadığını və martın 20-dən sonra adadakı mənzillərin satışına başlanacağını söylədi. (Musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar