''Borcu olan vətəndaş vəfat edibsə, ipoteka və zaminlik müqaviləsinə xitam verilir''

ekremHüquqşünas Əkrəm Həsənov: ''Ali Məhkəmənin bu qərarını presedent kimi istifadə etmək mümkündür''

“Borcu olan vətəndaş vəfat edibsə, ipoteka və zaminlik müqaviləsinə xitam verilir. Yəni, əmlak girovdan, zamin də zaminlikdən azad olunur”.

Hüquqşünas Əkrəm Həsənov Facebook səhifəsində Ali Məhkəmənin 2015-ci il 6 oktyabr tarixli qərarını paylaşıb və qərardan presedent kimi istifadə etməyin mümkün olduğunu yazıb.

Belə ki, Binəqədi Rayon Məhkəməsi 2005-ci il fevralın 15-də “Qafqaz Lizinq” ASC ilə Baloğlan Məmmədov arasında bağlanan ipoteka müqaviləsinin borclu tərəfin xeyrinə ləğv olunmasına dair qərar çıxarıb.

Apellyasiya Məhkəməsi və Ali Məhkəmə Binəqədi Rayon Məhkəməsinin bu qərarını qüvvədə saxlayıb. Hər üç məhkəmə qərarını Mülki Məcəllənin 422-ci maddəsi(şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsi) ilə əsaslandırıb.

Hüquqşünas yazıb ki, borcu olan şəxs dolayısı ilə, yəni devalvasiyanın şəraiti əhəmiyyətli dərəcədə dəyişdirdiyinə əsaslanıb krediti əvvəlki məzənnə ilə qaytara bilər: “İşin qısa mahiyyəti belədir. Borclu vəfat edib. İpoteka qoyan məhkəməyə müraciət edib ki, borclu vəfat etdiyindən mənzil ipotekadan azad edilsin. Binəqədi Rayon Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi və nəhayət Ali Məhkəmə ardıcıl olaraq ipoteka qoyanın xeyrinə qərar çıxararaq, mənzili ipotekadan azad edib. Məhkəmələr borclunun vəfatını ipoteka qoyan üçün gözlənilməz olduğu və buna görə də şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirib. Bu əsasla da vətəndaşın mənzili ipotekadan azad edilib”.

Ə.Həsənov qeyd edib ki, Ali Məhkəmənin bu qərarından presedent kimi istifadə etmək mümkündür: ”Bu qərardan dolayısı ilə də yararlanmaq olar. Belə ki, məhkəmələrin istinad etdiyi Mülki Məcəllənin 422- ci maddəsində deyilir: şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Bununla belə, məhkəmələr hesab edib ki, ipoteka qoyan borclunun öləcəyini ağlabatan şəkildə əvvəlcədən görə bilsəydi, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdı. Əgər mütləq olacaq ölüm şəraitin əhəmiyyətli dəyişməsidirsə, təbii, olub-olmayacağı bilinməyən ikiqat devalvasiya da şəraitin əhəmiyyətli dəyişməsidir və müqavilə şərtlərinin dəyişdirilməsi (məsələn, kreditin əvvəlki məzənnə ilə qaytarılması) üçün əsasdır”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar