RZA ZƏRRABIN CİNAYƏT DOSYESİ... - Azərbaycanın da adı keçir

ABŞ Ədliyyə Nazirliyi İran əsilli azərbaycanlı milyader, martın 19-da Florida ştatının kurort şəhəri Mayamidə həbs olunan Rza Zərraba qarşı irəli sürülmüş rəsmi ittihamın tam mətnini və ittihama əlavə edilmiş dəlilləri ictimaiyyətə açıqlayıb. Virtualaz.org ABŞ və Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, 33 yaşlı Rza Zərrab və onunla birlikdə həbs olunan İran vətəndaşları, 29 yaşlı Kamelya Cəmşidi və 65 yaşlı Hüseyn Nəcəfzadəyə (Mellat Exchange şirkətinin rəhbəri) qarşı irəli sürülmüş ittiham aktına əsasən sübhəlilər İrana qarşı tətbiq edilmiş sanksiyaları neytrallaşdırmaq üçün irimiqyaslı saxtakarlıq, qeyri-leqal pulların transferi və ABŞ banklarına qarşı dələduzluq da daxil olmaqla sistemli fəaliyyət həyata keçiriblər.

Rza Zərrab və ortaqlarına qarşı dörd əsas ittiham irəli sürülüb: ABŞ-a qarşı dələduzluq və saxtakarlıq, Beynəlxalq Təxirəsalınmaz İqtisadi Qüvvə Qanununu (Emergency Economic Powers Act) pozmaq, bank sisteminə qarşı saxtakarlıq, qeyri-leqal pulların transferi və leqallaşdırılması.

İttiham aktına əsasən Rza Zərrab Türkiyə və Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatdan keçmiş çoxsaylı şirkətlərin sahibi və rəhbəri kimi təsbit olunur. Bunların arasında Türkiyədə qeydiyyatdan keçmiş “Royal Holding”, “Durak Döviz Exchange” kimi şirkətlər də var. Rza Zərrab bu şirkətlər üzərindən İranın sanksiyalar tətbiq edilmiş şirkətləri və bankları ilə əlaqələr qurub, İrana aid pulların öz şirkətləri üzərindən transferini həyata keçirib və bu zaman saxta bank əməliyyatlarından istifadə edib.

İttiham aktına əlavə edilmiş dəlillər arasında Rza Zərrabın elektron poçt yazışmaları da var. Həmin elektron yazışmalarda Rza Zərrabın İrana aid pulların müxtəlif şirkətlər üzərindən necə transfer edildiyinə dair faktlar əksini tapıb.

2011-ci il mayın 24-də “Mellat Exchange” şirkətindən adı göstərilməyən səlahiyyətli şəxsin Rza Zərraba göndərdiyi, “Çox təcili!!!” başlıqlı məktubda göstərilir ki, ABŞ Maliyyə Nazirliyi sanksiyalarla bağlı Amerika banklarından birinin 3 milyon 711 min avroluq pul transferini dayandırdığı göstərilir.

2011-ci il dekabrın 3-də Rza Zərrabın imzalaması üçün nəzərdə tutulan, onun və Hüseyn Nəcəfzadənin poçtuna göndərilmiş, İran Mərkəzi Bankının direktoruna xitabən fars dilində yazılmış məktub da ittiham aktına əlavə edilib.

Bu məktubda İranda sanksiyalara qarşı elan edilən “iqtisadi cihad”a istinad edilir və Zərrab ailəsinin sanksiyaları neytrallaşdırmaq üçün gördüyü hazırlıqlardan bəhs olunur. Həmin məktubda deyilir ki, Zərrab ailəsi İrana qarşı sanksiyaları neytrallaşdırmaq üçün Azərbaycan da daxil olmaqla bəzi ölkələrdə şirkətlər açıb.

Sitat:“Böyük Liderimiz Ayətullah Xamneyinin və Mərkəzi Bankın hörmətli rəhbərlərinin sanksiyalar qarşısında oynadığı rol, sanksiyaları təsirsiz hala gətirib, hətta onları özəl metodların istifadə edilməsi sayəsində əlverişli fürsətə çevirib. Əsas fəaliyyətin sanksiyaların artırılmasına və sərtləşdirilməsinə yönəldiyi sirr deyil və İran İslam İnqilabının müdrik liderinin bu il İqtisadi Cihad ili olacağını elan etməsindən bəri, valyuta məsələsində yarım əsrlik təcrübəyə malik Zərrab ailəsi Türkiyədə, Birləşmiş Ərəb Əmirliklərində, Rusiyada və Azərbaycanda şöbələr açıb, maliyyə və valyuta sanksiyalarına qarşı siyasətin həyata keçirilməsi üçün hər cür əməkdaşlığa hazır olduğumuzu milli və əxlaqi vəzifəmiz olaraq bildiririk...”

Rza Zərraba qarşı ittihamı elan edən Nyu York federal prokuroru Prit Bharara Twitter bloqunda yazıb ki, şübhəlilər Mayami həbsxanasından Nyu Yorka transfer ediləcək və Manhetten məhkəməsi qarşısında cavab verəcək. ABŞ Ədliyyə Nazirliyinin rəsmisi isə deyib ki, Rza Zərrab iki həftə sonra Mayamidə yenidən məhkəmə qarşısına çıxarılacaq. Bu zaman onun cinayət dosyesi ilə birlikdə Nyu Yorka transfer edilməsi məsələsinə baxılacaq.

Bildirilir ki, Rza Zərrab özünü müdafiə etmək üçün vəkillər ordusu tutub. Onu ilk məhkəmə prosesində məşhur hüquq şirkəti “Baker&McKenzie”nin Mayami ofisindəki ortağı Li Stapleton müdafiə edib. Lakin Rza Zərrabın girov müqabilində azadlığa buraxılması barədə vəsadət təmin olunmayıb. Vəkil Stapleton Rza Zərrabın nədən Mayamiyə gəldiyi haqda jurnalistlərin suallarına cavab verməyib.

****************

İran əsilli azərbaycanlı iş adamı Rza Zərrab ABŞ-ın Florida ştatının Mayami şəhərində həbs olunub. ANS PRESS-in məlumatına görə, Zərrab İrana qarşı tətbiq edilmiş sanksiyaları pozmaqda, İran hakimiyyətinə aid pulların yuyulmasını təşkil etməkdə və digər iqtisadi cinayətlərdə ittiham olunur.

Rza Zərrabın Mayamidəki villasında Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları tərəfindən həbs olunduğu bildirilir. Onun barəsində məhkəmə tərəfindən həbs qərarı çıxarılıb. Nyu York prokuroru Prit Bharara, ABŞ ədliyyə nazirinin milli təhlükəsizlik məsələləri üzrə müavini Con Karlin və FTB direktorunun müavini Dieqo Rodrigezin verdiyi birgə bəyanata əsasən 33 yaşlı Zərrab iki İran vətəndaşı-Kamelia Cemşidi və Hüseyn Nəcəfzadə ilə birlikdə İran hökumətinin xeyrinə saxtakarlıq həyata keçirməkdə, yüz milyonlarla dolları saxta sənədlərlə banklar üzərindən transfer etməkdə şübhəli bilinir.

Hakim Riçard Berman hər üç şübhəli üçün üst-üstə 75 il həbs cəzası tələb edib. Rza Zərrabın martın 19-da yaxalandığı və ertəsi gün məhkəmə qarşısına çıxarıldığı məlum olub. Onun barəsində irəli sürülmüş 21 səhifəlik rəsmi ittiham aktında deyilir ki, Rza Zərrab və digər iki İran vətəndaşı illər boyu İrana qarşı tətbiq edilmiş beynəlxalq sanksiyaları pozublar. Dünya miqyasında çirkli pulların leqallaşdırılması əməliyyatlarını həyata keçiriblər.

FTB direktorunun müavini Rodrigezin bildirdiyinə görə Rza Zərrab və digərləri 2010-cu ildən 2015-ci ilə qədər beş il ərzində İran şirkətləri adından maliyyə fəaliyyətləri həyata keçirib və bununla İran qarşı tətbiq edilmiş sanksiyaları pozub.

İttiham aktına əsasən Rza Zərrabın işbirliyi qurduğu İran şirkətləri ABŞ-ın sanksiyaları altında olub. Bunların arasında İran Milli Bankı, İnqilab Keşikçiləri Korpusuna bağlı NİOC neft şirkəti, "Naftiran İntertrade Company Ltd" (NİCO), inşaat və enerji şirkəti "MARNA Group" və digərləri yer alır. Rza Zərrabın sxeminin Türkiyə hissəsində yer alan şirkətlər isə "Royal Holding", "Durak Döviz Exchange", "Al Nafees Exchange", "Royal Emerald İnvestments" və digərləri var.

Rza Zərrab 2013-cü ilin dekabrında antikorrupsiya əməliyyatı zamanı bəzi nazirlərin yaxınları ilə birlikdə həbs olunmuşdu. İttiham aktında deyilirdi ki, Rza Zərrab İrana aid tonlarla qızılın və milyardlarla dolların Türkiyə üzərindən transferini həyata keçirmək üçün nazirlər də daxil olmaqla yüksək vəzifəli şəxslərə rüşvət verib. Lakin daha sonra Ərdoğan fətullahçı qruplaşmaya qarşı cavab hücumunu başlatdı və Rza Zərrab azadlığa çıxdı. Nazirlərə qarşı irəli sürülən ittihamlar üzrə istintaq isə yarımçıq qaldı. Lakin belə görünür ki, ABŞ xüsusi xidmət orqanları Rza Zərraba və ortaqlarına qarşı gizlicə istintaq aparırmış...

Rza Zərrabın və ortaqlarının ABŞ-da yaxalanması Türkiyə hakimiyyətinə ciddi zərbədir. Çünki Rza Zərrabın AKP hökumətinin azı 4 naziri ilə korrupsiya əlaqələrinə girərək İrana aid pulların beynəlxalq sanksiyalardan yayındırılmasını təşkil etdiyi məlumdur.

İttiham aktını elan edən FTB direktorunun müavini Rodrigez deyib ki, elan edilən ittihamlar Rza Zərrab və digərlərinin əsl ortaqlarını gizlətməyə çalışanlara mesajdır. Bununla Rza Zərrabın Türkiyə hakimiyyəti ilə əlaqələrinə eyham vurulduğu şübhəsizdir. Məlumata görə iş üzrə daha iki İran vətəndaşının barəsində həbs qərarı çıxarılıb, lakin onları yaxalamaq mümkün olmayıb.

Rza Zərrabla birlikdə həbs edilən qadın Kamelia Cemşidinin İranın İnqilab Keşikçiləri Korpusunun agenti olduğu və Türkiyə üzərindən pulların transferinə nəzarət etmək üçün təhkim edildiyi bildirilir. O, 2013-cü il dekabrın 17-də Rza Zərrabın həbs edildiyi antikorrupsiya əməliyyatı zamanı xaricə qaçmağa imkan tapıb. Türkiyə mətbuatı xəbər verir ki, Rza Zərrabın İrandakı ortağı, barəsində milyardlarla dollarlıq dələduzluq ittihamı ilə edam cəzası çıxarılan Babək Zəncani istintaq zamanı Türkiyə üzərindən həyata keçirilən pul transferi barədə bütün detalları danışıb

***

İran əsilli iş adamı Rza Zərrab martın 19-da ABŞ-da Mayamidə Federal Təhqiqat Bürosu tərəfindən həbs olunub.

APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, o, İrana qarşı olan sanksiyaları pozaraq, ABŞ-da dələduzluq, bank saxtakarlığı və çirkli pulların yuyulmasında təqsirləndirilir. R.Zərrabla yanaşı, İran vətəndaşları Kamelia Cəmşidi və Hüseyn Nəcəfzadə də saxlanılıblar. Onlar İran hökumətinin xeyrinə ABŞ-a qarşı dələduzluq edərək 100 milyonlar dollarlıq bank əməliyyatları aparmaqda ittiham edilirlər. Prokurorluq onların hər birinə ABŞ-a qarşı dələduzluq ittihamı ilə 5, İrana qarşı sanksiyaları pozduqları üçün 20, bank saxtakarlığı üçün 30 və çirkli pullarının yuyulması səbəbi ilə 20 il olmaqla ümumilikdə 75 il azadlıqdan məhrum etmə cəzası təyin olunmasını istəyib.

Xatırladaq ki, Rza Zərrab Türkiyədə 17 dekabr 2014-cü il tarixində aparılan rüşvət əməliyyatlarında saxlanılaraq 70 gün həbs həyatı yaşayıb, sonra azadlığa buraxılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar