İRAN GENERALININ BAKI SƏFƏRİNDƏ BÖYÜK QALMAQAL – Özəl

İran Sərhəd Qoşunlarının komandanı razılaşdırılmış proqramı pozaraq Heydər Əliyevin məzarını ziyarət etməkdən imtina edib!

İran İslam Respublikası Sərhəd Qoşunlarının komandanı, general Hüseyn Zülfüqarinin Azərbaycana sentyabrın 16-17 tarixlərində baş tutan iki günlük rəsmi səfəri zamanı görünməmiş qalmaqal baş verib. Bu barədə AzPolitika.info-ya hökumətdəki etibarlı qaynaqlardan məlumat daxil olub.

Qeyd edək ki, general Zülfüqari Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin rəsmi dəvəti ilə Bakıya səfər edib. Zülfüqari iki günlük səfər zamanı azərbaycanlı həmkarı Elçin Quliyev və digər rəsmilərlə görüşlər keçirib.

Rəsmi məlumata görə, səfərdə məqsəd iki ölkə arasında sərhədlərin təhlükəsizliyinin təmin olunması və narkotiklərlə mübarizə məsələlərinin gücləndirilməsinin müzakirəsi olub.

Lakin bizə verilən məlumatlardan belə görünür ki, yüksək rütbəli İran generalının Bakıya rəsmi səfərinə damğasını vuran hadisə qonaqla azərbaycanlı həmkarı arasında baş verən mübahisə olub. Belə ki, general Hüseyn Zülfüqari protokola salınmasına baxmayaraq, səfərin ilk günündə Heydər Əliyevin məzarını ziyarət eləməkdən imtina edib. Qonaq bununla bağlı heş bir izahat verməyib və sadəcə olaraq Fəxri Xiyabana, ardınca isə Şəhidlər Xiyabanına getməkdən imtina edib. Baxmayaraq ki, bir daha qeyd edirik, İran səfirliyi ilə əvvəlcədən razılaşdırılmış səfər proqramında Heydər Əliyevin məzarının və Şəhidlər Xiyabanının ziyarəti öz əksini tapıbmış.

Məlumata görə, İran generalının bu hərəkəti böyük qalmaqala səbəb olub. Elçin Quliyevin Hüseyn Zülfüqari ilə birbaşa danışıqları da nəticə verməyib. Bundan sonra Azərbaycan Sərhəd Xidmətinin rəisi səfər proqramının razılaşdırıldığı İran səfirinə şikayət edib və proqrama əməl olunmasını tələb edib. Deyib ki, “məni prezidentin qarşısında pis vəziyyətə qoyursunuz”. Lakin səfir Möhsün Pak Elçin Quliyevin diqqətinə çatdırıb ki, “böyük ağaların” işinə qarışmaq, onlara təsir etmək səlahiyyəti yoxdur.

Belə olduqda səfər proqramına dəyişiklik edilib və Heydər Əliyevin məzarının, həmçinin Şəhidlər Xiyabanının ziyarəti ordan çıxarılıb. Buna baxmayaraq, nümayəndə heyətləri arasında gərginlik 2 günlük səfər ərzində davam edib və nəticədə Hüseyn Zülfüqarinin Azərbaycan Sərhəd Xidmətinin Akademiyasına nəzərdə tutulan ziyarəti də baş titmayıb.

Bütün bu məlumatlar Hüseyn Zülfüqarinin Bakıya səfəri ilə bağlı KİV-in məlumatlarından da təsdiqini tapır. Bu məlumatlarda qonağın Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etdiyinə dair heç bir qeyd və fotofakt mövcud deyil.

Məlumatla bağlı AzPolitika.info-nun sorğusuna Azərbaycan Sərhəd Xidmətinin mətbuat xidməti qısa cavab verib.

“İran Sərhəd Qoşunları komandanının Azərbaycana səfəri proqrama uyğun keçirilib. Bu barədə DSX-nın mətbuat üçün açıqlaması da olub” deyə, ordan bildirilib.

Əməkdaşımızın İran səfirliyi ilə məlumatı dəqiqləşdirmək cəhdləri isə səfirliyin mətbuat katibi Bakıda olmadığından baş tutmayıb.

Sonda qeyd edək ki, Azərbaycana gələn rəsmi qonaqların Heydər Əliyevin məzarının ziyarət etməsi 2004-cü ilin əvvəllərindən protokola daxil edilib. Azərbaycan tərəfi səfər proqramları razılaşdırılarkən bu müddəaya xüsusi diqqət yetirir və nadir hallarda güzəştə gedib.

Mənbəmiz əminliklə bildirir ki, İran səfirliyi ilə razılaşdırılmış proqramda general Hüseyn Zülfüqarinin Heydər Əliyevin məzarını ziyarət etməsi öz əksini tapmışdı.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar