PREZİDENT ADMİNİSTRASİYASINDAKI YENİ ŞÖBƏ KİMİ “VURACAQ”? – “Radikallara” qarşı total hücum

 Azərbaycan hakimiyyəti, gec də olsa, ölkədə vəhabilərə qarşı total mübarizəyə başlamaq haqda qərar verib. Bu barədə AzPolitika.info-ya hökumətə yaxın mənbələrdən məlumat daxil olub.

Bu barədə danışmazdan öncə xatırladaq ki, son vaxtlar Azərbaycandan Suriyaya döyüşməyə gedənlarin sayının artması ölkədə əsas müzakirə mövzularından birinə cevrilib. Həm ictimaiyyət, həm də hökumət təmsilçiləri bunun qarşısının alınması üçün müəyyən addımların atılmasının zəruriliyini vurğulayırlar. Ancaq Suriyada həlak olan azərbaycanlıların sayı hər keçən gün artsa da, dövlət orqanları bu axının qarşısını ala bilmirlər. Əgər 2013-cü ilin əvvəlləri Suriyada döyüşən azərbaycanlıların sayının 100-ə yaxın olduğu güman edilirdisə, indi onların sayı dəfələrlə artıb. Təkcə şimal rayonlarından döyüşmək üçün Suriyaya gedənlərin sayının 300 nəfərdən çox olduğu bildirilir. Onlarla yanaşı Sumqayıtda, Tərtərdə, Tovuzda, Naxçıvanda, Bakıda və ölkənin digər bölgələrində anadan olan vətəndaşların da Suriyada döyüşlərə qatıldığı məlumdur. Bəziləri ailəvi şəkildə Suriyaya gedərək, Əsad rejiminə qarşı döyüşlərdə iştirak edirlər ki, bu da vəziyyətin günbəgün ağırlaşmasından xəbər verir.

Suriyada döyüşlərə qatılan azərbaycanlılar əsasən bir təriqətə- sələfi (vəhabi) təriqətinə mənsub olan vətəndaşlardı. Daha dəqiq desək, vəhabiliyin radikal qanadının tərəfdarlarıdır. Suriyadakı müharibədə azərbaycanlıların sayının getdikcə artması bu təriqətin Azərbaycanda öz sıralarını genişləndirdiyini açıq nümayış etdirir. Halbuki, 2000-ci ilə qədər ölkədə sələfi təriqətinə mənsub insan hardasa tapmaq mümkün deyildi. Bunu 2000-ci ilə qədər Çeçenistanda baş verən iki müharibənin heç birində azərbaycanlı sələfilərin iştirak etməməsi də təsdiqləyir. Həmin vaxt dünyanın müxtəlif ölkələrindəki radikal sələfilər Çeçenistana toplaşırdrılar.

Yalnız 2001-ci ildə Kənan Şabanov və 14 nəfərdən ibarət dəstə Rusiyaya qarşı vuruşan çeçen mücahidlərinə kömək etməkdə günahlandırılaraq həbs olunmuşdu.

Bu faktlar təsdiqləyir ki, Azərbaycanda sələfi cərəyanı son 10-12 ildə yayılmağa başlayıb. Ancaq belə qısa müddətdə sıralarına ÖLMƏYƏ HAZIR olan 100-lərlə insanı qata bilmələri, onların sayının getdikcə artması yaxın gələcəkdə Azərbaycan üçün necə ciddi təhlükəsizlik problemləri yarada biləcəyini ortaya qoyur.

Nəzərə alsaq ki, müsəlman dünyasında, o cümlədən Azərbaycanda məzhəb ayrıseçkiliyini dərinləşdirmək istəyən xariçi qüvvələr var, özlərindən qeyrisini müsəlmam hesab etməyən RADİKAL VƏHABİLƏRİN artmasının hansı ağır nəticələr verə biləcəyini xüsusi qeyd etməyə ehtiyac qalmaz...

Ancaq təəssüf ki, dövlət qurumları uzun müddət bu təhlükəni görməzdən gəliblər.

Bu istiqamətdə həyata keçirilən tədbirlər isə bilərəkdən və ya bilməyərəkdən elə bir şəkildə aparılıb ki, radikal vəhabilərin sayının daha da artmasına səbəb olub.

Bununla bağlı 2 faktı qeyd edək:

Birincisi, vaxtilə vəhabilərin Bakının mərkəzində böyük məscidi var idi - “Əbu-bəkr ” məscidi. Həmin məscid fəaliyyət göstərərkən, vəhabilər cümə günləri namaz üçün adətən ora toplaşırdılar. Bu da əslində hökumətə onları nəzarətdə saxlamağa, radikallara qoşulmasının qarşısını almağa imkan verirdi. Hər halda o zaman vəhabilər arasında böyük nüfuzu olan məscidin axundu Hacı Qamət və tərəfdarları radikallıqdan uzaqdılar. Hacı Qamət o zaman da, elə indi də dindarları silahdan, terrordan uzaq olmağa çağırıb. Dövlət prosesi nəzarətdə saxlamaq baxımından onun sələfilər üzərindəki populyarlığından istifadə edə bilərdi.

Ancaq məsciddə baş verən məlum partlayışdan sonra, dövlət orqanları Bakıda vəhabilərin toplaşdığı əsas ibadətgahı qapatdı. Bu da paytaxtdaki sələfilərin fərqli məkanlara üz tutmasına səbəb oldu. Nəticədə onların bir çoxu radikallığı təbliğ edənlərin təsiri altına düşdü. Yəni, dövlət orqanları məscidi qapadaraq vəhabiliyin yayılmasının qarşısını alacağını düşünürdülərsə, əksinə, onun daha da populyarlaşmasına və radikallaşmasına səbəb oldular.

İkincisi, sələfi cərəyanına qoşulanların böyük əksəriyyəti qanunlara tabe olaraq gündəlik qayğılarıyla yaşadıqları halda, bəzi güç strukturları, xüsusən də polis orqanları tərəfindən müəyyən təzyiqlərə, təhqirlərə məruz qoyuldular. Ötən illərdə sadəçə sələfi təriqətinə mənsub olduğu üçün polis məntəqəsinə çağrılaraq incidilənlərə, təhqiramiz şəkildə saqqalı qırxılanlara dair soxsaylı məlumatlar yayılıb. Bu cür münasibət də təbii ki, vəhabiliyin radikal qanadına qoşulanların sayının artmasına səbəb olub.

Əlbəətə, Azərbaycanda radikallaşan sələfilərin sayının artmasında başqa faktorlar da olub. Radikalların ölkədə həyat səviyyəsinin ağırlığından istifadə edərək, bəzi insanları ilk əvvəl pulla şirnikləndirərək öz sıralarına qatması faktları da var. Elə bu gün də Suriyaya yollanan azərbaycanlıların bəziləri sadəcə din uğrunda (hər halda onlar belə qəbul edir-müəl.), təmənnasız vuruşurlarsa (belələrin içərisində hətta imkanlı ailələrin övladlarına da rast gəlmək olar), digərləri vəd edilən pula görə (həlak olduğu təqdirdə pul onun ailəsinə çatdırılır) bu savaşda iştirak edirlər...

Ancaq hansı şərtlərlə olursa-olsun, Suriyada savaşan azərbaycanlıların - radikal vəhabilərin sayının artması ölkəmizə yaxşı heç nə vəd etmir. Xüsusən nəzərə alsaq ki, savaş bitdikdən sonra sağ qalanlar yenidən Azərbaycana qayıdacaqlar...

Qeyd etdiyimiz kimi, xarici qüvvələr belələrindən istifadə edərək Azərbaycanda gələcəkdə müxtəlif səviyyəli təlatümlər yarada bilərlər.

AzPolitika.info-ya daxil olan məlumatlar göstərir ki, gec də olsa hakimiyyət bu təhlükəni görməyə başlayıb və ona qarşı mübarizə aparmaq qərarına gəlib.

Belə ki, hökumətə yaxın mənbələrdən saytımıza daxil olan məlumata görə, radikal dini təriqətlərin Azərbaycanda yayılmasının qarşısını almaq üçün Prezident Administrasiyasında xüsusi şöbə yaradılıb. Şöbənin başına Milli Təhlükəsizlik Nazirliyinin ehtiyatda olan polkovniklərindən biri gətirilib (Onun ad-soyadını dəqiqləşdirməyə çalışırıq). Bu şöbənin əsas işi Azərbaycanda radikal sələfiliyin daha da yayılmasını əngəlləmək üçün tədbirlər planı işləyib hazırlamaqdır. Güç strukturlarının bu istiqamətdəki fəaliyyətləri də həmin şöbənin nəzarətində olacaq.

Bir qədər əvvəl Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsində müzakirəyə çıxarılan Cinayət Məcəlləsinin 114-cü maddəsinə edilən dəyişikliklərin bu şöbə tərəfindən hazırlandığı bildirilir. Qeyd edək ki, həmin dəyişikliklərdə Azərbaycandan kənarda silahlı münaqişələrdə iştiraka görə cəzalar sərtləşdirilir. Cinayət Məcəlləsinin 114-cü maddəsinə edilən dəyişikliyə əsasən muzdlular yığma, onlara təlim keçmə, maliyyələşdirmə, habelə onlardan hərbi münaqişədə və hərbi əməliyyatlarda istifadəyə görə də cəzalar artırılıb 8 ildən 12 ilədək olacaq.

Ancaq radikal vəhibilərə qarşı mübarizə yalnız güc strukturları vasitəsilə aparılmayacaq. Eyni zamanda onların iqtisadi dayaqlarının sıradan çıxarılması da nəzərdə tutulur. Belə ki, AzPolitika.info-ya verilən məlumata görə, Vergilər Nazirliyinin tərkibində sır bu işlə məşğul olacaq yeni idarə yaradılıb. Vergilər Nazirliyində yaradilan idarəyə də təhlükəsizlik mütəxəssislərinin cəlb olunduğu bildirilir. Məlumata görə, bu idarənin qarşısına vəhabilərin maliyyə qaynaqlarını müəyyən edərək, sıradan çıxarmaq vəzifəsi qoyulub.

Məsələ ondadır ki, hazırda vəhabiləri maliyyələşdirən kifayət qədər böyük kapitala malik iş adamları, yüksək rütbəli və orta səviyyəli məmurlar, onların övladları var. Məsələn, bizə verilən məlumata görə, kifayət qədər nüfuzlu şəxslərdən birinin yeznəsi olan iş adamı Suriyaya gedən vəhabiləri maliyyələşdirir.

Eyni zamanda bəzi iş adamları və məmurların qorxularından hər ay vəhabilərin hasablarına pul yatırdıqlarına dair iddialar var.

Vergilər Nazirliyindəki şöbənın də əsas vəzifəsinin bu cür şəxsləri ortaya çıxararaq, onların vəhabilərə dəstəyini kəsməkdir.

Əlbəttə, Azərbaycanda radikal vəhabilərin sayının artmasına qarşı hökumətin tədbirlər almağa başlaması, belə görünür ki, müvafiq dövlət strukturlarının fəaliyyətini yetərli saymayıb bu istiqamətdə xüsusi qurumlar yaratması başadüşüləndir. Hətta gecikmiş addımdır.

Statistik məlumatlara inansaq, vəhabilərin sayı yalnız son 5 ildə 100% artaraq 70 min nəfərə çatıb.

Ancaq nəzərə alaq ki, təsir əks təsirə bərabərdir. Bu baxımdan vəhabiliyin yayılmasının qarşısını almaq üçün zorakı vasitələrdən istifadə də son dərəcə təhlükəlidir. Ona örə də sələfilərin radikallaşmasının qarşısını almaq, eləcə də gənclərin radikallara qoşulmaması üçün ilk növbədə hazırda sıfır səviyyəsində olan dini marifçiliyi gücləndirmək lazımdır.

Problemin birdəfəlik həlli isə təbii ki, ölkədə demokratik və ədalətli cəmiyyət quruculuğuna bağlıdır...

Murad Məmmədov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar