TAĞI ƏHMƏDOVUN "VURULMASININ" SENSASİYALI PƏRDƏARXASI - Metropoliten şefini öz işçisi ələ verib!

Metronun keçmiş rəhbərinin varidatı 200 milyon manat qiymətləndirilib!

Respublika Prokurorluğu və Vergilər Nazirliyi Bakı Metropolitenində genişmiqyaslı yoxlamalara başlayıb.

Hüquq-mühafizə orqanlarından “Qafqazinfo”ya daxil olan xəbərə görə, yoxlama korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində həyata keçirilir. Buna səbəb metropolitenin keçmiş rəisi Tağı Əhmədovun rəhbərliyi dövründə külli-miqdarda vəsaitin dövlət büdcəsindən yayındırılması olub. Məlumatda bildirilir ki, ötən ilin sonlarında dövlət orqanlarına Bakı Metropolitenində külli-miqdarda vəsaitin mənimsənildiyi barədə məlumat daxil olub. Aparılan ilkin araşdırma məlumatın əsaslı olduğunu üzə çıxarıb. Məsələ barədə prezident İlham Əliyevə məruzə olunduqdan sonra Tağı Əhmədovun vəzifədən azad edilməsi və onun rəhbərlik etdiyi qurumda yoxlamalar başlanması barədə qərar qəbul olunub.

Yoxlama nəticəsində müəyyən edilib ki, metropolitendən və geniş ticarət şəbəkəsindən hər il əldə olunan 11-12 milyon manat vəsait müxtəlif vasitələrlə dövlət büdcəsindən və vergidən gizlədilib və mənimsənilib. O da bəlli olub ki, metroda fəaliyyət göstərən ticarət obyektlərinin tam əksəriyyəti Tağı Əhmədovun ailə üzvlərinin, qohumlarının və ona yaxın olan şəxslərin adlarına rəsmiləşdirilib. Yaxın zamanlarda yoxlamanın nəticələrinin ictimailəşdiriləcəyi və T.Əhmədovun həbs olunacağı gözlənilir.

Musavat.com-un məlumatına görə isə, Tağı Əhmədova qarşı artıq cinayət işi açılıb. Onun istintaqa ifadə verdiyi də bildirilir. Mənbə deyib ki, sabiq metropoliten rəisinin həbs olunması ehtimalı realdır.

Qeyd edək ki, T. Əhmədovun həbs olunacağı ehtimalı ilə bağlı bir qədər əvvəl də məlumat yaymışdıq. Həmin məlumatda və eyni zamanda indicə bizə daxil olan xəbərdə bildirilir ki, 2010-cu ildə "Azadlıq Radiosu"nun “İşdən sonra” verilişində müsahibəsində Tağı Əhmədov metropoliten ərazisindəki ticarət obyektlərində 2 min adamın çalışdığını və ayda 70 min, ildə isə 840 min manat gəlirin əldə olunduğunu bildirmişdi. Metropoliten rəisi demişdi ki, həmin vəsait metronun tələbatlarına sərf olunur. Həmçinin T.Əhmədov həmin obyektlərin onun ailə üzvlərinə və qohumlarına aid olduğu barədə məlumatı təkzib etmişdi. Son açıqlamalarda T.Əhmədov ticarətdən əldə olunan illik gəlirin 450 min manata yaxın olduğunu iddia etmişdi.

Onu da xatırlatmaq istərdik ki, metropolitenin yeni rəisi Zaur Hüseynovun göstərişi ilə metro ərazisindəki bütün ticarət obyektlərinin sahiblərinə müqavilələrin müddətinin uzadılmayacağı barədə xəbərdarlıq edilib.

AzPolitika.info-ya bu məlumatın bəzi təfərrüatları haqda maraqlı məlumatlar daxil olub. Məlumatlı mənbənin bizə bidirdiyinə görə, ötən ilin sonlarında, yəni 3-4 ay əvvəl Tağı Əhmədovu öz işçisi ələ verib. Belə ki, həmin vaxt T.Əhmədov aralarında yaranmış anlaşılmazlıq səbəbindən Metropolitendə ticarətin təşkilindən cavabdeh olan Zakir adlı işçisini işdən çıxarıb. Lakin keşmiş işçisi T.Əhmədova bunu bağışlamayıb və qisasçılıq zəminində metro ticarətindəki maxinasiya ilə bağlı bütün məlumatları Prezident Administrasiyasına təqdim edib. Bu məlumatlarda T.Əhmədovun külli miqdarda vəsaiti mənimsədiyi haqda dəlillər, faktlar öz əksini tapıb.

Bu hadisə o vaxta təsadüf edib ki, bir sıra məsələlərə, o cümlədən metroda qəzet satışının məhdudlaşdırılmasına görə T.Əhmədov açıq şəkildə "yuxarını" günahlandırdığına görə, hakimiyyətin üst qatında ondan ciddi narazılıq olub. Belə bir vaxtda T.Əhmədovun işçisinin təqdim etdiyi məlumatların araşdırılmasına qərar verilib və bu məlumatlar öz təsdiqini tapıb.

Bizə verilən məlumata görə, Metropolitenin yeni rəhbəri işə başladığı gün T.Əhmədovu ələ verən Zakir adlı keçmiş işçisini öz qəbuluna çağırıb...

Metro ticarəti ilə bağlı digər maraqlı məlumat ondan ibarətdir ki, bəzi stansiyalarda ticarətdən əldə olunan gəlir başqa-başqa iri məmurların cibinə axıb. Məsələn, bizə verilən məlumata görə, ən çox ticarət obyektlərinin olduğu "20 Yanvar", həmçinin "Xalqlar Dostluğu"  metrostansiyalarındakı ticarətin Tağı Əhmədova aidiyyatı olmayıb.

Lakin belə istisnalar ümumi vəziyyəti dəyişmir, metro ticarətindən əldə olunan külli miqdarda vəsait Tağı Əhmədovun nəzarətində olub. Mənbənin bildirdiyinə görə, Tağı Əhmədovun "Qara Qarayev" stansiyasında rəis müavini işləyən qardaşı oğlu Şövqi Əhmədovun nəzarəti altında olan "Həzi Aslanov", "Əhmədli", "Qara Qarayev" metrostansiyalarında aylıq toplanılan vəsait bir neçə yüz min manat olub.

Bəzi məlumatlara görə, hakimiyyət Tağı Əhmədovu həbs etmək niyyətində olmasa da, onun müflisləşdirilməsinə qərar verib. Lakin "yeraltı dünyanın" keşmiş şefi müqavimət göstərəcəyi halda həbsi qaçılmaz olacaq.

Mənbə onu da deyir ki, Tağı Əhmədovun varidatı təxminən 200 MİLYON MANAT qiymətləndirilib.

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar