"DEYİRLƏR Kİ, NÖVBƏ RƏİSİNİ VURMUŞAM" - Əylisliyə cinayət işi açıldı + VİDEO

Yazıçı Əkrəm Əylisliyə qarşı Azərbaycan Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb.

Bu barədə “Turan” agentliyinə onun oğlu Nəcəf bildirib.

Əylisl sərhəd xidmətinin əməkdaşına qarşı zorakılıqda ittiham olunur.

Bununla belə, yazıçının pasportunu qaytarıblar.

CM-in 221.1-ci maddəsi üzrə 160 saatdan 200 saata qədər ictimai iş və ya 1 ilə qədər islah işləri, yaxud 1 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Yazıçı Əkrəm Əylisli martın 30-da Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanında saxlanılmasının detallarını açıqlayıb. Ə. Əylisli APA-ya bildirib ki, hava limanında saxlanılarkən münaqişə yaratmayıb: “Ömrümün ən azı 60 ilini yazıçı həyatı yaşamışam. Bundan sonrakı həyatımın kiçicik parçasını da yazıçı kimi yaşamaq istəyirəm. Aeroportda mənimlə bağlı baş verən hadisənin nəyə və kimə lazım olduğunu anlamaqda çətinlik çəkirəm. Aeroportun polis idarəsində məntiqsiz və mənasız izahat yazıldığının şahidi oldum. Amma bu üsullar artıq köhnəlib. Bu izahat, söz yox ki, məni yolumdan saxlamaq istəyənlərin özlərinə haqq qazandırmaq məqsədi daşıyır".

Ə. Əylisli hər kəsi bir-birinə inanmağa və qorumağa çağırıb: "Sivil dövlət olduğumuza dünyanı inandırmaq üçün bizim bundan savayı yolumuz yoxdur. Sovet dövründə və ondan sonrakı dövrdə neçə-neçə beynəlxalq tədbirdə Azərbaycanı ləyaqətlə təmsil etmişəm. İndi bu missiyadan nəyə görə məhrum edilməliyəm? Buna heç bir səbəb tapa bilmirəm. Əgər bu olanlar “Daş yuxular”la bağlıdırsa, o əsər artıq siyasi kontekstdən çıxıb, ədəbi taleyini yaşayır”.

Ə. Əylisli əlavə edib ki, rəsmi məlumatda göstərilənlər təyyarə yola düşdükdən sonra olub: “Əgər mən hər hansı nalayiq hərəkət etmiş olsaydım, o kameralarda əks olunmalı idi. Ona görə də bizi ayrı otağa apardılar, guya mən kamera olmayan yerdə münaqişə yaratmışam. Mənə izahatı göstərdilər. Aeroportun növbə rəisi izahatında göstərib ki, mən onu vurmuşam, yumruğun yeri qaralıb və bununla bağlı ekspertizanın rəyi də var".

Yazıçı əlavə edib ki, saxlanılarkən xarici pasportu alınıb və geri qaytarılmayıb.

Qeyd edək ki, dünən yazıçı Ə. Əylisli oğlu İlyas Əylisli ilə İtaliyaya gedərkən Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan MansurzadəAPA-nın sorğusuna cavab olaraq bildirib ki, Əkrəm Əylisli buraxılış məntəqəsindən keçərkən əməkdaşlarla münaqişə yaratdığı üçün saxlanılıb.

Yazıçı axşam saatlarında sərbəst buraxılıb.

********

Yazıçı Əkrəm Əylislinin martın 30-da səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılmasının detalları məlum olub. İlkin məlumatda bildirilirdi ki, yazıçı Venesiyada keçirilən kitab festivalına getmək istəyirmiş. Yazıçı saat 5:19-da 613 saylı reyslə Frankfurta uçmalı imiş.

Ə.Əylislinin həyat yoldaşı Qalina Əylisli bildirib ki, yazıçıya ölkədən çıxışına qadağa qoyulduğu deyilib. Amma bu qadağanın nə ilə bağlı olduğu açıqlanmayıb. Q.Əylisinin dediyinə görə, Əkrəm Əylisli böyük oğlu İlyas Əylisli ilə birgə Nəqliyyatda Baş polis İdarəsinin hava limanındakı bölməsində saxlanılır. Saat 9:00-dan bölmədə olan yazıçı və oğlu hələ də oradan buraxılmayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə mediaya açıqlamasında Əkrəm Əylislinin saxlanması faktını təsdiq edib. O, bildirib ki, Ə.Əylisli buraxılış məntəqəsindən keçərkən əməkdaşlarla münaqişə yaratdığı üçün saxlanılıb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Musavat.com-un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumatda yazıçının Almaniyaya uçduğu təsdiqlənib. Mənbə bildirib ki, oğlu İlyas Əylisli orada tədbirdə iştirak etməli imiş. Ancaq bir neçə il öncə yazdığı və geniş rezonansa səbəb olan “Daş yuxular” romanına görə yazıçının ölkədən çıxmasına “stop” qoyulduğundan, onu ölkədən buraxmayıblar. Yazıçı Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə mübahisə edib. DSX əməkdaşları akt tərtib edərək onu polisə təhvil veriblər. Yazıçının oğlu ölkəni tərk etsə də, özünü bir qədər saxladıqdan sonra sərbəst buraxıblar.

*************

Yazıçı Əkrəm Əylisli bu gün səhər Bakı hava limanında saxlanılıb.O, bu gün səhər Venesiyada 30 mart – 2 aprel tarixlərində keçirilən “Incroci Di Civilta” Beynəlxalq ədəbiyyat festivalında iştirak etmək üçün ölkədən çıxmaq istəyib.

Ə.Əylisli saat 5:11-də 613 saylı reyslə uçmalı idi. Amma sərhədçilər onun ölkədən çıxışına qadağa qoyulduğunu bildiriblər.

Həyat yoldaşı Qalina Əylislinin “Turan” agentliyinə bildirdiyinə görə, yazıçıya ölkədən çıxışına qadağa qoyulduğu deyilib. Amma bu qadağanın nə ilə bağlı olduğu açıqlanmayıb.

Q.Əylisinin dediyinə görə, Ə.Əylisli böyük oğlu İlyas Əlyilsi ilə birgə Nəqliyyatda Baş polis İdarəsinin hava limanındakı bölməsində saxlanılır. Saat 9:00-dan bölmədə olan yazıçı və oğlu hələ də oradan buraxılmayıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar